O, bir nəsil tərbiyə edib, "müəllimlər müəllimi" olub. Bu gün də evi qaranlıq küçəyə işıq salır. Yeni nəsil Qusarda yaşayan 81 yaşlı İdris Şeydayevdən vəfa və sadaqət dərsi götürə bilər.
BAKI, 25 iyun — Sputnik. Adəti üzrə evdən bayıra təmiz, ütülü paltarda, ağ yaxalıqlı köynəkdə çıxır. Axır vaxtlar təngnəfəs olur deyə daha qalstuk taxmır. Yanından ötüb keçdiyi adamlar ehtiramla ona salam verir, küçədə hərəkət edən avtomobillər sürətini azaldır. 40 ildən artıq müəllimlik etmiş, drujinaçılıqdan rayon partiya komitəsinin təlimatçılığınadək bir çox ictimai vəzifələr daşımış bu nurani insana — İdris müəllimə Qusarda beləcə hamı hörmət, ehtiramla yanaşır.
Hələ ana bətnindəykən atadan yetim qalıb…
"Mən dünyaya gəlməzdən üç ay əvvəl atam vəfat edib. Onun adı mənə qoyulub. Buna görə çox az təsadüf edilən inisialım var: İdris İdris oğlu. Atam bisavad olsa da, istəyib ki, övladları təhsil alsın. Mərhum ərinin bu arzusuna görə anam uşaq yaşlarımdan üstümə düşmüşdü ki, sən oxuyacaqsan", — deyir müsahibimiz.
İdris Şeydayev 1935-ci ildə Qusar rayonunun Xuluq kəndində doğulub. Bu kənddə məktəb ötən əsrin 20-ci illərində açılıb. 1-ci sinfə gedəndə böyüklərdən öyrənir ki, kəndin ilk müəllimi olan şair Əhməd Cavad antisovet fəaliyyətdə suçlanıb və güllələnib. Dərs keçdikləri ikimərtəbəli bina vaxtilə kənddə yaşayan mollanın şəxsi mülkiyyəti olub. Şura hökuməti kişinin evini əlindən alaraq məktəb edib, özünü isə "gedər gəlməz"ə yollayıb.
Çox sonralar gənc İdris Azərbaycandakı bu repressiyaların başında dayanan şəxsin — Mircəfər Bağırovun məhkəməsində iştirak edir: "Mircəfər Bağırov Xuluqda, qonşu kəndlərdə, xüsusilə Nəcəfkənddə çox olub. Qubada "pedtexnikum"da oxuyanda bacısı Sona xanımı yaxından görmək, onunla ünsiyyətdə olmaq imkanım yarandı. Məktəbə zəng edib, alma toplamaq üçün bir neçə tələbənin göndərilməyini istəmişdi. Rəhbərlik məni də yolladı".
"Sona xanım son dərəcə sadə insan idi. Bizimlə birgə iş görür və tapşırırdı ki, meyvələri əzmədən yeşiklərə yığaq, onlar Moskvaya göndəriləcək. Tələbələrdən birinin əli əzilmişdi, yarasını sarıdı. Amma məhkəmədə o, Mircəfər Bağırovun bacısı olduğunu inkar etdi. Görünür ailəsinin incidiləcəyindən ehtiyatlanırdı", — deyir İdris müəllim.
"Elə ilk dəfə görəndən vuruldum"
Quba pedaqoji texnikumunda oxuduğu illərdə İdris Şeydayev öz sevgisini də tapır: "Qubadakı ətriyyat mağazalarının birində Roza adında boy-buxunlu, yaraşıqlı, həm də olduqca təmizkar bir qız işləyirdi. Elə ilk dəfə görəndən vuruldum. Öyrəndim ki, Qubada qohumlarım yaşayan məhəllədə qalır. Onlar da məsləhət gördülər ki, bu qızla ailə qurum".
Onların evlənməyi xeyli vaxt çəkir. Quba pedaqoji texnikumunu bitirən İdris Şeydayev, əvvəlcə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olur. Amma az sonra buradakı təhsilini dayandırıb, sənədlərini Dağıstan Dövlət Unversitetinin riyaziyyat fakültəsinə təqdim edir.
