BAKI, 30 dek-Sputnik. 2016-cı il öz uğurları və uğursuzluqları ilə insanların həyatında dərin iz buraxdı. Bu il həm də Azərbaycan üçün çətin sınaqlar ili idi və təəssüf ki, bu sınaqlar 2017-ci ildə də davam edəcək.
Yola saldığımız il Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına qayıdış istiqamətində mühüm bir cəhdlə yadda qaldı. Bu, Azərbaycan ordusunun Lələtəpəni işğaldan azad etdiyi aprel döyüşləri idi. Azərbaycan prezidenti İlham Əliyev və hakimiyyət nümayəndələri Lələtəpə zəfərini çox yüksək qiymətləndirirlər. Çünki həmin hadisə artıq torpaqlarımızın işğaldan azad edilməyəcəyinə inanmağa başlayan azərbaycanlılar üçün gözəl motivasiya oldu.
İlin digər bir hadisəsi də 24-26 iyun tarixlərində Bakıda keçirilən Formula 1 Avropa-Qran Prisi idi. Bu, 2015-ci ildə keçirilmiş I Avropa Oyunlarından sonra Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli ən böyük idman tədbirlərindən biri idi. Formula 1-in keçirildiyi Bakı şəhər Halqası dünyanın nəzərlərini paytaxtımıza cəlb etmişdi. Və bu, həm də xarici turistlərin Azərbaycana axını üçün vəsilə oldu.
İlin digər idman hadisəsi də sentyabrda baş tutan 42-ci Şahmat Olimpiadası idi. Bu Azərbaycan tarixində rekord sayda — 176 ölkənin qeydiyyatdan keçdiyi idman hadisəsi idi. Bu hadisələr Azərbaycana xarici, xüsusilə rus və ərəb turistlərin axını ilə müşayiət olundu.
2016-cı ilin sentyabrında baş verən digər önəmli hadisə isə Konstitusiya dəyişiklikləri ilə bağlı Ümumxalq Səsverməsinin keçirilməsi idi. Konstitusiyada edilən başlıca dəyişikliklər vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin 7 ilə qaldırılması, deputatlıq yaşının 18-ə, prezidentlik yaşının isə 25-ə endirilməsi, prezidentə fövqəladə vəziyyət rejimini elan etmək səlahiyyətinin verilməsi ilə əlaqədar idi.
2015-ci ildə baş verən 2 kəskin devalvasiyanı 2016-cı ildə yumşaq devalvasiya (10%) izlədi. Nəticədə Azərbaycan manatının məzənnəsi dollara nisbətdə rekord səviyyədə aşağı düşdü. Azərbaycan manatın üzən məzənnə rejimindən tam üzən məzənnə rejiminə keçidi barədə qərar qəbul etdi. Azərbaycan manatının devalvasiyaya məruz qalmasına başlıca səbəb onun iqtisadiyyatının neft üzərində qurulması idi. Dünya bazarında neftin qiymətinin sürətlə aşağı düşməsi, milli valyutanı ağır vəziyyətə saldı. Yeri gəlmişkən, 2016-cı ildə dünya bazarında neftin qiymətlərinin ciddi surətdə aşağı düşməsi prosesi davam etdi ki, nəticədə Azərbaycan və bir sıra digər neft ölkələri neft hasilatını aşağı salmaq qərarına gəldilər.
Neft və maliyyə bazarındakı vəziyyət Azərbaycanın bank sektoruna da ciddi təlatümlər gətirdi. Bu il həm də çox sayda bankların bağlanması, iflası və başda Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev olmaqla bankirlərin qalmaqallı məhkəmə işləri ilə yadda qaldı.
Bu il ölkənin maliyyə sektorunda yaranmış böhranla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Bir sıra dövlət qurumlarına, hüquqi şəxslərə "Publik hüquqi şəxs" statusu verildi.
2015-ci ildə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılması ilə başlayan "MTN işi" adlı məhkəmə qalmaqalları da 2016-cı il Azərbaycanda baş verən top hadisələrdəndir.
2016-cı ilin şoku azərbaycanlılar üçün Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabrda təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərini qaldırması idi.
