CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Repressiya aparatını "əridən" sevgi

© Sputnik / Kamal Almuradlıİvon Botto
İvon Botto - Sputnik Azərbaycan
Abunə olmaq
La Fayetdən Murğuzallıyadək uzanan yol, yaxud tarixə bələdçilik edən qadın...

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 10 noy — Sputnik. Son illər İmişlinin Murğuzalı kəndindəki bir həyət qapısı tez-tez döyülür. Bura həm Bakıdan, həm də Fransa, İran və başqa xarici ölkələrdən gələnlər olur. Azərbaycanın bu ucqar yaşayış məntəqəsində sadə həyat yaşayan 88 yaşlı qadın, artıq ulduza çevrilib. Barəsində xeyli məqalələr dərc olunub, verilişlər hazırlanıb, kitab yazılıb, hazırda film çəkilməkdədir.

Lətif Həsənov - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Qəmlo ilə qohumluğumuza görə daim qorxu altında yaşamışıq"

Bu başıbəlalı qadının həyat hekayəsi maraqlı olmaqla yanaşı, son bir əsrdə dünyanın böyük bir parçasında baş verən mühüm ictimai-siyasi hadisələrə, xüsusilə İkinci Dünya Müharibəsinə işıq salır.

"Atam italyan, anam isə fransız olub"

Qəhrəmanımızın doğum tarixi və yeri, eləcə də valideynlərinin kimliyi Monako bələdiyyə idarəsi tərəfindən tərtib edilən şəhadətnamədə dəqiqliklə qeyd olunub: "4 iyul 1928-ci ildə Monakonun "Prince Albert" xəstəxanasında, saat 19.30-da İvon Botto adlı, cinsi qadın olan bir uşaq doğulub. Atası Jan Botto İtaliyada anadan olub, 38 yaşı var, fəhlədir. Anası Mari Anais Chatillard Parisdə anadan olub, 31 yaşı var, oteldə xadimədir".

© Sputnik / Kamal Almuradlıİvon Bottonun uşaqlıq və gənclik illəri.
İvon Bottonun uşaqlıq və gənclik illəri - Sputnik Azərbaycan
1/9
İvon Bottonun uşaqlıq və gənclik illəri.
© Sputnik / Kamal AlmuradlıŞəmməd və İvon
Şəmməd və İvon - Sputnik Azərbaycan
2/9
Şəmməd və İvon
© Sputnik / Kamal Almuradlıİvon Botto-Şirməmmədova.
İvon Botto-Şirməmmədova - Sputnik Azərbaycan
3/9
İvon Botto-Şirməmmədova.
© Sputnik / Kamal Almuradlıİvon nənənin atası, ana və qardaşının dəfn olunduğu məzarlıq.
İvon nənənin atas, ana və qardaşının dəfn olunduğu məzarlıq - Sputnik Azərbaycan
4/9
İvon nənənin atası, ana və qardaşının dəfn olunduğu məzarlıq.
© Sputnik / Kamal Almuradlıİvon nənə doğmalarının məzarı başında
İvon nənə doğmalarının məzarı başında - Sputnik Azərbaycan
5/9
İvon nənə doğmalarının məzarı başında
© Sputnik / Kamal Almuradlıİvon nənənin yaşadığı ev.
İvon nənənin yaşadığı ev - Sputnik Azərbaycan
6/9
İvon nənənin yaşadığı ev.
© Sputnik / Kamal AlmuradlıRəmziyyə Şirməmmədova nənəsi barədə çəkilən filmdə onun gənclik obrazını yaradıb.
Rəmziyyə Şirməmmədova nənəsi barədə çəkilən filmdə onun gənclik obrazını yaradıb - Sputnik Azərbaycan
7/9
Rəmziyyə Şirməmmədova nənəsi barədə çəkilən filmdə onun gənclik obrazını yaradıb.
© Sputnik / Kamal Almuradlıİvon nənə barədə yazılmış məqalə və kitablar.
İvon nənə barədə yazılmış məqalə və kitablar - Sputnik Azərbaycan
8/9
İvon nənə barədə yazılmış məqalə və kitablar.
© Sputnik / Kamal Almuradlıİvon nənənin 7 övladı, 30 nəvəsi, 28 nəticəsi var.
İvon nənənin 7 övladı, 30 nəvəsi, 28 nəticəsi var - Sputnik Azərbaycan
9/9
İvon nənənin 7 övladı, 30 nəvəsi, 28 nəticəsi var.
1/9
İvon Bottonun uşaqlıq və gənclik illəri.
2/9
Şəmməd və İvon
3/9
İvon Botto-Şirməmmədova.
4/9
İvon nənənin atası, ana və qardaşının dəfn olunduğu məzarlıq.
5/9
İvon nənə doğmalarının məzarı başında
6/9
İvon nənənin yaşadığı ev.
7/9
Rəmziyyə Şirməmmədova nənəsi barədə çəkilən filmdə onun gənclik obrazını yaradıb.
8/9
İvon nənə barədə yazılmış məqalə və kitablar.
9/9
İvon nənənin 7 övladı, 30 nəvəsi, 28 nəticəsi var.

