Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Taksi sürən, al-ver edən, suvaq vuran ziyalılar

© Stop KadrBəxt üzüyü filmindən stop kadr
Bəxt üzüyü filmindən stop kadr - Sputnik Azərbaycan
Abunə olmaq
Bir neçə mahnı yazdırıb toylara ümid bağlayan aktyorların dərdinimi danışaq, gah kitab satışına, gah qəzet çapına, gah kafe-restoran sisteminə girişən ədəbiyyat adamlarınınmı?

BAKI, 23 avq — Sputnik. Tez-tez işlətdiyim bir ifadə var: əslində, Azərbaycanda elm və sənətlə məşğul olan bütün adamlar hər hansı qrup əlil kimi dövlət qeydiyyatına alınmalıdırlar. Onsuz da elm və mədəniyyətlə bir tikə çörək pulu belə, qazana bilmirlər. Barı özünü elmə və sənətə qurban verən bu adamlar əlillik təqaüdü ilə müəyyən ehtiyaclarını ödəyərlər.

Şəfiqə Axundova - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Eyni ayda vəfat edən ana və oğlu - iki musiqi nəhəngi

Hamımızın evində, qohum-qonşusunda, dost-tanışı içində ziyalı, bilikli, istedadlı ola-ola taksi sürən, al-ver edən, suvaq vuran çoxlu insanlar var. Məsələn, "8-ci kilometr bazarı"nda, yaxud Sədərək və Binə ticarət mərkəzlərində al-verlə məşğul olan riyaziyyat, fizika, kimya, tarix, coğrafiya, biologiya elmlərini mükəmməl bilən, geniş mütaliəsi, fəlsəfi və bədii yaradıcılıq qabiliyyəti olan, aktyorluq, rejissorluq, müğənnilik, rəssamlıq və müxtəlif istedadlara sahib olan saysız-hesabsız insanlara rast gəlmək olar.

Son dönəmə qədər elmin və sənətin qurbanına çevrilib məlum mühitdə cüzi məvacibi ilə dolanan, bu zavallı taleyinə boyun əyib özünün sənət fədaisi olması ilə təsəlli tapan məzlumlar öz taleləri ilə barışmışdılar. Bilik və bacarıqlarını vücudunun bir dərinliyində dəfn edib taksi sürən, al-ver edən, suvaq vuran adamlar da qəlblərindəki elm və sənət sevgisinə çoxdan baş daşı ucaltmışdılar. Amma son dönəmə qədər…

Son dönəm elm və mədəniyyət sahəsində baş alan nəhayətsiz dərəbəylik, özbaşınalıq, tamahkarlıq, rüşvətxorluq, şəxsi mənfəət prinsipləri o həddə çatdı ki, Bakının qədim kəndlərinin tin uşaqlarından aktyor, rejissor düzəldib xalqa fövqəladə istedad kimi sırıdılar. Bunu görən al-verçilər, suvaqçılar da bir yandan baş qaldırdılar ki, "bizim də istedadımız var". Artıq tarixi abidəyə çevrilən, unudulmaqda olan, məhvə sürüklənən teatrın məzlum fədailəri isə özlərini başqa sahələrdə yoxlayıb, çörək pulu qazanmağa başladılar.

Yaxın keçmişdə baş verən və bir ölkə üçün nəhəng faciə hesab olunan yaradıcı, ziyalı insanların yaşayışdan giley-güzarı, onların səfalət içində ölməsi bunun bariz nümunəsi deyilmi? Elmira Əliyevanın birotaqlı, üfunətli, uçuq bir daxmada yaşadığını, Safura İbrahimovanın sənətdən biryolluq üz döndərməsini, Gülnar Salmanovanın və Xanım Qafarovanın məmurlardan mərhəmət, varlılardan imdad uma-uma vəfat etmələrini, Nuriyə Əhmədovanın kirayələrdə, tək-tənha ölməsini, İlham Əsgərovun teatrdaxili çaxnaşmalardan, teatr direktorunun hegemonluğundan infarkt keçirməsini və başqa faciələri görmədikmi?

Azərbaycan kinosunun ən parlaq ulduzu Rasim Balayev indiyə qədər özünün maddi çətinliklərindən şikayətlənir. Bir müddət əvvəl Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmov maddi imkansızlığından dolayı böyrəyini satışa çıxarmışdı. Bir neçə mahnı yazdırıb toylara ümid bağlayan aktyorların dərdinimi danışaq, gah kitab satışına, gah qəzet çapına, gah kafe-restoran sisteminə girişən ədəbiyyat adamlarınınmı?

Bakı sakinləri - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Maddiyyət qədər ucuzlaşan mədəniyyət

Bu qədər dərdin içində biri də peyda oldu. Bu günlərdə öyrəndik ki, Akademik Milli Dram Teatrının aktyoru, "Bəxt üzüyü" filmindən Hüseyn kimi tanıdığımız sevilən və istedadlı aktyor Ayşad Məmmədov taksi sürücülüyünə başlayıb.

Zarafat deyil e, müstəqil respublikanın milli və akademik statuslu teatrının aktyoru olasan, əməkdar artist fəxri adı daşıyasan, həmin ölkənin kinosunda ən yadda qalan, ən sevilən bir qəhrəmanın obrazını canlandırasan, amma tale səni bir taksi sükanının arxasına sürükləyə. Ağır dərddir, həm də çox ağır. O qədər ağır ki, elə Ayşad Məmmədovun məşhur monoloqundakı kimi: "Biri qeyrətini, namusunu itirir, biri ağlını, biri də bəxtini! Kimlər itirmir axı e? Kim itirmir ki, bu dünyada? İtirə-itirə gəlirik! Son günümüz də ölüm…! Bu qədər çirkaba dözmək olmur axı!".

Hər şey düzdür, amma son cümlədən başqa. Dözmək olmur? Elə isə, hörmətli Ayşad Məmmədov, niyə o taksini sürmürsüz Mədəniyyət Nazirliyinin qarşısına, bir şüşə arağı başınıza çəkib, elə Hüseynin ədası ilə, onun tərzi ilə soruşmursuz ki, hanı bizim haqqımız? Axı siz özünüz dediniz, haqsızlığa dözmək olmur, bu qədər çirkaba dözmək olmur! Elə isə niyə dözürsünüz hələ də?

Xəbər lenti
0