Dekabr ayı 2015-ci ildə olduğu kimi 2016-cı ildə də Azərbaycan neftçiləri və onların ailələri üçün faciələrlə yadda qalıb. Dekabrın 15-də "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin Xəzər dənizindəki 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın dənizə uçması nəticəsində 10 neftçi itkin düşdü. Onlardan yalnız birinin cəsədi çıxarıldı, qalanların isə taleyindən xəbər yoxdur.
İlin sonunda president İlham Əliyev tərəfindən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri təsdiq edildi ki, bu da ölkənin sosial-qitisadi vəziyyətini yaxşılaşdırmağa doğru atlmış addımlardan biri sayılır.
Nəhayət, 2016-cı il Azərbaycanda Multikulturalizm ili elan olunmuşdu. Azərbaycan multikultural ölkə olduğunu isbat etmək üçün xeyli çaba sərf elədi, ölkədə və xaricdə ölkəmizin çoxmədəniyyətli dəyərlərinin təbliği istiqmətində ciddi addımlar atıldı.
Ən əsası isə 2016-cı ildə də Azərbaycanın bir nömrəli problem — Dağlıq Qarabağ və işğal olunmuş ərazilər problem həll olunmamış qaldı.
2016-cı il macəralarla dolu "meymun ili" idi.
Yeni başlayan 2017-ci il isə ay təqvimi ilə Xoruz, günəş təqvimi ilə Dəvə ili hesab olunur. Bu il Azərbaycan üçün son dərəcə çətin və məsuliyyətli bir il olacaq. Ölkənin həm sosial-iqtisadi, həm maliyyə, həm ictimai-siyasi həyatının qaynar proseslərlə izlənəcəyi proqnozlaşdırılır. Bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları və Formula 1 yarışları olacaq. Ölkəyə turist axınının davam edəcəyi gözlənilir. Əgər neftin qiymətlərində azacıq artım müşahidə olunsa, ölkə vəziyyətdən çıxmağı bacaracaq.
Astroloqların iddiasına görə, Xoruz bu dəfə alovludur, ona görə də ulduzlar öz tərəfdaşlarının maraqlarını nəzərə alan aktiv və fəal adamların tərəfində duracaq. Böyük karvanın özündə gedən Dəvə isə böyük ideyalar uğrunda kiçik şeyləri qurban verə bilir. Xoruz da, Dəvə də kollektivcanlıdırlar, elə buna görə də o adamlar ki, tərfdaşları ilə yola gedə bilirlər və ya hansısa kollektivdə işləyirlər onların az da olsa, uğur qazanmaq şansları başqalarından çoxdur. Gələn il münasib təcrübəli, bilikli, bacarıqlı və maddi ehtiyatı olan adamlar üçün uğur gətirəcək. İl az məhsuldar olduğundan, kənd təsərrufatı sahəsində çalışan adamlar iqlim şəraitini nəzərə almalıdılar.
2017-ci il müasirləşmək və yeni istehsal sahələri yaratmaq üçün əlverişlidir. Bununla yanaşı reklam, şou-biznes və ticarət sahəsində müəyyən çətinliklər olacaq. İnsanlar qərar verərkən gərək ciddi götür-qoy eləsinlər.
Gələn il həm də dünyanın qlobal mahiyyətini dəyişdirən hadisələrin ildönümü kimi yadda qalacaq.
2017-ci il çətin il olacaq, amma ruhdan düşməyə dəyməz. Biz çətinliklərə sinə gərməyi, problemləri imkana çevirməyi bacarmalıyıq.
Odur ki, Sputnik Beynəlxalq İnformasiya Agentliyinin kollektivi Azərbaycan xalqını Yeni İl münasibətilə ürəkdən təbrik edir, 2017-ci ildə ona böyük uğurlar, xüsusilə sülh və əmin-amanlıq, torpaqlarının işğaldan azad edilməsini, ərazilərinin bütövləşməsini, qaçqın və məcburi köçkünlərinin öz yurd-yuvalarına qayıtmasını arzulayır!
Yeni İliniz Mübarək!