BAKI, 12 noy — Sputnik. "Qorbaçov — keçmiş SSRİ xalqlarının hamısının, eləcə də rus xalqının düşmənidir. O, SSRİ-ni dağıtdığına görə Nobel mükafatı alıb. Kimsə çıxıb demədi ki, Nobeli buna nəyə görə vermisiz? Putin öz çıxışında SSRİ-nin dağılmasını faciə adlandırmışdı. Mən onun fikri ilə razıyam. Bu, bizim üçün də faciə oldu".
Belə ki, Sputnik QKÇP-nin (Fövqəladə Hallar Üzrə Dövlət Komissiyası) avqust inqilabı və SSRİ-nin dağılmasının 25 illiyinə həsr olunmuş materiallar seriyasını davam etdirir. Biz qəhrəmanlarımızla birlikdə sovet dövründə baş vermiş ən maraqlı şeyləri xatırlayır və bu günümüzlə müqayisə edirik.
- Sovetlər Birliyindəki insanların sosial həyatı o dövrü yaşamış şəxslərin prizmasından maraqlıdır. Ona görə də söhbətə ilk olaraq bu sualla başlamaq istəyirik. Sovet dövlətinin vətəndaşlarının sosial həyatı necə idi?
— Sovet dövründə sosial məsələlər o qədər yüksək səviyyədə təşkil olunmuşdu ki, indi onlar yoxdur. O dövrü yaşamayanlar üçün bunu dərk etmək çətin olar. Detallı izahata başlasam, gərək günlərlə bu barədə danışam. Sadəcə onu deyim ki, sovet dövründə həyat sadə insanlar üçün unikal idi. İnsanların sosial rifahı yüksək idi desəm, şişirtmiş olaram. Amma o fakt idi ki, hamıya bərabər imkanlar yaradılmışdı. Sovet dövlətində ac, geyimsiz, evsiz-eşiksiz, təhsilsiz, tibbi xidmət almayan, dövlətin qayğısından kənarda qalan insan tapmaq mümkün deyildi. Çünki Sovetlər Birliyi, sözün həqiqi mənasında xalqın, proletariatın dövləti idi. Sovet dövlətində ruslar başqa millətləri ayırmayıblar. SSRİ-də 100-dən çox millət eyni səviyyədə yaşayıb. Düzdür, indi deyirlər ki, filan millətə yaxşı baxırdılar, bu, düz deyil.
- Bizim üçün bəzi şeyləri müqayisədə desəydiniz, yaxşı olardı. Məsələn, sovet təhsili və müasir təhsil. Bunu necə müqayisə etmək olar?
— O dövrdə təhsil birmənalı olaraq pulsuz idi. 60-cı illərə qədər SSRİ-də icbari təhsil olub. İnsanlar 8-ci sinfə qədər mütləq təhsil almalı idilər. Şura hökuməti yarananda belə bir qərar verildi: savadsızlıqla mübarizə. Sovet hökuməti yarananda əhalinin 90%-i savadsız idi. Ölkənin inkişafı üçün mütləq savadlı vətəndaşlar lazım idi. Ona görə də savadsızlığın ləğvinə qərar verildi. Bu minvalla hamı yazıb-oxumağı öyrəndi, elm hamı üçün əlçatan oldu. SSRİ-də elə xalq olmayıb ki, onun içərisindən elm adamları çıxmasın. Məsələn, atom bombasını yaradanların içində Abbas Abbasoviç Çayxorski adında bir azərbaycanlı olub. SSRİ-də atom sahəsi üzrə böyük bir komitəyə başçılıq edib. Qafqazda səhiyyə sahəsində ən yüksək təhsil Azərbaycanda olub. Hətta Orta Asiyadan gəlib burada təhsil alıb gedən həkimlər vardı.
- İnsanların sağlamlığına münasibət necə idi, indikindən çoxmu fərqlənirdi?
— Dövlət bütün insanların sağlamlığı ilə məşğul olmaq üçün vəsait ayırırdı. Hər bir kənddə, qəsəbədə, rayonda ambulatoriya, klinika, hətta doğum evi var idi, özü də xidmət pulsuz idi. Amma indi hamısı pulludur. Heç bir həkim pulu olmadığına görə adamları müalicə etməkdən imtina edə bilməzdi. SSRİ-də unikal həkimlər vardı. İndi adamlar xəstələnirlər, ölürlər, bu, heç kimi maraqlanmır. İndi pulu olmayan ən adi xəstəlikdən belə, ölə bilər, çünki həkimləri xəstələrin sağalmasından çox onun pulu maraqlandırır.
