CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qəmlo ilə qohumluğumuza görə daim qorxu altında yaşamışıq"

© Sputnik / Kamal AlmuradlıLətif Həsənov
Lətif Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Lətif Həsənov: "Rəhmətlik Heydər Əliyevə dedim ki, suçu olanda nə olar, mənim də könlümdən "Qaz-24" keçir. Üstündən bir az keçmiş çağırdılar ki, gəl, maşınını apar"

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 12 okt — Sputnik. Qulaqları zəif eşitdiyindən və gözlərinin nuru azaldığından gəlişimizdən xəbər tutmamışdı. Var qüvvə ilə baltanı iri ağac kötüyünə çalır, tiyənin arxasını yerə vurub onları parçalayır, çilikləyirdi.

Alik Hüseynov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qollarını itirəndən sonra "qanad açan" insan

Köhnə kişilər qış tədarükünə ciddi yanaşırlar. Belə vaxtda onları işindən ayırmaq heç insafdan deyil. Barəsində yazmaq istəyimizə təəcüblə yanaşdı: "Axı, mən qəhrəman deyiləm".

Lətif Həsənov İmişli rayonunun Şahverdili kəndinin ən yaşlı sakinlərindən biridir. Onun həyat hekayəsi qarlı-aşırımlı yollardan, Milli dərəsindən, Vedibasar kəndlərindən, milli münaqişənin acısından, müharibənin aclığından, qazamatdan, deportasiyadan, kolxoz zülmündən, qara çərən basmış, ilan mələyən düzlərdə cənnətməkan yaratmaqdan… keçir.

Qabarlı əlləri ilə quru yurdda ailəsinə ev tikib, bir çətən külfət saxlayıb. Bu sadə insanın söhbəti maraqlı, əməlləri ibrətamizdir. Axtarsaq, onun fəaliyyətində qəhrəmanlıq nümunələri də tapa bilərik…

"Qəmlo ilə qohumluq faktı daim bizi təqib edib"

Lətif Həsənov deyir k, ata babası uzun illər Vedi mahalındakı 32 kəndə ağalıq edib, igidliyinə görə "Bəla Həsən" adı ilə tanınıb. "Axırıncı aşırım" filmindəki Qəmlonun prototipi — Qəmbəralı Həsənin qız nəvəsi, deməli, həm də onun bibisi oğludur.

"Mən Qəmlo öldürülən ildə doğulmuşam. Buna görə də onun barəsində bildiklərim böyüklərdən eşitdiklərimdir. Amma Qəmlo ilə qohumluq faktı zaman-zaman bizi təqib edib, qorxu altında saxlayıb", — deyir Lətif kişi.

Eyni zamanda onunla fəxr ediblər: "Qürur duymuşuq. Filmdə fərqli, həm də mənfi obraz kimi təqdim edilməsinə baxmayın, müsəlman kəndlərinin daşnak hücumundan qorunmasında rəhmətliyin böyük əməyi, şücaəti olub".

Köçhaköç

Xatırlamasına görə, yaşadıqları Qarabağlar (sonralar Vedi adlandırılıb) rayonunun Hand kəndində cəmi 18 ev olub, 1939-cu ildə Şura hökuməti buranı yaşayış məntəqəsi kimi ləğv edib: "Biz Gilənar kəndinə köçdük. Fərəməz əmimgil Ellicə kəndinə, bibim oğlu Mövlanverdinin ailəsi Əziz kəndinə getdi. Beləcə qohum-qardaşın hərəsi bir tərəfə dağıldı".

