BAKI, 13 iyul — Sputnik. 2016-cı ildə keçmiş SSRİ ölkələrinin əksəriyyətində minimum əmək haqqı artırılıb. Rusiyada minimum əmək haqqı (MƏH) iyul ayının 1-dən etibarən 117 dollara (7500 rubl) qaldırılıb.
Bunu iqtisadçı-ekspert Samir Əliyev şəxsi "Facebook" səhifəsində yazıb. "Ondan əvvəl isə Ukraynada — may ayının 1-dən minimum əmək haqqının aylıq məbləği 58,4 dollara (1450 qrivna), saatlıq məbləği 0,35 dollara (8,69 UAH) yüksəldilib. Ukraynada 2016-cı il dekabrın 1-dən yeni artım olacaq və aylıq MƏH 62,4 dollar (1550 qrivna), saatlıq isə 0,37 dollar (9,29 UAH) olacaq", — iqtisadçı bildirib.
"Belarus hökuməti işəgötürənlər qarşısında iyun ayının 1-dən sonra işçiyə ayda ən azı 119 dollar (239,18 BYN) vermək öhdəliyi qoyub. Moldovada artım mayda olub. Mayın 1-dən etibarən MƏH-in aylıq səviyyəsi 106 dollar (2100 ley), saatlıq səviyyəsi isə 0,6 dollar (12.43 ley) olub. Ermənistanda hazırda minimum əmək haqqı təxminən 115 dollardır (55 min dram). Hökumətin iyulun 1-dən MƏH səviyyəsini 136 dollara (65 min drama) qaldırmaq planı büdcə vəsaitlərinin qıtlığı səbəbindən baş tutmayıb. Qonşu Gürcüstanda MƏH təxminən 70 dollara (160 lari) bərabərdir", — S. Əliyev əlavə edib.
Ekspert deyib ki, Orta Asiya ölkələrində minimum əmək haqqı ilin əvvəlində artırılıb: "Qazaxıstanda yanvarın 1-dən 68 dollar (22,859.00 tenge) olub. Qırğızıstanda 2016-cı ildə 16 dollar (1060 som) olub. Hökumət MƏH-i 2017-ci ildə 17 dollara (1140 som), 2018-ci ildə 18 dollara (1220 som) qaldırmaq niyyətindədir. Özbəkistanda 2015-ci ilin sentyabrından 44 dollar (130,240 min som) qaldırılıb. Türkmənistanda MƏH yanvarın 1-dən 168 dollar (590 manat) təşkil edir".
"Azərbaycanda minimum əmək haqqı sonuncu dəfə təxminən 3 il öncə — 2013-cü ilin sentyabrın 1-də 105 manata qaldırılıb. Həmin dövrdə bu göstərici 134 dollara bərabər idi. Son devalvasiyadan sonra minimum əmək haqqı indiki məzənnə ilə 68 dollara düşüb", — deyə o, qeyd edib.