- Bəs idarəetmədə hansı özəlliklər var idi?
— Sovet dövründə hər şey mərkəzdən idarə olunurdu. SSRİ dağılandan sonra, partiya buraxılmışdı, idarəetmə institutları işləmirdi. Tale elə gətirdi ki, mən SSRİ dağılandan sonra da katib işləməli oldum. Ayaz Mütəllibovun dövründə Xızıda katib idim. Bakıya gəlib onunla görüşdüm, soruşdum ki, sistem dağılıb, indi mən nə etməliyəm? Sonra Nazarbayev yeni idarəçilik forması təklif etdi. Mütəllibov Nazarbayevlə telefonla danışandan sonra bir qrup adamı göndərmişdi Qazaxıstana, onların iş üsulunu öyrənməyə. Beləcə sovetlər, ardından da icra hakimiyyətləri yarandı.
Keçmişdə idarəetmədə tələbat çox yüksək idi. Məsələn, mən, kolxoz sədri yaxşı işləməyəndə, onu partiyadan çıxarırdım. Ya da polisi, prokuroru özüm təyin edirdim. Düzdür, bu, diktatorluğun bir nümunəsi idi. Amma indi görürsən ki, rayonda oturmusan, nazirlik sənin rayonunun prokurorunu, polis rəisini təyin edib. O vaxt idarəetmədə dəqiqlik, düzlük və ciddilik var idi. Tələbkarlıq çox yüksək idi. Biz o vaxt qorxa-qorxa, sutkanın 18 saatını işləyirdik. Amma indi icra başçıları işə saat 3-də gəlib 5-də gedirlər.
- Siz uzun illər kənd rayonlarına rəhbərlik etmisiz. Orada insanların gəlirləri, maaş sistemi necə idi? Siz onu ədalətli hesab edirdinizmi?
— Maaş kolxozlarda əməkhaqqı idi. Kim kolxozda çox işləyirdisə, yaxşı pay götürürdü. Düzdür, sovet cəmiyyətində neqativ cəhətlər də vardı. Məsələn, evində 1 inəkdən, 5 qoyundan artıq saxlaya bilməzdin, hətta toyuqların sayına qədər qeydiyyatı aparılırdı və şəxsi təsərrüfatda heyvanların sayını artırmağa məhdudiyyət qoyulurdu. Amma insanların kollektivdə yaşamasına şərait yaradılırdı.
İndi çox təbəqələşmə gedib. O vaxt orada kasıb təbəqə, orta təbəqə və yuxarı təbəqə söhbəti yox idi, ola da bilməzdi. Şəhərdə hamı 1-2-3 otaqlı mənzillərdə, eyni binada yaşayırdı. Evə əlində zənbillə gələndə, hamı baxırdı ki, görəsən nə alıb. Amma indi hərənin 2-3 dənə Cip-i var, heç soruşan da yoxdur ki, bunu necə almısan. Çoxu da qanunsuz yollarla əldə edilib. Sovet dövründə işləyənə qiymət verirdilər. Yaxşı işləyənə bir də görürdün mükafat olaraq maşın, ev verdilər, deputat seçdilər. Mən 15 il deputat olmuşam, həm Sovet dövründə, həm keçid dövründə, həm də müstəqillik dövründə. Sovet dövründə Ali Sovetin 15-20 faizini əli qabarlı proletariat təşkil edirdi. İndi MM-də 1 nəfər proletariat tapa bilməzsən. Onda təbəqələşmə çox cüzi idi.
- O cüzi dediyiniz təbəqələşmə ən çox özünü nədə göstərirdi?
— Məsələn, SSRİ KP MK-da, respublikaların MK-lərində işləyənlərin ayrıca mağazaları var idi. Mən MK-nin işçisi kimi 2№-li mağazanın üzvü idim. Amma MK-nin Siyasi Bürosunda işləyənlər 1 №-li mağazanın üzvü idilər. Onlar evdən zəng edirdilər ki, yarım kilo ikra, 5 bolqar pivəsi və s. göndərin. Amma bizə məhdudiyyət var idi. Biz həftədə adambaşına 50 qram ikra, 2 pivə sifariş edə bilərdik. Evə qonaq gələndə əlavə nəsə sifariş eləmək istəsək, onda xəbərdarlıq edirdilər ki, biz normanı pozuruq. O da təbəqələşmə idi. Amma indi dədəsi hesab bilməyənin oğlu görürsən ki, Cip-də gəlib. Dədəsinin hesabına əldə etdikləri ilə öyünür.
