CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya bu uşağın qarşısında üzüqaradır

© Sputnik / Kamal AlmuradlıTərtər rayonunun İsmayılbəyli kənd sakini Müslüm Müslümzadə
Tərtər rayonunun İsmayılbəyli kənd sakini Müslüm Müslümzadə - Sputnik Azərbaycan
Abunə olmaq
15 yaşlı muğam ifaçısı maddi imkansızlıq ucbatından dünya işığına həsrət qalıb

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 23 sen — Sputnik. Geyinib həyətə düşür. Bir qədər ehtiyatla, amma əminlikə addımlayır. Evdən təxminən, əlli addım aralıda olan həyət darvazasına çatır, elə ilk əl toxunuşu ilə cəftəni tapır, qapını açıb bayıra- məhəlləyə çıxır.

Alekseyevka kəndinin sakinləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Nə bir qapımı döyən var, nə halımı xəbər alan..."

Həmişə səliqəli kostyum, ağ köynək geyinir, qalstuk və qara eynək taxır. Saçları zövqlə daranmış olur. Üzündə xoş təbəssüm…

Adam əvvəlcə inana bilmir ki, müstəqil olaraq bir yolu əlinə alıb gedən, cibindən mobil telefonunu çıxarıb kiməsə zəng edən, hər şeydən məlumatlı olan bu yeniyetmə oğlanın gözləri görmür. Amma qəhrəmanımız öz istedad və bacarığı ilə yaşıdlarından xeyli qabağa gedib.

9 yaşından xalq mahnılarını ifa etməyə, muğam oxumağa başlayıb. İndi təkcə kəndlərində yox, həm də rayon və respublika miqyasında tanınır, tez-tez müxtəlif tədbirlərə dəvət alır. Ecazkar səsi, yanıqlı zənguləsi ilə böyük konsert salonlarının mərmər divarlarını, beton tavanını "sökür"…

Müslüm Əli oğlu Müslümzadə Tərtər rayonunun İsmayılbəyli kəndində yaşayır. 15 yaşı bu ilin sentyabrın 24-də — sabah tamam olacaq.

Anası Nailə xanım deyir ki, uşaqdakı bu fiziki qüsur sonradan qazanılmayıb, elə anadangəlmə belə olub: "Bizim biri qız, digəri isə oğlan olmaqla daha iki övladımız var, onlar tam sağlamdırlar. Görmə qabiliyyətindəki qüsur Müslümə heç irsi yolla da keçməyib. Nə deyim, Allah belə yaradıb".

Görməməyi bir yana, üstəlik gözlərindəki xəstəlik daim Müslümü narahatlıqda saxlayır. Gözün buynuzlu qişası deşilib və oradan su gəlir. Valideynləri onu ölkə daxilindəki bir çox tibb müəssisələrinə aparıblar, təcrübəli oftalmoloqlara müayinə etdiriblər. Amma indiyədək təyin edilən bütün müalicələr yalnız gözdəki narahatlığı bir müddətlik aradan qaldırıb, görmə qabiliyyətinin bərpasına gətirib çıxarmayıb.

Müslümün atası Əli Alışov bildirir ki, 2014-cü ilin noyabrında həyat yoldaşı və uşaqla birgə "Azad Azərbaycan" telekanalı ilə canlı yayımlanan "Öz aramızda" verilişinin qonağı olublar: "Həmin verilişin hesabına Müslümün müalicəsi üçün 4 min manat pul yığıldı. Rusiyada yaşayan, əslən Gədəbəy rayonundan olan bir azərbaycanlı bizi Başqırdıstana dəvət etdi. Allah ondan razı olsun, bizə çox köməkliyi dəyib".

© Sputnik / Kamal AlmuradlıTərtər rayonunun İsmayılbəyli kənd sakini Müslüm Müslümzadə.
Tərtər rayonunun İsmayılbəyli kənd sakini Müslüm Müslümzadə - Sputnik Azərbaycan
1/5
Tərtər rayonunun İsmayılbəyli kənd sakini Müslüm Müslümzadə.
© Sputnik / Kamal AlmuradlıMüslüm Müslümzadə ailəsi ilə
Müslüm Müslümzadə ailəsi ilə - Sputnik Azərbaycan
2/5
Müslüm Müslümzadə ailəsi ilə
© Sputnik / Kamal AlmuradlıMüslümün müxtəlif tədbirlərdə çıxışı zamanı çəkilmiş şəkillər.
Müslümün müxtəlif tədbirlərdə çıxışı zamanı çəkilmiş şəkillər - Sputnik Azərbaycan
3/5
Müslümün müxtəlif tədbirlərdə çıxışı zamanı çəkilmiş şəkillər.
© Sputnik / Kamal AlmuradlıMədəniyyət və Turizm nazirliyi tərəfindən verilmiş Fəxri fərman
Mədəniyyət və Turizm nazirliyi tərəfindən verilmiş Fəxri fərman - Sputnik Azərbaycan
4/5
Mədəniyyət və Turizm nazirliyi tərəfindən verilmiş Fəxri fərman
© Sputnik / Kamal AlmuradlıYeni Tərtər qəzetində Müslüm haqqında məqalə
Yeni Tərtər qəzetində Müslüm haqqında məqalə - Sputnik Azərbaycan
5/5
Yeni Tərtər qəzetində Müslüm haqqında məqalə
1/5
Tərtər rayonunun İsmayılbəyli kənd sakini Müslüm Müslümzadə.
2/5
Müslüm Müslümzadə ailəsi ilə
3/5
Müslümün müxtəlif tədbirlərdə çıxışı zamanı çəkilmiş şəkillər.
4/5
Mədəniyyət və Turizm nazirliyi tərəfindən verilmiş Fəxri fərman
5/5
Yeni Tərtər qəzetində Müslüm haqqında məqalə

