BAKI, 29 noy — Sputnik. Azərbaycanın əməkdar artisti, Formula 1 Avropa Qran-Prisində marşalların ulduz elçisi Murad Dadaşov, 2016-cı il Formula 1-in mövsüm finalı ilə bağlı təəssüratlarını Sputnik-lə bölüşüb.
— Mövsüm haqqında təəssüratlarınız necədir?
— Dünyada bir nömrəli idman növü olan Formula 1 yarışı bir daha özünü təsdiqlədi. Bir daha anladım ki, burada nəinki idman, eyni zamanda yüzlərlə faktorlar bərabər yarışır. Baxmayaraq ki, yarışmada müxtəlif ölkələr komandalarla təmsil olunur, bu komandaların tərkibində müxtəlif ölkələrin vətəndaşları birləşərək mübarizə aparırlar. Bunun özü də qloballaşmanın bir növüdür.
— Azərbaycanda bu idman növü hələ də lazımınca populyar deyil. Ölkəmizdə Formula 1-i necə sevdirə bilərik?
— Azərbaycanlıların maşına sevgisi körpə yaşlarından var. Həm qadınlar, həm kişilər avtomobilləri çox sevirlər. Bunun üçün kartinqlər yaradılmalıdır ki, insanlar gələrək, artıq bu idman növünü hiss edib, daha da sevsinlər. Hətta təlim treki də hazırlanmalıdır ki, vətəndaşlar həm əylənsin, həm də bu idman növünü hiss edə bilsinlər.
— Marşallar haqqında fikirləriniz necədir? Yeni olsalar da, işlərindən razısınız?
— Bu işə yeni başlayanda mənə maraqlı idi ki, necə ola bilər, marşallar pulsuz iş görsünlər. Sonradan müşahidələrimlə anladım ki, insanlar standart və şablon həyatlarından uzaqlaşaraq, marşal kimi bir yarışın parçasına çevrilir və eyni zamanda dünya görüşünü artırır, fərqli millətlərdən dost qazanırlar. Bu da böyük zövqverici işdir.
— "Neftçi" klubunun bu günkü ağır vəziyyəti heç kimə sirr deyil. Əvvəllər birgə çalışdığınız komanda yoldaşınız Bəhram Bağırzadə, bir neçə gün öncə öz istəyi ilə "Neftçi" klubunda tutduğu vəzifəsindən istefa verdi. Buna münasibətiniz necədir?
— Mən "Neftçi"nin indiki vəziyyəti ilə bağlı heç nə bilmirəm. İdmana gələn insan ömrü boyu birinci olacağını düşünürsə, bu, düzgün deyil. Ümumiyyətlə, Azərbaycanda futbol yox dərəcəsindədir. Mən əminəm ki, AFFA və digər klublar futbolun inkişafı üçün çox iş görür. Amma futbolu rəsmilər yox, futbolçular oynamalıdırlar. Bizdə futbola peşə kimi yanaşmırlar. Öncə bizdə futbolçular olmalıdır, daha sonra futboldan danışa bilərik. Hal-hazırda 7-8 futbolçumuz var ki, onlarla da komanda yarada bilmərik.
O ki qaldı Bəhram Bağırzadəyə, o, komanda adamıdır. Bəhram başa düşdü ki, onun cəhdləri və gördüyü işlər klubun inkişafına heç bir bəhrə verə bilmir, o da uzaqlaşdı. Mən onun addımını normal qalşılayıram.