İvonun atası İtaliyada yaradılan Kommunist Partiyasının fəal üzvü olub. Mussoloninin faşist partiyası hakimiyyətə gələndən sonra o, gözlənilən təqib və təhlükələrdən yayınmaq üçün bir müddətlik ölkəsini tərk etməli olub. Fransanın Annesi şəhərində özünə sığınacaq tapan Jan, barda işləyən, himayəsində 1 yaşlı oğlu olan dul qadınla ailə qurur.

Mariya Mixayılovna Lauşova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yüzlərlə azərbaycanlı uşağa ikinci ana olmuş rus qadın

Həyat şəraiti çətin olduğundan, onlar bir müddət Monakoda yaşayırlar. İvon da elə burada olarkən doğulub. 1931-ci ildə Botto ailəsi Fransanın Passi şəhəri yaxınlığındakı La Faye kəndinə köçür.

"Mən çox yaxşı ibtidai təhsil almışdım. Parisə gedib ali təhsil almağıma valideynlərim razı olmadı. 1943-cü il, müharibənin ən şiddətli dövrü idi…", — deyir.

Fransanın azadlığı üçün vuruşmuş azərbaycanlı

İkinci Dünya Müharibəsində Fransa eyni vaxtda həm Almaniyanın, həm də İtalyanın hərbi müdaxiləsinə məruz qalmış, ölkə parçalanmışdı. Bottoların yaşadığı Ot-Savua departamentinə əvvəlcə italyan, ardınca isə alman ordusu daxil olub.

İvon nənə küçələrindən keçən hərbi maşınları, əsgərlərin bostanlarından tərəvəz yığmağını indi də xatırlayır: "Belə şəraitdə də idarə və müəssisələr, məktəblər, kinoteatrlar, dükanlar işləyirdi. Hərbçilərin dinc əhali ilə işi yox idi. Yalnız partizanlara kömək edənlərə, onları evində gizlədənlərə divan tutulurdu".

Bu dövrdə yaranan, Alp və Mon Blan dağlarında düşərgə quran, Böyük Britaniya hökumətinin silah-sursatla, yerli əhalinin isə qida ilə təchiz etdiyi Milli Müqavimət Hərəkatının sıraları genişlənməkdə idi. Fransız partizanların arasında faşistlərin əsir düşərgələrindən qaçmış xeyli sayda əcnəbi, o cümlədən azərbaycanlılar da vardı. 16 yaşlı qızın ağlına da gəlməzdi ki, bircə il sonra bu partizanlardan biri onun həyatını büsbütün dəyişəcək.

Həmin partizanın Fransa torpağına gəlib çıxmasının da qəribə tarixçəsi var. Şəmməd Şirməmmədov 1921-ci ildə İmişli rayonunun Murğuzallı kəndində doğulub. 1939-cu ilin mayında hərbi xidmətə çağırılıb. Evə yollanacağı gün — iyunun 22-də müharibə başlayır və onun xidmət etdiyi Rava Ruska şəhəri almanlar tərəfindən tutulur. Bir müddət o, əsir düşərgəsində saxlanılır.