Onun əmək bioqrafiyası 1957-ci ildən — Xaçmaz rayonunun Borispol (indiki Sərkərli- A.Y.) kəndindəki 7 illik məktəbdən başlayır. Buradan Sayad kənd və Xudat şəhər məktəblərinə göndərilir. Ailə qurandan sonra Qusar şəhərinə köçür və internat məktəbinə direktor müavini təyin edilir. Sonrakı vaxtlarda İdris müəllim Qusar şəhərindəki 3 və 6 saylı orta məktəblərdə riyaziyyat fənnini tədris edib.
Roza xanım bir müddət Qusar rayonundakı müəssisələrdə, o cümlədən dövlət bankında mühasib işləyib. Amma o da, həyat yoldaşı kimi, müəllim olmaq arzusunda olub. Ailə qurandan 17 il sonra — 1982-ci ildə Roza Şeydayeva M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul edilib. Bu vaxtadək onların Aydın, Rauf və İradə adlı övladları dünyaya gəlmişdi.
Lermantov yaşayan küçə…
Şeydayevlərin yaşadığı ev rus şairi Lermantovun sürgün həyatını keçrdiyi keçmiş "Zabitlər küçəsi"ndə (hazırda Fəxrəddin Musayevin adını daşıyır) yerləşir. Bu küçədəki bəzi tikililər Qusarın son 200 illik tarixinin izlərini hələ də qoruyub saxlayır.
İdris müəllim deyir ki, vaxtilə bu yerlər meşə olub: "Çar Rusiyası dövründə burada polk yerləşdirilib. Hərbçilər ağacları kəsib özlərinə ev tikib, evlənib yaşayıblar. Belə tikililər "domov ruçnoy rubki" adlandırılır. Biz evi Roza ilə bankda bir yerdə işləmiş İrina adlı qadından almışıq. Onun atası Aleksandr da Qusarda müəllimlik edib".
İşıqlı ev
Bu ev daim işıqlı, qonaq-qaralı olub. Nə qədər adam tapılmayan kitabları bu evdən soruşub, məsləhət almaq üçün bu ünvana üz tutub. Bu küçədən keçənlər şeydayevlərin pianodakı ifalarını dinləmək üçün ayaq saxlayıb. Bu ilin aprelin 4-də Roza xanım son mənzilə yola salınarkən bu evin qarşısında böyük izdiham yaranıb.
Son vaxtlar İdris müəllim lap gec yatmağa başlayıb. İşdən çıxandan və tənha qalandan bəri darıxqan olub. Evdəki kitabların hamısını oxuyub qurtarıb. Ölkədə və dünyada baş verən hadisələrdən məlumatlı olmağı üçün qəzet və jurnallar mütaliə edir, televiziyaya baxır. Axşamlar uzaqda olan uşaqları, nəvələri ilə skayp bağlantısı yaradır. Gecə keçənədək pəncərəsindən küçəyə işıq düşür və bu, qaranlıqda gedən adamlara yol göstərir…
Vaxtının çox hissəsini güllərlə keçirir
Həyat yoldaşının ölümündən sonra piano arxasına keçə bilmir. Onun hətta qapağını qaldıranda belə təsirlənir: "Əlləri, barmaqları toxunub bu dillərə. İstəmirəm bu izlər itsin…".
Kitab rəfinin, yazı masasının, mətbəx stolunun üstündə, çarpayısının baş hissəsində Roza xanımın böyüdülmüş şəkilləri asılıb. Sanki onu bir an da olsun gözündən uzaq qoymaq istəmir. Onun vəfatından bəri saç-saqqal buraxıb, hüznlü görkəm alıb. Bu tükənməyən sevgi 81 yaşlı kişiyə şeir də yazdırıb. Ləzgi dilində çıxan "Samur" qəzetinin redaktoru Sədaqət Kərimova Roza xanımın ölümünə həsr etdiyi elegiyaya həmin şeirdən iki bəndi əlavə edib.
Gündüzlər vaxtının çox hissəsini həyətində yetişdirdiyi güllərlə keçirir. Onları sulayır, oxşayır, hərəsini öz dilində danışdırır. Hər həftə səhərin şehində islanmış çiçəklərdən çələng bağlayıb qəbiristanlığa gedir və yarım əsr birgə yaşadığı həyat yoldaşının qəbri üstünə düzür. Ona elə gəlir ki, ləçəklərdən damla-damla qopub bir-birinin üstə, sonda torpağa qarışan su deyil, güllərin göz yaşlarıdır.
Ramiz Qusarçaylı sanki bu səhnəni təsvir edibmiş:
Güllər bir-birini öpüb-yatışır,
Güllər bu yuxudan oyanan deyil…