CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərəblərin yolu Bakıdakı bu küçədən düşərsə...

© Photo : TRENDBabək prospekti, arxiv şəkli
Babək prospekti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Küçənin hər iki tərəfində, minimum 6 metr hündürlüyündə hasar ucaldırsan - arxasındakı müasir panorama qədimiliyin harmoniyasını pozmasın deyə

BAKI, 24 okt — Sputnik. Qəbul edirəm, tarixinə bağlılıq, tarixi şəxsiyyətlərinə hörmət, milli kimliyini yaşatmaq çox önəmlidir. Hətta, hər birimizin borcudur. Məsələn, Koroğluya Bakıda heykəl ucaldılması, təmtəraqlı açılış mərasiminin olması təqdirəlayiqdir.

İçərişəhər - Sputnik Azərbaycan
CƏMİYYƏT
İdeal şəhər tapıldı

Yaxud, 1904-cü ildən "Zavodskaya", 1920-ci ildən "Fabrik zavodu", 1932-ci ildən "Şaumyan" adlandırılan ərazinin, 1990-cı ildən Xətai rayonuna çevrilməsi qürurvericidir. "Qaqarin mostu"nun "Cavanşir körpüsü" adlandırılması da onun kimi.

Eləcə də, daha bir tarixi şəxsiyyətimiz olan Babəkin adının əbədiləşdirilməsi naminə, paytaxtın 3 əsas prospektindən birinin onun adını daşıması alqışlanmalı haldır. Bunlar bizim keçmişimizə, özkökümüzə, babalarımıza olan sevgimizin-sayğımızın göstəricisidir. Milli mentalitetimizi qloballaşmaya yedirmədiyimizin bariz nümunəsidir.

Amma və lakin… Bəzi məqamları gözdən qaçırmışıq. Məsələn, Babək prospektinin hər iki girişində, böyük lövhələrdə "AVTOMOBİLLƏRİN GİRİŞİ QADAĞANDIR!" və onun altında "YALNIZ, AT-EŞŞƏK ARABALARININ GİRİŞİNƏ İCAZƏ VERİLİR!" xəbərdarlığı yazılmalıdır. Hətta prospektin giriş-çıxışlarında DYP postu qurmaq da pis olmaz — xəbərdarlığa əməl etməyənlərin qulağını çəkmək (3-5 manat da ağız şirinliyi) üçün.

Təsəvvür edin, küçə boyu at belində o yan-bu yana çapırdan ərlərimiz, onların tərkində oturub selfi çəkdirən qız-gəlinlərimiz… Bir də, gecə vaxtı övladının ağzı başqa yerə düşməsin deyə, onun dalınca eşşəyini çubuqlayan ata-babalar…

Bu yandan, işıqforun qırımızısında keçən daylaqları qamçılayan ərənlərin hayqırtısı. Qanunsuz yük daşıyan eşşək arabalarını yaxınlıqdakı karvansarayın həyətinə aparan cəng arabalarına qoşulmuş köhlənlərin kişnərtisi. Davullar vurulur, şeypurlar çalınır.

Necə də romantik və ruhumuzu çuşa gətirən mənzərədir. Prospektin hər iki tərəfindəki əsas bərbəzəkli binaları söküb yerində Bəzz qalasının müxtəlif profillərdən olan formalarını ucaldırsan. Addımbaşı qarşına çıxan avto-servisləri də dəmirçi dükanları və nalbənd köşkləri ilə əvəzləyirsən. Qalan hissəni isə, minimum 6 metr hündürlüyündə hasarla basdırırsan — arxasındakı müasir panorama qədimiliyin harmoniyasını pozmasın deyə.

… O prospektin halını gördükdə adamın ağlına bundan yaxşı ideya gəlmir. Çünki asfalt örtüyü çökmüş, darmadağın olmuş küçədə gündəlik hərəkətə yalnız, eşşək arabaları tab gətirər. Bakının ən uzun, enli və çox istifadə olunan prospektlərindən birinin bu halda olması, sadəcə bibarıçılıqdır.

Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində təmir - Sputnik Azərbaycan
YAZARLAR
Bakının dərdi var, Bakı xəstədir...

Gündəlik gediş-gəlişim olmasa da, ara-sıra yolum Babəkdən düşür. Böyrəklərimin duzunu deyə bilmərəm, amma avtomobilimin peredoku tökülür. Ucqar rayonların gözdənuzaq kəndlərinin yollarına şüşə asfalt səririk, amma paytaxtdan xəbərimiz yoxdur (?).

Yolun bu gündə olmasına məsul olan şəxslar bizi düşünmürlər, bəlli. Heç olmasa, özlərini, ailələrini, uşaqlarının boğazını düşünsünlər. Bilirsiniz, necə yeyinti yeridir?! O boyda prospekt… Bir-iki çömçə asfalt tullayıb, qalanını basıb yeyirsən. Nuşi-can.

Bir də ki, son zamanlar ölkəmizə gələn ərəb turistlərin sayı artmaqdadır. Yolları bu prospektdən düşərsə, "Hansı urvatla 25 il Xilafətə qarşı mübarizə aparıb?" deməzlərmi?

Xəbər lenti
0