BAKI, 10 okt — Sputnik. Ard-arda yaşanan quraqlıq illəri mahalda güzəranı ağırlaşdırmışdı. Əhali bir tikə çörəyə möhtac hala gəlirdi yavaş-yavaş. Ehtiyat azuqələri tükənmək üzrə idi. Qonşu mahallara ağız açmağı da özlərinə sığışdırmırdılar — hər zaman başqalarından üstün olmuşdular.
Axırda mahalın başbilənləri yığışıb düşülən ağır durumu müzakirə etmək, çıxış yolları tapmaq qərarına gəldilər. Mərkəzi meydanda bardaş qurub hərəyə bir tütün eşdilər.
Bir-iki qullabdan sonra beyni işləməyə başlayan müdrik ağsaqqallardan biri dedi: "Belə olmaz, qardaşlar. Hər ağızdan bir avaz gəlir. Hər kəs istədiyini etməyə çalışır. Gəlin, bu başıpozuqluğa bir son qoyaq və qərar verək. Ki, kəndlilərin hamısı bir nəfər kimi taxıl əksin. Xiyarımız-pomidorumuz olmasa da, olar, amma çörəyimiz gərək bol olsun".
Bu tutarlı təklifdən ruhlanan digər ağsaqqal buyurdu: "Və vacibdir ki, kəndlilər becərdikləri taxılın hamısını gətirib Ağsaqqallar Şurasının anbarına təhvil versinlər. Bu, daha etibarlı və ədalətli olar. Ehtiyacları yarandığı zaman anbardan hər kəs eyni qiymətə taxıl ala bilər".
Növbəti müdrik də bu ağıllı təklifi öz sanballı ideyası ilə zənginləşdirdi: "Mümkün qədər anbarın ağzını qıfıllı saxlamaq və istəyənlərə qıta-qıta vermək lazımdır. Qoy, çörəyin qədrini bilsinlər və qənaətcilliyə öyrənsinlər".
Qənaət məsələsi yan tərəfdəki kişinin də beyninə batdı: "Tək taxıl məsələsində deyil, ümumiyyətlə bütün məsələlərdə əlimizi bərkitməli, məsrəf siyasətimizi sərtləşdirməliyik. Axı, gələn il necə olacaq, bilmirik".
Və qarşı tərəfdəki, papirosun tüstüsündən gözləri yaşaran ağsaqqal da təklifdə bulunmaqda gecikmədi: "Özümüzdə taxılçılığın inkişafı və kəndlilərimizin bu işə təşviq etdirilməsi üçün, qonşu mahallardan gətirilən hər un çuvalına görə əlavə torpaqbasdı alaq. Həm də elə məbləğ təyin edək ki, onlar qiyməti ərşə qaldırsınlar. Nəticədə bizim kəndlilərin ona əlçatanlığı azalsın və özləri əkib-becərməkdə maraqlı olsunlar".
Bir-birini zəncirvari tamamlayan bu çıxış yolu hamılıqla alqışlanır və toplantının yekunu olaraq alınan qərar belə əsaslandırılır: "Bizim məqsədimiz öz kəndlimizə dəstək vermək və daxili istehsalı stimullaşdırmaqdan ibarətdir".
Elə bu vaxt mahalın başqa bir səmtində insanların vur-hayla şimala doğru axışdığını görən qoca qarı onlardan birini saxlayıb soruşur:
— Ay bala, hara qaçırsınız, nə baş verib?
— Ey qarı, nə durmusan, sən də tərpən, Əzrail uşaq paylayır.
Qarının sifəti tutulur və "Gözümün ağı-qarası bircə nəvəm var, ona dəyməsin, payladığı uşaqları istəmirəm" deyərək əks istiqamətə yön alır.