© Sputnik / Kamal AlmuradlıLətif Həsənov qış tədarükü görərkən.
Lətif Həsənov qış tədarükü görərkən - Sputnik Azərbaycan
1/7
Lətif Həsənov qış tədarükü görərkən.
© Sputnik / Kamal AlmuradlıLətif baba və Qumru nənə 63 ildir ki, həyatda birgə addımlayırlar.
Lətif baba və Qumru nənə 63 ildir ki, həyatda birgə addımlayırlar - Sputnik Azərbaycan
2/7
Lətif baba və Qumru nənə 63 ildir ki, həyatda birgə addımlayırlar.
© Sputnik / Kamal AlmuradlıLətif Həsənov və həyat yoldaşı Qumru xanımın gənclik fotosu.
Lətif Həsənov və həyat yoldaşı Qumru xanımın gənclik fotosu - Sputnik Azərbaycan
3/7
Lətif Həsənov və həyat yoldaşı Qumru xanımın gənclik fotosu.
© Sputnik / Kamal AlmuradlıSəksən üç yaşı olmasına baxmayaraq, Qumru nənə bir gün belə işsiz dayanmır, dizini büküb oturmur
Səksən üç yaşı olmasına baxmayaraq, Qumru nənə bir gün belə işsiz dayanmır, dizini büküb oturmur - Sputnik Azərbaycan
4/7
Səksən üç yaşı olmasına baxmayaraq, Qumru nənə bir gün belə işsiz dayanmır, dizini büküb oturmur
© Sputnik / Kamal AlmuradlıLətif və Qumru Həsənovlar qohumlarının əhatəsində.
Lətif və Qumru Həsənovlar qohumlarının əhatəsində - Sputnik Azərbaycan
5/7
Lətif və Qumru Həsənovlar qohumlarının əhatəsində.
© Sputnik / Kamal AlmuradlıQəmbəralı Əlirza oğlunun naməlum rəssam tərəfindən çəkilmiş şəkli.
Qəmbəralı Əlirza oğlunun naməlum rəssam tərəfindən çəkilmiş şəkli - Sputnik Azərbaycan
6/7
Qəmbəralı Əlirza oğlunun naməlum rəssam tərəfindən çəkilmiş şəkli.
© Sputnik / Kamal AlmuradlıLətif Həsənovun atası Məmmədhəsən kişi.
Lətif Həsənovun atası Məmmədhəsən kişi - Sputnik Azərbaycan
7/7
Lətif Həsənovun atası Məmmədhəsən kişi.
1/7
Lətif Həsənov qış tədarükü görərkən.
2/7
Lətif baba və Qumru nənə 63 ildir ki, həyatda birgə addımlayırlar.
3/7
Lətif Həsənov və həyat yoldaşı Qumru xanımın gənclik fotosu.
4/7
Səksən üç yaşı olmasına baxmayaraq, Qumru nənə bir gün belə işsiz dayanmır, dizini büküb oturmur
5/7
Lətif və Qumru Həsənovlar qohumlarının əhatəsində.
6/7
Qəmbəralı Əlirza oğlunun naməlum rəssam tərəfindən çəkilmiş şəkli.
7/7
Lətif Həsənovun atası Məmmədhəsən kişi.

Böyük Vətən Müharibəsi başlanandan az sonra Lətifin atası cəbhəyə göndərilib və Mozdok uğrunda gedən döyüşdə itkin düşüb. Bundan sonra ailələrinin ağır yükünü anası Sona xanım çəkib. Bütün çətinlik, məşəqqət və məhrumiyyətlərə baxmayaraq, bu qadın 100 ildən artıq ömür yaşayıb və 1992-ci ildə Şahverdili kəndində vəfat edib. Sonuncu yaşayış məntəqəsinə gəlmələri isə könüllü olmayıb, onları, Vedi rayonunda yaşayan digər minlərlə azərbaycanlı ailəsi kimi, dədə-baba torpaqlarından zorla köçürüblər.

"Dörd gün bağlı yük vaqonunda yol gəldik. Çöl-biyabanda qatar dayandı, qapıları açdılar ki, "çatmısınız, düşün". Heç kəs yerə enmək istəmirdi. Düz on gün beləcə dirəniş göstərdik. Axırda zorla bizi vaqonlardan yerə tökdülər", — həmsöhbətimiz o günləri belə xatırlayır.

Adamlarla birgə kolxozun mal-qarası da bu yerlərə gətirilibmiş. Amma iqlimə uyğunlaşa bilmədiklərindən növbəti ilin yayında həmin heyvanların hamısı tələf olur. Dağ yerinin adamları yandırıcı günə, nəfəskəsən bürküyə birtəhər tab gətirərək, adam boyu verən çərənləri, tikanları təmizləyib, qamışdan, torpaq doldurmadan özlərinə ev tikir, ağac əkib kölgələnəcək yaradırlar. İllər sonra burada təşkil edilən Mirbəşir Qasımov adına və "Qələbə" kolxozları rayonun ən qabaqcıl təsərrüfatlarından birinə çevrilir.