- Sovet dövlətində bəs necə idi? Valideynlərin dəstəyi olmadan sovet gənci ayaq üstə dura bilirdimi?
— Yüz faiz. Sovet dövründə elə gözəl qayda-qanunlar yaradılmışdı ki… O vaxt Dövlət Plan Komitəsi var idi, bu məsələləri tənzimləyirdi. 10-cu sinfi bitirən 50 uşaqdan ən istedadlılarını instituta yollayırdılar. Məktəbi qızıl medalla bitirənlər instituta imtahansız qəbul olunurdu. İkinci səviyyəlilər imtahan verib qəbul olunurdular. Sonrakılar texnikumlara, ən aşağı oxuyanlar da texniki peşə məktəblərinə, sənət öyrənməyə gedirdilər. Bu, olduqca yüksək səviyyədə təşkil olunmuşdu. Elə peşələr vardı ki, məsələn sualtı qaynaqçılar, ora getmək üçün növbəyə dururdular. Valideynlər hamısı işləyirdi. Biri işləməyəndə deyirdilər ki, sən niyə işləmirsən, müftəxorsan, zəhmətsiz gəlirlə məşğulsan və s. Ona görə də uşaq və gənclər oktyabryat, pioner və komsomol təşkilatlarına üzv olurdular. Bu təşkilatlar hər bir uşağa, gəncə nəzarət edirdi, onların sağlam nəsil kimi formalaşmasına məsul idilər. 14-dən 25 yaşına qədər gənclər komsomol təşkilatında yetişirdilər. Onların hər birinin komsomoldakı uçot hesabında dosyesi var idi. Ora hamı barədə bütün məlumatlar yazılırdı. O komsomol təşkilatları gənclərin təlim-tərbiyəsi ilə məşğul olurdu. Belə sistem olmasaydı, sovet hökuməti 70 ildə iki dəfə müharibə edə, kosmosa adam göndərə, peyk göndərə, atom bombası və sualtı qayıqlar istehsal edə bilməzdi. Yəni valideynlər arxayın idilər ki, işdir, mən övladlarımın təlim-tərbiyəsi ilə məşğul ola bilməsəm, bununla məşğul olan təşkilatlar, məktəblər, idarələr var. O vaxt ailələr əsasən çoxuşaqlı olurdu. Azərbaycanda 3-dən az uşağı olan ailə tapmaq çətin idi. Bununla belə, uşaqlar çox yaxşı tərbiyə olunurdu.
- Sovet dövlətinin vətəndaşları öz hökumətlərindən nə gözləyirdilər və bu gözləntilər doğruldumu?
— Desəm ki, Sovet dövləti bütün vətəndaşlarının arzularını yerinə yetirirdi, yalan olar. Axı adicə, ailədə 5 uşaq olanda, onların hamısının arzularını yerinə yetirmək mümkün olmur, o ki, qaldı çoxmilyonlu dövlət ola. Amma, ümumiyyətlə o dövrdə insanların istəklərinin çoxu yerinə yetirilirdi. MK-nın bizə tapşırığı var idi: Bir nəfər hamı üçün, hamı 1 nəfər üçün. Biz bunu etməyə borclu idik. Amma 2-3-müz bir yerə düşəndə öz aramızda deyib gülürdük ki, 50 minlik rayonda 100 nəfər dəlidirsə, belə çıxır ki, hamı o yüz dəli üçün işləməlidir? Bəs o 100 dəli necə, onlar da hamı üçün işləyəcək? Amma MK deyirdi ki, siz o dəli üçün də işləməlisiniz. Hakimiyyətdən narazı olanlar da var idi. Məsələn, vəzifə istəyirdi, növbədənkənar ev, maşın almaq istəyirdi, vermirdilər. Onda hər şey camaatın tələbatlarına uyğun olaraq tənzimlənmişdi. Amma Mixail Qorboçov gələndən sonra bunların hamısını alt-üst elədi.
- Bəs bu qədər üstünlükləri olan cəmiyyəti sarsıdan nə idi?
