BAKI, 19 avq — Sputnik. Bəyənmədiyimiz sovet dövrünün ən hörmətli zatlarından olan müəllim, bu gün, az qala öz müqəddəs adını cəmiyyətdən gizlətməyə çalışır. Qocaman deputatımızın dərsdən sonra "stroyka"da palçıq qarışdırmağa göndərməklə "şərəfləndirdiyi" müəllim öz peşəsindən utanmaqda haqsız da deyil. Ən azından, çayxanadakı qaqaşların bir-birilərini prikola tutarkən "müəllim" müraciətindən gen-bol istifadə etdiklərini eşitmək zavallı pedaqoq üçün ana söyüşündən betərdir.
Amma dərdimiz bu da deyil. Məsələ ondadır ki, hökumətin və cəmiyyətin məlum münasibətini sindirmək bahasına belə, müəllim olmaq istəyən vətəndaşlarımızın sayı kifayət qədərdir. Di gəl ki, buna da imkan verilmir. 17 il sərasər təhsil alan, bu 17 ildə ən azı 10 dəfə imtahan verən gənc, 150 manatlıq maaşı olan pedaqoji iş tapa bilmir.
Bunun nəticəsidir ki, ölkədə pedaqoji təhsili olan böyük bir "işsizlər ordusu" var. Hər il bu ixtisası bitirən məzunların sayı artsa da, onların çox cüzi hissəsi müəllim kimi fəaliyyət göstərə bilir. Yerdə qalanlar isə, illərlə iş axtarmalı olur, yaxud da ən yaxşı halda hansısa hazırlıq kurslarında müvəqqəti "başlarını girələyirlər".
Bu biabırçı mənzərənin bütün çılpaqlıqlarını görmək üçün dönüb ətrafımıza baxmaq kifayətdir. Hər birimizin ətrafında, yaxınında alayarımçıq təhsil sisteminin qurbanı olan xeyli sayda potensiallı insan var.
Məsələn, şəxsən mənim dostumun bacısı Şəhla. 2010-cu ildə Dillər Universitetinin bakalavr, 2012-ci ildə isə magistr pilləsini bitirib. O gündən bu günə, yaşadığı Qərb bölgəsinin bir-birinə bitişik 3 rayonunda özünə iş tapa bilmir. 3 ildir sərasər müəllimlərin işə qəbulu imtahanında iştirak edir, yüksək nəticə qazanır, lakin bu potensialının qarşılığında heç bir orta məktəbdə vakant müəllim ştatı tapılmır.
Təsəvvür edin ki, bu qıza bir illik müqavilə əsasında belə, iş verilmir. Məktəblərdə artıq qalan saat hesablarını gizlədirlər, amma bu cür gənclərin önünə çıxarmırlar. Çünki nazirlik səviyyəsində qurulan natamam sistem, yerli təhsil şöbələri və məktəb direktorlarının da əl-qolunu bağlayır. Bilirsiniz necə?
Mövcud qərara əsasən, hansısa orta məktəbdə artıq dərs saatlarının miqdarı 18-dən az olduqda, həmin məktəb vakant yer təqdim edə bilməz. Bir müddət öncəyədək təhsil şöbələri, yaxud məktəb direktorları 18-dən az olan həmin dərs saatları üçün vakansiya çıxara bilməsələr belə, ən azından müqavilə əsasında kimisə işlə təmin edə bilirdilər.
Lakin bu ildən şəxsən cənab nazirin əmri ilə bu qayda da qadağan olundu. Yəni, "ay direktor, 12 saat artıq dərsinmi var? Həmin saatı, onsuz da dərs yükü çox olan müəllimlərinin boynuna yüklə, lakin ağlından nə vakansiya keçsin, nə də müqavilə. Mənə nə sənin kəndində müəllim olmaq istəyən neçə diplomlu var?!".
Bu cür nümunələr minlərlə, onminlərlədir. Bu yaxınlarda keçirilən müəllimlərin işə qəbulu imtahanlarına 31 min namizəd sənəd təqdim etdiyi halda, qarşılığındakı vakant yerlərin sayı heç 3 min deyildi.
Elə isə, bir neçə sualın cavabını bilmək istərdik: Bu qədər insana niyə ümid verirsiniz? Çox sayda işsiz müəllim olduğu halda, hansı üzlə müəllimlik ixtisasına qəbul təşkil edirsiniz? Niyə onminlərlə gəncə pedoqoji diplom verib həyatlarını məhv edirsiniz? Bəlkə də, sizin yalanlarınıza aldanmasaydılar, diplom dalınca deyil, peşə dalınca qaçar, yaxşı çilingər, bənna, avtomobil təmirçisi, dərzi olub ailələrinin çörəkpulunu qazanardılar…