Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Onlar niyə xoşbəxt ola bilmədilər?

© Photo : APAXalq artisti Nuriyyə Əhmədova, arxiv şəkli
Xalq artisti Nuriyyə Əhmədova, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mədəniyyəti bazara çevirən şəxslər gənclərə demək istəyirlər ki, "əgər bu sənətə gəlsəniz, mədəniyyət uğruna çalışsanız..."

BAKI, 11 okt — Sputnik. 64 yaşında, kirayə qaldığı evdə vəfat etdi Nuriyyə Əhmədova. Yəqin xatırlayırsız, Xanım Qafarova 47 yaşında vəfat etmişdi, Gülnar Salmanova 59 yaşında. Əslində, hamısı qısa ömürdür. Biz tərəflərdə 80 yaşı keçməyənlərə "cavan öldü" deyirlər.

Qaranlıqda insan kölgəsi. Arxiv şəkli - Sputnik Azərbaycan
YAZARLAR
Öz dahilərinə qənim kəsilənlər

Bu aktrisaların müxtəlif xəstəliklər üzündən vaxtından tez vəfat etməsi bir dərddir, onların ağrılı-acılı taleləri başqa bir dərddir. Ən acınacaqlısı isə odur ki, bütün ömürlərini mədəniyyətə, sənətə, səhnəyə həsr edən bu mərhumlar olduqca kasıb, kimsəsiz, vəzifəli və imkanlı şəxslərdən mərhəmət uma-uma vəfat ediblər. Sənət insanının, yaradıcı şəxsin bu güzəranı bir xalq üçün ölçüyəgəlməz böyüklükdə faciədir.

Məlum mühitin adət-ənənələri, ailənin təzyiqləri, qohumların "pis baxışları", doğmaların onlardan üz döndərməsi, bəsit təfəkkürlü insanların əxlaqsız damğası varkən, bütün bunlara rəğmən səhnəyə çıxmaq, aktrisa olmaq, bu şəraitdə bir qadın sənətkar kimi yetişmək özü də qəhrəmanlıqdır.

Əlbəttə, Nuriyyə Əhmədova, Gülnar Salmanova, Xanım Qafarova kimi mərhum aktrisalar, hal-hazırda yaşayıb-yaradan bütün digər aktrisalar da bu mənada bir qəhrəmandırlar. Amma soruşsanız, heç biri xoşbəxt deyil. Biri ailədən, biri sevgilidən, biri övladdan, biri elə sənətin özündən nakamdır. Bəs niyə bu qadınlar xoşbəxt ola bilmirlər?

64 yaşına qədər Nuriyyə Əhmədova bir evinin olmasını arzuladı. Mərhum sənətkarın hər hansı bir sənət uğuru arzulamağa vaxtı və səbri də qalmamışdı. Amerikada, Avropada onun həmkarları "Oskar" xəyalı ilə yatıb-durarkən, o, sadəcə bir ev xəyalı ilə yatıb-dururdu. Başqa heç nə…

Xanım Qafarova isə vəfat etdiyi günə qədər imkanlı və vəzifəli şəxslərdən müalicəsi üçün kömək istədi. Əvvəlcə gözlərinin əməliyyatı üçün öz torpaq sahəsini dəyər-dəyməzinə satan aktrisa, sonralar xərçəng xəstəliyinin müalicəsi üçün bütün vəzifəli şəxslərə, oliqarxlara, məmurlara yalvarmağa başladı. Elə bu yalvarış içində də vəfat etdi. Əlbəttə, sənət insanının yalvarışını, əzilməyini, alçalmasını sevən oliqarxlar mühitində bir sənətkarın taleyi bundan yaxşı ola bilməzdi.

Gülnar Salmanova da Xanım Qafarova ilə eyni taleyi yaşadı… Bu yaxınlarda eşitdim ki, aktrisa Kübra xanım Əliyeva da sənətlə vidalaşıb. Səhhətindəki problemlərdən dolayı artıq inzivaya çəkilməyi seçən bu aktrisanın da həyatı ürəkaçan deyil.

Bəxt üzüyü filmindən stop kadr - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Taksi sürən, al-ver edən, suvaq vuran ziyalılar

Oxşar aqibətlə vəfat edən, yaxud hal-hazırda acınacaqlı durumda olan kişi sənətkarlar da az deyil. Telman Adıgözəlov, Elçin Həmidov, İlham Əsgərov da qəfil və tez vəfat etdilər. Gecə-gündüz həm öz yaşayış problemlərini, həm də ölkənin tənəzzüldə olan mədəniyyətini düşünən bu sənət fədailəri o qədər fikir çəkdilər ki, ürəkləri partladı.

Onların xoşbəxtliyi teatr səhnəsi, projektor işıqları, kameralar, mikrofonlar, qrim otaqları, kostyum qarderoblarıdır. Bu kiçik ləvazimatlardan nəhəng sənət əsərləri yaradan insanları sevməmək, onlara qayğı və diqqət göstərməmək, onları yalvarışa məcbur etmək, səfalətlə baş-başa buraxmaq birbaşa ölkənin mədəniyyətini təpikləməkdir. Deməli, səlahiyyətli şəxslər və qurumlar ölkənin mədəniyyətini təpikləyir, onların məqsədi sənətin çöküşündən qeyri bir şey deyil.

Bu adamların xoşbəxtliyi sənətin inkişafıdır. Onların xoşbəxtliyi xalq sevgisidir. Onların xoşbəxtliyi tamaşaçı alqışı, pərəstişkar çiçəkləridir. Bu xoşbəxtliyi onlardan əsirgəmək, onları xərçəngə, infarkta, paralicə sürükləmək rəvadırmı? Axı onlar bu topluma xidmət etməkdən başqa nə günah işləyiblər?

Bu xidmətin mükafatıdırmı Xanım Qafarovanın, Gülnar Salmanovanın, Nuriyyə Əhmədovanın, Elçin Həmidovun, Telman Adıgözəlovun, İlham Əsgərovun Bakının uzaq kəndlərində kimsəsiz qalan məzarları? Bu aqibətləri görən gənc aktrisalar, aktyorlar ölkə mədəniyyəti üçün hansı həvəslə işləyə bilərlər ki?

Yoxsa bu, bir görkdür? Yoxsa mədəniyyəti bazara çevirən səlahiyyətli şəxslər gənclərə demək istəyirlər ki, "baxın, əgər bu sənətə gəlsəniz, mədəniyyət uğruna çalışsanız, sizin də aqibətiniz belə olacaq"?

Turizmində, idmanında, iqtisadiyyatında islahatlar gedən çiçəklənən respublikanın mədəniyyətdə də islahata, tibbi dildə desəm, təcili yardıma ehtiyacı var…

Xəbər lenti
0