— Sizə indiyə qədər heç kəsə demədiyim bir sirri açmaq istəyirəm. Mən 1970-75-ci illərdə Azərbaycan komsomolunda işləmişəm. 1973-cü ildə komsomolun mərkəzi komitəsinə Eleonora Petrovna Malaxova gəldi. O, Stavropolda Komsomolun 1-ci katibi olmuşdu. Təəccüb etdik ki, Stavropolun 1-ci katibi nə üçün Bakıya gəlib. Sonra məlum oldu ki, o, bakılıya ərə gəlib. Mənim Rusiyada oxuduğumu bilirdi. Ona görə də münasibətlərimiz yaxşı idi. Sonra elə oldu ki, məni Qax rayonuna 1-ci katib göndərdilər. 1984-cü ildə o, mənə zəng elədi ki, "gəlirəm Qaxa". Ailəsi ilə birlikdə gəldi. Onda da mən Finlandiyada gördüyüm fin hamamını Qaxda tikdirmişdim. O hamamın eşqinə çox böyük adamlar Qaxa gəlirdi. Eleonora mənə hədiyyə gətirmişdi — albom. Mənə dedi ki, yanımda otur, sənə bu albomdan danışmaq istəyirəm. Albomda hamısı Qorbaçovun şəkilləri idi, onun Stavropolda işlədiyi vaxtların şəkilləri. Eleonora mənə göstərib dedi ki, bu adam SSRİ-ni dağıdacaq. Onda mən bu sözdən qorxmuşdum, elə bildim ki, Eleanoranı kimsə mənim yanıma xüsusi missiya ilə göndərib. Ona görə də, o, danışdıqca, mən dinmədim. Qorbaçovun şəxsi mənfi keyfiyyətlərindən danışdı. Dedi ki, onun üçün, millət, dövlət anlayışları yoxdur. 1988-ci ildə SSRİ dağılmağa başlayanda mən Eleonoranın dediklərini xatırladım. Onu axtardım, amma tapa bilmədim. Nazarbayevin 1996-cı ildə "Na poroqe XXI veka" kitabı çıxıb. Orada Nazarbayev Qorbaçovun SSRİ-ni necə dağıtdığının şahidi kimi öz müşahidələrini yazıb. Sadəcə onu deyim ki, SSRİ-nin dağıdılması üçün Qarabağ bir vasitə oldu.
- Bunu isbat etmək üçün hansısa əsaslarınız var?
— 2000-ci il idi. Mən onda deputat idim. Bizi Rumıniyaya, beynəlxalq konfransa ezamiyyətə göndərdilər. Onda çox təkid elədilər ki, orada biz və Ermənistan nümayəndələri olaq. Bunu da ilk dəfə sizə deyirəm. Bizi Rumıniyada Timişoara şəhərinə, MK-nın 1-ci katibi Nikolay Çauşeskunun arvadı ilə birlikdə güllələndiyi yerə apardılar. Ekskursovod bizə izah etdi ki, prokuror Çauşeskuya son sözü deməyə icazə verəndə o, sadəcə rumınca bu sözü deyib: "Proklyatıy Karabax" (Lənətə gəlmiş Qarabağ). Ekskursovod bunu deyəndə, biz Ermənistan nümayəndələri ilə təəccüblə bir-birimizə baxdıq. Bir daha bizə məlum oldu ki, SSRİ-ni dağıdan Qarabağ hadisələri olmuşdu. Bunu isə Qorbaçov təşkil eləmişdi.
Qorbaçov gələndə mən Xızıda 1-ci katib işləyirdim. Hər gün bizə birbaşa MK-dan deyirdilər ki, "rayon partiya komitəsinin ştatlarını azaldın, maaşları azaldırıq, gedin kooperativlər yaradın, işləyin, pul qazanın". Yəni tədricən ölkəni dağıdırdılar. Qorbaçov rus xalqının düşmənidir. O, SSRİ-ni dağıtdığına görə Nobel mükafatı alıb. Rusiyada da elə bir adam yoxdur çıxıb desin ki, Nobeli buna nəyə görə vermisiniz? Ona Nobel veriləndən sonra, o təşkilat mənim gözümdən düşdü. Nobelin pulları bizim, Azərbaycanın pullarıdır. Bizim pulumuzla sən necə Qorbaçova mükafat verə bilərsən? Əgər mənə qoşulan 3 nəfər də olsa, mən Nobel mükafatı verən qurumu məhkəməyə verərəm.
