BAKI, 29 noy — Sputnik. Formula 1 idman yarışında 2016-cı il mövsümü də başa çatdı. Bu mövzu ətrafında Sputnik-in suallarını Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai cavablandırıb:
— Mövsümü necə dəyərləndirirsiniz? Formula 1 izləyicilərinin gözlədikləri nəticə reallaşdı?
— Məncə, maraqlı mövsüm alındı. Bakı Qran-Prisi də Formula 1 üçün yeni idi və bu da bu mövsümə yeni rəng qatdı. Nəticə gözlənilən idi. Mən özüm də Niko Rosberqin qalib olmasını gözləyirdim. Surpriz heç nə olmadı.
— Bu mövsümdə artıq mükafatçılar bəlli idi. Bu, yarışı maraqsız etmir?
— Bu məsələ ətrafında çox söhbətlər gedir. Çoxları söyləyirlər ki, bu yarışı daha da maraqlı etmək olar. Bu, pilotlardan öncə konstruktorların yarışıdır. Formula 1 mütəxəssisləri deyirlər ki, Fernando Alonsanın bolit sarıdan bəxti gətirmir. Başqa bolitdə olsaydı, daha yaxşı nəticə göstərə bilərdi. Hamıya məlumdur ki, son zamanlar "Mercedes" liderliyini saxlayır.
— Əbu-Dabidə bir çox görüşlər keçirdiniz. Formula 1 rəsmilərinin Bakıda keçirilən Avropa Gran- Prisi haqqında fikirləri necədir?
— Bizim Əbu-Dabi Qran-Prisi zamanı çox maraqlı görüşlərimiz oldu. Ərəb mətbuatına müsahibələr verdik, Avropa mətbuatı, Almaniyadan olan mətbuat nümayəndələri ilə bir neçə "dəyirmi masa"larımız oldu. Düşünürük ki, mövsümün son yarışı olduğu üçün, medianın diqqəti Əbu-Dabi Qra-Prisinə daha çox yönəlmişdi. Biz də bu fürsətdən istifadə edərək bizim ölkənin və yarışın təbliğatını apardıq. Bir çox mütəxəssislər və media nümayəndələri qeyd edirdilər ki, "Bakı bizi təəccübləndirdi". Həm şəhər, həm trek çox maraqlıdır. Bu sözləri eşitmək bizim üçün çox xoş idi.
— Yeni mövsüm üçün işləriniz yeni başlayır. Keçən il edə bilmədiyiniz hansı işləri bu il planlaşdırmısınız?
— Dekabrn birindən etibarən bilet satışlarına başlayırıq. Bildiyiniz kimi, endirim kampaniyaları da mövcuddur. Hədəfimiz avropalı və rusiyalı turistləri cəlb etməkdir. Eyni zamanda, marşallarımız artıq təlimlərə yox, məhz yarışlarda işləməyə gəlirlər. Bu da bir il üçün böyük uğurdur. Yarışı elə təşkil etməliyik ki, turistləri və yerli əhalini daha çox cəlb edə bilək. Yeni mövsümdə də trek dəyişməyəcək, olduğu kimi qalacaq. Yenə də Bulvar ərazisində əyləncə məkanı və konsert təşkil olunacaq. Sadəcə bu dəfə daha çox maraqlı əyləncə proqramları olacaq.
— Digər qran-prilərə səfərləriniz zamanı hansı yenilikləri öyrənərək bizim keçirəcəyimiz Formula 1 yarışlarında tətbiq edəcəksiniz?
— Biz keçən il də qran-prilərə səfər edirdik ki, təcrübələrindən bəhrələnək, bu il də eynilə səfərlərimiz oldu. Artıq bizim təşkilatçılıq baxımından xüsusi təcrübəmiz var. Və düşünürəm ki, yarışı da kifayət qədər yaxşı təşkil edə bildik. Hal-hazırda qarşımızda duran əsas məsələ yerli əhalini də Formula 1-ə cəlb etməkdir. Meksikada əyləncə yox idi, sadəcə insanlar yarışı izləməyə gəlirdi və tribunalarda 15 min insan yarışı izləyirdi. Bəli, onlarda bu, artıq ənənə halını aldığından belədir. Sadəcə zamanla biz də yerli əhaliyə Formula 1- i sevdirməyə çalışacağıq.