BAKI, 6 sen — Sputnik. Özünü bütün yaradıcı adamların həm yaradıcılığına, həm də şəxsi həyatına ekspert zənn edən, istər səhnə sənətlərinin, istər yazı sənətlərinin auditoriyasında oturub, lakin dahilik iddiasında olan belə oxucular və tamaşaçılar başqa hansı ölkədə var, bilmirəm. Amma bizim ölkədə var və saysız-hesabsızdırlar.
Onları ümumilikdə xalq hesab etməyin doğru olacağından da əmin deyiləm. Düzdür, sözügedən adamlar çoxluqdur, əksəriyyətdir. Amma xalqdırmı? Bu, mübahisəlidir.
Adı hər nə olursa olsun, tarix boyu öz yaradıcı adamlarını daşqalaq edən, onları şəxsi həyat tərzlərinə görə qiymətləndirən, amma bütün çıxışlarında sənətdən, yaradıcılıq prinsiplərindən dəm vuran bu adamlar Məhsətini daşa basan, Nəsiminin dərisinin soyulmasını arzulayan, Axundova kafir, Ərəblinskiyə əxlaqsız deyən adamlardır. Bəli, tarixində belə qara ləkələrin olduğu bir xalqın nümayəndəsi olmaq necə hisdir, əzizlərim?
Bu yaxınlarda şair Aqşin Yeniseyin doğum günü idi. Sosial şəbəkədə şairin doğum gününə ünvanlanan təbrik statuslarının altında onun dahi olub-olmaması müzakirə mövzusuna çevrilmişdi. Kimisi dahilik kürsüsünə Nizamini, Füzulini, kimisi Hüseyn Cavidi, Cəfər Cabbarlını, kimisi çağdaş ədəbiyyatda bir tək Ramiz Rövşəni, kimisi də elə Aqşin Yeniseyin özünü oturdurdu. Kənardan bu qızğın müzakirələri izləyəndə vəziyyətin nə qədər gülünc və nə qədər faciəvi olduğu aşkara çıxır.
Sosial şəbəkə profilində iş yeri hansısa futbol komandasının səhifəsində adminlik, yaxud yeniyetmə sevgi-məhəbbət macəraları ilə bağlı qrupların təsisçiliyi göstərilən adamlar Nizamiyə, Füzuliyə, Cavidə, Cabbarlıya, Ramiz Rövşənə, Aqşin Yeniseyə dahilik dərəcələri təyin edəndə özünü necə hiss edə bilərsən ki? Sadalanan şəxslərin heç birinin bircə cümləsi qədər də ölkə və xalq üçün iş görməyənlər onların həyat və yaradıcılığını küçə səviyyəli söhbət mövzuları kimi müzakirə edəndə düşünürsən ki, bu zalım günəşin enerjisi haçan bitəcək ki, belə ədalətsiz dünyanı öz radiasiyasında tikə-tikə eləsin!?
Son günlərin gündəminə bomba kimi düşən mövzulardan biri də azərbaycanlı fahişələrin Rusiyada erməni kişilərin məclisində əylənməsi oldu. Video portalında bu fahişələrin iki dəqiqəlik videosunu izləmək insanın sürətli əttökülməyə məruz qalmasına kifayət etdi. Fahişə olanda nə olar ki? Gərək fahişənin də bir çəkisi, sanbalı olsun.
"Azərbaycanski deviçki van nomer!" kimi bayağı, şit, əndrabadi, əttökən bir cümləni işlədən fahişə, görəsən, həyatı boyunca neçə kitab oxuyub? Deyəcəksiz ki, kitab oxusaydı, fahişə niyə olurdu? Bu da tipik azərbaycanlı yanaşmasıdır. Məsələn, 20-ci əsrdə Amerikada bir fahişə yalnız yazıçılarla yatırmış və yatdığı yazıçıların əsərlərini oxuyurmuş. İş o yerə çatır ki, qadından müsahibə alırlar və onun niyə yalnız yazıçılarla yatdığını soruşurlar. Qadın cavab verir ki, "yazıçıyla yatmaq, tarixlə yatmaqdır!".
Ona görə dedim ki, gərək fahişənin də sanbalı, çəkisi olsun. Əgər həmin amerikalı qadın fahişədirsə, bəs erməni məclisindəki o azərbaycanlı qızlar nədir?
Bu misalı əbəs yerə çəkmədim. Amerikalılar, avropalılar özlərinin yaradıcı adamlarını, elm və mədəniyyət adamlarını qoruyurlar. Həm xalq, həm də dövlət olaraq öz ziyalılarının və istedadlılarının qeydinə qalır, onları dünyaya tanıdırlar. O bölgələrin fahişələri belə, bir yaradıcı insanı əyləndirməyi tarix yazmaq kimi görürlər. Amma bizim sözdə ən əxlaqlı, ən pak adamlarımız yaradıcı insanların milliyyətini, dini inancını, orientasiyasını, şəxsi həyat tərzini müzakirə etməkdən yuxarı səviyyəyə qalxa bilməyiblər. Bəli, bu adamların fahişəsi də elə olar.
Yazdıqlarım yanlış anlaşılmasın. Düşünmürəm ki, dahiləri xalq yetişdirir. Əsla! Hələ ki, söhbət bizim xalqımızdan gedirsə, bu xalq öz bütün dahilərinə qənim kəsilib. Ona görə də hansısa insanın öz şəxsi bilik və bacarıqları ilə şöhrətlənməsinə, uğur qazanmasına bayram edəndə çox süni görünürlər.
Bir həqiqət də var ki, xalq olmadan heç bir dahinin dahiliyi bilinməz. Təbii, əgər xalq özü bu dahilərin həyat və yaradıcılığına ekspert kəsilməyibsə…