Amma ilk vaxtlar buradakı şəraitə uyğunlaşa bilməyən 23 yaşlı gənc, ailə quran kimi baş götürüb Şəmkir rayonunun Çinarlı kəndində yaşayan əmisinin yanına gedir. Onları boş qalmış alman evlərindən birində yerləşdirir və üzümçülük sovxozunda işə götürürlər. Bir müddət sonra yaxınlarının təkidi ilə yenidən Şahverdili kəndinə qayıtmalı olurlar.

Turpla ev tikib, suçuluqla "Qaz-24" alıb

Lətif kişi deyir ki, hazırkı evini turp əkib satmaqla tikib: "Bir il turpun qiyməti baha olmuşdu. Həyətyanı təsərrüfatımı şumlayıb, turp toxumu səpdim. El köməyi ilə onu torpaqdan çıxartdıq. Düz 4 ton məhsul olmuşdu".

"Qatarla Rusiyanın Tula şəhərinə aparıb satdım. O qədər pul olmuşdu ki, ciblərə yerləşdiriləsi deyildi, içərisində turp apardığım kisəyə yığdım. Qayıdıb həmin pulla tikinti materialları aldım və bu evi tikməyə başladıq", — danışır ağsaqqal.

Dediyinə görə, mərhum prezident Heydər Əliyev 4 dəfə bu kənddə olub: "Bir dəfə sahə evində kolxozçuların hamısı ilə ümumi görüş keçirdi. Dedi, "kimin nəyə ehtiyacı varsa, desin". O vaxtlar avtomobil almaq çətin idi, gərək illərlə növbə gözləyəydin. Dedim, suçu olanda nə olar, mənim də könlümdən "Qaz-24" keçir. Üstündən az vaxt ötəndən sonra "raypo"dan xəbər göndərdilər ki, "gəl, maşınını apar"".

Seyidbaba ocağının möcüzəsi

Niyyət edibmiş ki, oğlu Vilayət hərbi xidmətdən sağ-salamat qayıtsın, ailə üzvləri ilə birgə ana babasının ocağını ziyarət etsin: "Uşaq 1982-ci ilin mayında gəldi, bir ay sonra yola çıxdıq. Kotuz kəndinədək avtomobillə, qalan, təxminən 30 kilometrlik yolu isə piyada getdik. Biz gedən vaxt orada heç kəs yaşamırdı. Çay daşlarından olan hasarlar uçmuş, əyilmiş, evlər yerə çökmüşdü. Amma babamın qəbrinin ətrafı təmiz idi. Axı həmin illərdə ora tez-tez müxtəlif yerlərdən ziyarətə gələnlər olurdu".

İdris Şeydayev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Böyük divanın şahidi: "Bacısı məhkəmədə Mircəfər Bağırovdan imtina etdi"

Lətif kişi Seyidbaba ilə bağlı möcüzələrdən də danışır: "Həyətində bitən armud ağacının bir budağı evin divarından içəri keçmiş, hərəsi bir rəngdə meyvə gətirmişdi. Dağ keçiləri bu həyətə gəlir, nənəm onları sağıb südündən pendir tuturdu".

Dediyinə görə, Seyidbaba və oğlu Həsən ötən əsrin əvvəllərində ortaya milli münaqişə düşən vaxtı qətlə yetirilib. Sonuncu münaqişədən sonra daha bu ocağı da ziyarət edə bilməyirlər.

Qızıl və brilyant toyları da arxada qalıb…

Lətif babanın 86, həyat yoldaşı Qumru xanımın isə 83 yaşı var. Onlar 63 ildir ki, birgə həyat yaşayırlar. Övladları artıq baba və nənə olublar. Amma hələ də əllərini işdən üzmək, dizlərini qatlayıb oturmaq istəmirlər.

Dediklərinə görə, onları gümrah saxlayan elə iş-güc, açıq havada, təbiətin qoynunda olmaqdır. Həyətyanı təsərrüfatlarında yaxşı bağ salıblar, hər cür meyvə ağacları yetişdiriblər.

Amma yaşıdları azaldıqca qəribsəməyə başlayıblar. Hələ hava soyumamış odun doğramaq da bəlkə elə yarpaq tökümünün gətirdiyi sərinliklə bağlıdır…

Xəbər lenti
0