Almanlar sovet torpağından çıxarılmağa başlanılanda əsirlər başqa yerə köçürülür. Şəmməd və daha bir neçə azərbaycanlının daxil olduğu "325-ci düşərgə"dəki əsirlər 1944-cü ilin fevralında qatarla İtaliyaya yola salınır.

Alik Hüseynov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qollarını itirəndən sonra "qanad açan" insan

Amma azərbaycanlılar, habelə daha bir neçə fransız və belçikalı əsir aparıldıqları vaqondan deşik açaraq Fransa ərazisində özlərini hərəkətdə olan qatardan yerə atırlar. Bir neçə gün sonra onlar fransız partizanlarla rastlaşır və Müqavimət Hərəkatının tərkibində faşistlərə qarşı vuruşa başlayırlar.

Sevginin dili olmurmuş…

İvon nənə tanışlıqları barədə danışır: "Müharibə bitəndən sonra Şəmməd, həmkəndlisi Ayaz və daha 6 nəfər bizə yaxın olan silah zavodunda işə düzəlmişdi. Atam da bu zavodda işləyirdi. Bir gün onları evimizə qonaq dəvət etdi. Şəmmədlə tanışlığımız da buradan yarandı".

Bundan sonrakı vaxtlarda da keçmiş partizanlar tez-tez bu evin qonağı olurlar. Nənə deyir ki, ölkələrinin azadlığı üçün vuruşduqlarından ailəsi bu gənclərə xüsusi qayğı ilə yanaşıb: "Evimizdə geniş stol açılırdı. Hamımız onun arxasında əyləşib yeyib-içir, şirin söhbət edirdik. Anam onların çirkli paltarlarını yuyur, ütüləyirdi".

Bir müddət sonra Şəmməd özündən 7 yaş kiçik olan gənc qıza vurulur. "Etiraf edim ki, mən ona ərə getmək istəmirdim, anam təkid etdi. O, fransızca yaxşı danışa bilmirdi. Amma demə heç sevginin dili olmurmuş. Çox yaxşı adam idi. Toyumuz 1947-ci ildə elə bizim evdə oldu. Üstündən az keçəndən sonra məni götürüb Vətəninə gətirdi".

"Ərimi sürgündən güclə qurtardım"

Onlar düz iki ay yük vaqonunda yol gəlirlər. Ölkələrdən, şəhərlərdən keçirlər. Bəzi yerlərdə dəmir yolu xətləri dağıldığından, qatar günlərlə dayanır, yolun bərpa edilməyini gözləyirlər.

"Düz 55 vaqon dolusu adam idi. Moskvaya çatan kimi bir neçə nəfər istisna olmaqla, onların hamısı sürgün olundu. Əsir düşmüş, başqa ölkədə sığınacaq tapmış adamlara xain kimi yanaşırdılar".

İvon nənə deyir ki, onun ərini də Sibirə sürgün edəcəklərmiş. Amma gənc qadın sovet komissarına yalvarıb ərinin buraxılmağını, bu mümkün olmazsa, onunla bir yerdə sürgünə göndərilməyini xahiş edib. Bu böyük sevgi totalitar rejimin repressiv aparatını da susdura bilib — onlar sərbəst buraxılıblar.

Tərtər rayonunun İsmayılbəyli kənd sakini Müslüm Müslümzadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dünya bu uşağın qarşısında üzüqaradır

Sovet hökuməti ananın qızı ilə görüşünə icazə verməyib

Demə görəcəkli günlər qabaqda imiş. Gənc qadın sanki sehrli xalat geyinib bir əsr keçmişə düşmüşdü. Qaradonlu dəmir yolu vağzalından Murğuzallı kəndinə kələ qoşulmuş araba ilə gedirlər. Kərpicdən tikilən, döşəməsi olmayan, çıraqla işıqlandırılan, çır-çırpı ilə qızdırılan bir evdə yaşamağa başlayırlar.

Bu da kommunizm "cənnətməkanı": gecələrin zülmət qaranlığında çaqqal ulartısının başına götürdüyü, qışda palçığın dizə çıxdığı, yayın istisində ağcaqanadların "at oynatdığı", tibb məntəqəsinin olmadığı, səhranı xatırladan bir yer…

"Şəmməd elə kənddə həkim, xəstəxana olmama səbəbindən öldü. Qəfil özünü pis hiss etdi. Heç bilmədik dərdi nədir. Vəziyyəti ağırlaşanda qohumları onu ən yaxında olan həkimxanaya apardılar, iki gün sonra cənazədə qayıtdı", — İvon nənə danışır.

