BAKI, 28 noy — Sputnik. Günümüz necə keçirsə, gündəmimiz də ondan betər. Bəzən oxucunu hədsiz neqativlə yüklədiyimiz üçün, özümüzü qınayırıq. Pozitiv axtarırıq, pozitiv. Nəysə…
Ötən həftə, media cameəsində "Jurnalistlər şəhərciyi" kimi da tanınan, Abşeron Gənclər Şəhərciyində çoxmərtəbəli yaşayış binasında yanğın çıxdı. Rəsmilər hadisənin qısaqapanma üzündən baş verdiyini açıqladılar: binanın zirzəmisindən yuxarı mərtəbələrə doğru uzanan elektrik kabelləri alışıb.
Yanğın zamanı, yuxarı mərtəbələrdəki mənzillərdən 22 sakin (onlardan 7 nəfəri azyaşlı olub) yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 18 nəfər tüstüdən zəhərlənib. Xoşbəxtlikdən, həyatını itirən olmayıb və binanın elektrik xətlərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub.
Baxın, çörəkçi deyir ki, "unun qiyməti qalxır, buna rəğmən, hökumət ondan hazırlanan məhsulun qiymətini qaldırmağa və çəkisini azaltmağa imkan vermir. Biz də məcburiyyət qarşısında qalıb, çörəyin tərkibini, daha ucuz başa gələn kimyəvi qatqılarla doldururuq".
Dönərçi deyir ki, "ətin qiymətinin bahalaşmasından dolayı, çörəyin arasına qoyduğumuz ətin miqdarını azaldıb, ot-ələfi bol edirik. Ki, müştəri qaçmasın, həm də həcm hesabına qarnını doyursun".
Deməli, yuxarıdakı yanğın olayının ucundan tutub dibinə getsək, həmin yaşayış kompleksini inşa edən tikinti şirkətinin rəhbəri deyəcək ki, "qardaşım, gəlin, lap əvvəldən başlayaq: Bu kompleksin torpağını od qiymətinə almışam?— Almışam! Orada bina qaldırmaq üçün filan qədər icazəhaqqı ödəmişəm?— Ödəmişəm! İnşa etdiyim binaların hər kvadratmetrinə görə filankəslərlə salam-məleyk etmişəm?— Etmişəm! Tikinti prosesi boyunca gələni-gedəni narazı salmamaq üçün əlim cibimdə olub?— Olub! Nəticədə, mənzillərin qiyməti, indikinin üçqatına çıxmalıydı?— Çıxmalıydı! Amma mən çıxmağa qoymadım!".
Və adam neyniyir?— Tikinti standartlarına cavab verən, dözümlü, keyfiyyətli materialları "menyu"dan çıxarır, əvəzinə "kitayski", "sumqayıtski", "podvalski" malları basır tikintiyə. Tutaq ki, qısaqapanmaya səbəb olan kabellər, bir mənzilin daxili xətləri üçün nəzərdə tutulubsa, şirkət həmin kabellərlə 12 mərtəbəli, hər mərtəbəsində 4 mənzil yerləşən bloku dolayır (!). Təbii ki, qış mövsümüdə qaz üzünə həsrət qalan sakinlər də, evdə neçə qızdırıcı cihaz varsa, hamısını qoşurlar bu xəttə. İndi bu binada yanğın çıxmalıydımı?— Çıxmalıydı!
Eləcə də: Bir ili başa vuracağına istehsalçının özünün də zəmanət vermədiyi, ən yaxşı halda bir mənzilin su yükünü qaldıra biləcək plastik borularla, şirkətin rəhbərliyi bütöv binaya, yüksək təzyiqli su xətləri çəkir. Bunun müqabilində, iki gündən bir partlayan boruların suyu şəhərciyin ərazisini gölə çevirirmi?— Çevirir!
Hələ binaların özülünün hansı dərinlikdə qazıldığını, sementinin neçənci keyfiyyət standartına cavab verdiyini, o kərpiclərin toyuq hinindən hündür tikilidə istifadəsinin qadağan edildiyini… sadalasaq, o zaman ortabab yeraltı təkan zamanı nə baş verər?— Allah göstərməsin!
Bir də bunun kadr məsələsi var. Məsələn, şirkət rəhbərliyi deyər bilər ki: "Tikinti prosesinə peşəkar dizaynerləri, mühəndisləri, bənnaları, elektrikləri, santexnikləri cəlb edib, onlara yüksək maaş verəcəkdim. Amma, çarəsizlikdən neynədim?— Rayonumuzda nə qədər işsiz-gücsüz, günü 10 manata çalışan adam vardısa, hamısını gətirib doldurdum şəhərciyin tikintisinə".
Və beləliklə: Uçuq hasar yamayanda daşları baş-ayaq qoyan fəhlə, 12 mərtəbəli "göydələn" ucaltdı… Səhərdən axşamadək həyətdəki su kranını təmir edə bilməyən 16 yaşlı yeniyetmə, mürəkkəb su-boru mexanizmi qurdu… Qonşunun mənzilində lampa dəyişərkən, mənfi ilə fazanı qarışıq salan günəmuzdçu isə, yüzlərlə ailəni "aydınlığa çıxardı"…
Bütün bunların qarşısında əhvalımız necə olsun?— Pozitiv!