Atanın sözlərinə görə, Sterlitamak şəhərindəki "Duplex med" tibb mərkəzində aparılan 3 aylıq müalicə onlarda Müslümün sağlamlığının bərpasına ümid yaradıb: "Ardıcıl yeddi dəfə kiçik cərrahi əməliyyat aparıldı. Elə ilk müayinədə rentgen şüasını hiss etmişdi. Görməsə də, Müslümün göz damarları oyaqdır. Həkimlər bildirdilər ki, üç il davamlı müalicə edilməli, bundan sonra gözün buynuzlu qişası dəyişməlidir".

Amma alışovlar ailəsi Ufa şəhərində üç aydan artıq qala bilməyiblər. Növbəti dəfə getməyə isə pulları olmayıb. Müslümün müalicəsi yolunda qiymətli olan hər şeylərini — qızıl-zinət əşyalarını, avtomobili, ev heyvanlarını və hətta pay torpalarını da satıblar. İndi ailəni dolandırmaq üçün ata günəmuzd qaydada soğan çıxarır, ana isə xəstə övladına və qaynanasına qulluq edir.

Müslümün nənəsi Zeynəb xanım deyir ki, nəvəsinin gözlərindən büllur töküləndə bərk sarsıntı keçirib və şəkər xəstəliyinə tutulub.

Tərtər rayonunda gözdən əlillər üçün məktəb olmadığından, Müslüm orta təhsil ala bilməyib. Nailə xanım deyir ki, bu, onun musiqi təhsili almağına bir müddət mane olub: "9 yaşı olanda Müslümü Bərdədəki incəsənət məktəbinə apardıq. Orta təhsili olmadığından onu sənədlə qəbul etmədilər. Dedilər, qeyri-rəsmi qaydada gəlib dərsdə otursun, öyrənsin. Sonradan bir xeyirxah insanın köməyi ilə Tərtərdəki musiqi məktəbinə qəbul olundu. İndi orada 4-cü sinifdə oxuyur".

Yaxınları bildirirlər ki, Müslümdə musiqiyə 3 yaşından meyl olub. Əvvəl sadəcə uşaq həvəsi ilə oyuncaq alətləri ifa edib, nağara döyəcləyib. Sonrakı illərdə dinlədiyi mahnıları zümzümə etməyə başlayıb. Onun ecazkar səsi çoxlarını təsirləndirib. İndi rayon tədbirlərində də iştirak edir, toylara da dəvət alır.

Yaş dövrü ilə əlaqədar Müslümün səsi dəyişməkdədir. Müəllimi xəbərdar edib ki, bu dövrdə ona zildə oxumaq, ağır boğaz keçidləri etmək olmaz. Gününün çox hissəsini telefonunun yaddaşında olan mahnıları dinləməklə keçirir: muğam sədası, "naleyi-ney, nəğmeyi-tar" "səbri-qərarını qarət edir".

Müslüm artıq özü də şeir, musiqi üçün mətnlər yazmağa başlayıb. Hələ ki, öz yazdıqlarını hafizəsində qoruyur, onların kağıza köçürülməsinə tələsmir. Düşüncəsini daha çox Vətən, ana, Qarabağ mövzusu məşğul edir. Bir də tükənməyən sevgi. Şeirlərinin birində "Bu sevgi heç zaman bitməyəcəkdir" yazır Müslüm.

Vüsalın atası Yavər Abbasov, anası Xuraman xanım və özü - Sputnik Azərbaycan
CƏMİYYƏT
Öz gələcəyindən kəsib valideynlərinin bu gününə "calayan" uşaq

Nailə xanım deyir ki, Müslümdə intuisiya çox güclüdür: "Onun özünəməxsus zövqü var. Hər paltarı ona ala bilmirik, özü bəyənib seçir. Köynəyinin çirkli olub-olmamağını bizdən yaxşı bilir. Təkcə ifalarını dinlədiyi müğənniləri deyil, digər insanların da səsini yadında saxlayır. Kimlə bircə dəfə ünsiyyətdə olubsa, illər sonra səsini eşidən kimi onu tanıyır".

Sənətdə peşəkarlıq üçün yaxşı təhsil lazımdır. Amma gözdən əlil uşağın, müalicəsi kimi, təhsili də vəsait tələb edir. Axı o, təkbaşına harasa gedə, başqa yerdə qala bilməz. Ümumi təhsil almadığına və görmə qabiliyyəti olmadığına görə onunla fərdi məşğul olunmalıdır.

Alışovlar ailəsi hələ də ümidlərini üzməyib. Onlar düşünürlər ki, əgər Müslümün sağlamlığı bərpa oluna bilərsə, niyə dövlət, ayrı-ayrı təşkilat və cəmiyətlər yardım göstərməsin? Axı əlil insan həm də cəmiyyət üçün yükdür. Üstəlik müalicə olunmağın və təhsil almağın da öz vaxtı var. Sonra gec ola bilər.

Hələ ki, Müslüm qaranlığa, ağrı-acılara, dözür, oxuduğu mahnıların sözlərinə uşaq məsumluğu və səmimiyyəti ilə yanaşı, Vətən sevgisi ilə çağlayan gözlərinin yaşlarını da qatır: "Bu xəstə canım olaydı fədası bülbülümün"…

Xəbər lenti
0