- Bəs SSRİ niyə dağıldı? Səbəb nə idi?
— Qorbaçov Marqaret Tetçerlə görüşə getdi. O, Britaniyadan qayıdan kimi SSRİ-ni dağıtmaq üçün hərəkətə keçdi. Şevardnadzeni xarici işlər naziri təyin etdi. Ordunu Çexoslavakiyadan və digər Şərqi Avropa ölkələrindən çəkməyə başladı. Bu, çox sürətlə baş verirdi. Hamı fikirləşirdi ki, belə tələm-tələsik ordunu geri çəkməyə nə ehtiyac var? Almaniyanın birləşməsindən sonra Şevardnadze istefa verdi. Çünki artıq o, vəziyyəti başa düşmüşdü və məsuliyyəti bölüşmək istəmirdi. Bu vəziyyətdə ermənilər Qorbaçova kömək elədilər. Qarabağ məsələsini də prosesə təkan vermək üçün ortaya atdılar. Onu da ilk dəfə deyim ki, belə bir problemi gürcülərlə azərbaycanlılar arasında da yaratmaq istəyirdi Qorbaçov.
- Faktınız var?
— 1987-ci ildə mən Qaxda işləyəndə Geleovani familiyalı bir akademikin adından Moskvaya məktub yazmışdılar ki, Qaxda 7 gürcü kəndi var, onlara qarşı münasibət çox pisdir və s. Ona görə Moskvadan böyük komissiya gəldi. Kamran Bağırov (1982-1988-ci illərdə Azərbaycan SSR KP-nin 1-ci katibi —red.) məni çağırıb soruşdu ki, "sən neyləmisən?". Yaşinin (Liqaçovla birlikdə işləmişdi) rəhbərliyi altında komissiya gəldi. Mənə dedilər ki, "sən 10 gün Qaxdan uzaqlaş".
Öyrəndilər ki, Azərbaycanda qeyri-millətlərə münasibət çox yüksəkdir, Qaxda isə daha da yüksəkdir. Yaşinlə birlikdə oturub çörək yeyəsi olduq. O, araqdan içəndən sonra hamısını açıb tökdü. Məlum oldu ki, Geleovani məsələsini ermənilər təşkil ediblər. Onu göndəriblər Moskvaya. Ümumi şöbədə işləyən ermənilər o məktubu birbaşa Qorbaçovun poçtuna qoyublar. Qorbaçov da dərkənar qoyub ki, "şəxsən Liqaçova". Yaşin o məktubu mənə göstərdi.
Mən çox vəzifələrdə işləmişəm. Üçdilli mütəxəssis olaraq (Azərbaycan, erməni və rus dillərini yüksək səviyyədə bilirəm) məni hər işdə yuxarı çəkiblər. Ona görə ermənilər arasında da çoxlu dostum, tanışım olub. Erməni xalqı yaxşı xalqdır. Onlar sadəcə siyasətçilərin qurbanı olublar. Onlar özləri yalvarırdılar, Kamran Bağırova müraciət edirdilər ki, qoymayın, bizi ayırırlar. O vaxt Dağlıq Qarabağ ermənilərinə yaradılan şərait Azərbaycanın digər rayonlarına yaradılan şəraitdən dəfələrlə yüksək idi.
SSRİ-nin dağılmasının bir səbəbi də 20 yanvar idi. Qorbaçovun əmri ilə bu qırğın törədildi. Ona görə də, mən bütün SSRİ xalqlarının, eləcə də rus xalqının düşməni kimi yalnız Qorbaçovu sayıram.
- O quruluşun dağılmasına təəssüf edirsiniz?
— Çox böyük təəssüf eləyirəm. İnanıram ki, vaxt gələcək, insanlar sosializmə yenidən müraciət edəcəklər. Putin öz çıxışında demişdi ki, SSRİ-nin dağılması faciə idi. Mən onun fikri ilə razıyam. SSRİ-nin dağılması bizim üçün də faciə idi. Siz bir piramida təsəvvür edin. Onun başında ən iri dövlətlər durur. Ortada nisbətən orta dövlətlər. Ən aşağıda isə bizim kimi kiçik dövlətlər. Təsəvvür edin ki, biz bu nəhəng dövlətlər piramidasının ən alt qatında əzilənlərdənik. Biz sovet dövlətində yaşayanda piramidanın ən başında duran ölkənin vətəndaşları idik.