Yad yerdə bir yaşlı uşaqla tək qalan qadın öz ölkəsinə qayıtmaq istəyir. Amma onun qarşısında şərt qoyulur: "Uşağı özünlə apara bilməzsən. Çünki o, sovet vətəndaşıdır".

Ana övladından ayrılmaq istəmir və zorən bu ölkədə yaşamalı olur. Onu qarşıda məşəqqətli illər gözləyirdi: "Məktəbdə xadimə işinə düzəlmişdim. Eyni vaxtda kolxoza üzv olub pambıq becərirdim. Məktəbə də, sahəyə də uşaqla gedirdim. Aclıq illəri idi, doyunca yeyəcək qədər çörəyimiz olmurdu. İçməli suyu çaydan güyümlə kürəyimizdə daşıyırdıq".

İvon nənənin deməsinə görə, anası onu görmək üçün bu ölkəyə gəlmək istəyib, dəfələrlə sovet rəhbərliyinə müraciət edib. Amma ölkənin sirri dağılmasın deyə ananın qızı ilə görüşünə icazə verilməyib: "Biz yalnız məktublaşa bilirdik, şəkil çəkdirib bir-birimizə göndərirdik. Anam "posılka"da uşağım üçün geyim, oyuncaq əşyalar, məktəb ləvazimatları və kitablar göndərirdi. Deyim ki, ayaqda qalmağımda bu yardımlar böyük rol oynayıb".

İvon nənə 1964-cü ildə atasının, 1978-ci ildə anasının, 1989-cu ildə isə qardaşının ölüm xəbərini aldığını söyləyir: "Bu xəbərlərin hamısı məktubla bildirilib. Ailə üzvlərimin heç biri ilə görüşmək mənə müyəssər olmadı. Doğulduğum yerə ayağım bir də 66 ildən sonra- 2011-ci ilin oktyabrında dəydi".

"Kəbin kağızında adım "Aminə" qeyd olunub"

İdris Şeydayev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Böyük divanın şahidi: "Bacısı məhkəmədə Mircəfər Bağırovdan imtina etdi"

Şəmmədin ölümündən 4 il sonra İvon xanım mərhum ərinin əmisi oğlu Şirməmmədlə ailə qurub və ondan da 6 uşağı olub. 2015-ci ilin martında həmin əri də vəfat edib. İvon nənənin 7 övladı, 30 nəvəsi və 28 nəticəsi var. Nəvələrindən biri — Rəmziyyə Şirməmmədova, nənəsinin barəsində çəkilən filmdəki yeniyetməlik illərinin rolunu ifa edir.

O, bura gələn vaxtdan müsəlmanlığı qəbul etdiyini deyir: "Biz kəndə gecə gəlib çıxmışdıq. Səhər açılan kimi məni axundun yanına apardılar, müsəlmanlığı qəbul etdim və şəriət qaydalarına uyğun kəbinimiz kəsildi. Hətta adımı da dəyişdirib "Aminə" qoymuşdular. Amma bu adla çağıran olmadı məni".

Ailə üzvləri deyirlər ki, daha çox onun duası eşidilir, nəziri qəbul olunur. Buna görə də işi düyünə düşənlər "Allahın əziz bəndəsinin" üstünə qaçırlar.

Nənə burada 4 dəfə ev tikdiklərini bildirir. Sonuncu evləri 2010-cu ilin təbii fəlakətində qəzalı vəziyyətə düşdüyündən dövlət hesabına yenisi ilə əvəzlənib.

Torpaq torpağa qarışıb (epiloq)

İvon nənə Fransaya səfərindən qayıdanda özü ilə torpaq gətiribmiş. Amma onu evdə çox saxlamayıb: "Dedilər bunun düşər-düşməzi olar. Bir də istəmədim ki, doğma torpağım da bağlı yerdə, əsir kimi qalsın. Tökdüm həyətə, torpaqlarım bir-birinə qarışdı…".

Xəbər lenti
0