İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 30 dek — Sputnik. Yeni ilin gəlişi ilə əlaqədar, artıq paytaxtın mağazalarında, alış-veriş mərkəzlərində şam (yolka) ağacları qurulub. Habelə, şəhərin ticarət mərkəzlərində, müxtəlif qiymətlərə şam ağacları və Yeni il aksesuarları satılır.
Sputnik əməkdaşı, metronun "Neftçilər" stansiyası ətrafında satılan bəzək əşyalarının qiymətləri ilə maraqlanıb. Gələn ilin simvolu hesab edilən xoruz fiqurları və oyuncaqlar 5-20 manat, şam ağacları 20-80 manat, Şaxta Baba oyuncaqları 12-30 manat, süni qar 7 manat, Yeni il təbrikləri yazılmış yapışqanlı şəkillər isə 4-20 manat arasında satılır. Burada ən ucuz şam ağacı oyuncağı 70 qəpik, ən bahalı oyuncaq isə 20 manatdır.
Satıcılar deyirlər ki, "Neftçilər" ətrafındakı alış-veriş mərkəzləri və "8-ci kilometr bazarı" kasıb əhalinin büdcəsinə uyğundur. "Biz daimi bu işlə məşğul deyilik. Hər ilin sonuna bir ay qalmış, Yeni ilə aid oyuncaq və aksesuarlar gətiririk. Elə oyuncaqlar alırıq ki, hər cibə uyğun olsun. Pulu olmayanın da üzü gülsün, bayram keçirə bilsin. Bayramdır, qoy hamının evində şənlik olsun. Məsələn, 240 manatı şam ağacına kim verər? Ona görə də bahalı olanlardan çox az gətirmişik. O da kimsə istəyəndə "yoxdur" deməmək üçün", — Vüqar adlı satıcı danışır.
Yeni il bazarlığına oğlu ilə gələn Əsmər Quliyevanın sözlərinə görə, bazarda qiymətlər münasibdir: "20 manata ucuvari bir şam ağacı bəzəmək olar. Bu da uşaqlar üçün çox vacibdir. Onlar üçün həyatı biz maraqlı edirik. Buna görə 20 manatdan keçmək olar. Bu bazar ucuzluqdur. Başqa yerlərdə qiymətlər daha bahadır. Düzdür, deyilənə görə, bütün bunlar Çin mallarıdır, zərərlidir, amma bir dəfəylə heç nə olmaz".
Daha sonra üz tutduğumuz "Sədərək" Tcarət Mərkəzində, "Neftçilər" ətrafı ilə müqayisədə baha olsa da, buranın qiymətləri də "əl yandırmır". Burada şam ağacları 28-300 manat, oyuncaqlar 2-30 manat, Şaxta Baba oyuncaqları 3-30 manat, bəzəkli zərlər 1 manata satılır. Uşaqlar üçün Şaxta Baba geyimlərinin qiyməti isə 8-12 manat arasıdır.
Bazarda qiymətlər münasib olsa da, satıcılar hər zamankı kimi, alıcı qıtlığından narazıdırlar: "Alıcı azdır. Ümumiyyətlə, bazarda alıcı az olur son zamanlar. Devalvasiyadan sonra bazar tamamilə ölüb. Alıcı gəlib qiymətlə maraqlanıb gedir", — Elsevər adlı satıcı gileylənir.
Öyrəndik ki, "Sədərək"də ən ucuz şam ağacı 30 manatadır. Aksesuarları ilə birgə 50 manata başa gəlir. Bu bazarda ən bahalı "yolka" isə 500 manatadır.
Şəhərin mağazalarında isə qiymətlər daha yüksəkdir. Belə ki, mağazalarda şam ağacı 300-2000, şam ağacı aksesuarları 20-100, süni qar 20-30 manata satılır. Satıcı Leyla deyir ki, burada, oyuncaqları ilə bərabər ən ucuz şam ağacı 400 manata başa gəlir.
Belə… Yeni iliniz mübarək!