Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Nəhəng lavanın qabağından qaçmağa çalışmaq...

© Photo : dinaview.comİnsanlar panika halında qaçır. Arxiv şəkli
İnsanlar panika halında qaçır. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kasıblıq, səfalət arzuolunmazdır. Lakin qəbahət və son deyil. Qəbahət bu aciz durumla barışmaq, son isə övladlarına da bu qəbahəti aşılamaqdır.

BAKI, 5 sen — Sputnik. Elə tələbat məhsulları var ki, onun satıldığı dükan evindən bir qədər uzaq olduğunda, onu almaq fikrindən daşınırsan. Yəni, bu gün övladına "Chipsi" almasan da, olar. Bəzi məhsullardan da, qiyməti bahalaşdığında imtina edə bilərsən. Məsələn, spirtli içki — həftədə 1 dəfə qəbul etməzsən, ayda 1 dəfə qəbul edərsən. Heç etməmək də mümkündür.

Beynəlxalq Bankın Mətbuat filialı qarşısındakı növbə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyət sadomazaxizm məngənəsində

Amma və lakin məsafədən, qiymətindən, maddi durumundan asılı olmayan, həyati əhəmiyyət kəsb edən tələbat məhsulları var ki, onları ya almalısan, ya da almalısan! Burada həmin tələbat məhsullarının adlarını sıralamağa ehtiyac yoxdur, insan oğlunun məcburiyyətləri hər kəsə bəllidir.

Son 2 ilə yaxın müddətdə ölkəmizdə, istifadəsi məcburi olan və olmayan hər şeyin qiyməti qalxdı. Qalxmaqda da davam edir. Hətta hökumətin bahalaşmasını "qırmızı xətt" hesab etdiyi və hər şeyə rəğmən stabil qalmasına çalışdığı çörəyin qiyməti də…

Öncələr cüzi bahalaşmada belə, vətəndaşlar narazılığını ifadə edir, bunun sorumlusu olaraq hökuməti görür və ondan təcili tədbirlər görülməsini tələb edirdilər. Lakin artıq şərtlər dəyişib. Hər kəs prosesin qarşısının alınmaz olduğu gerçəyi ilə barışıb və əhali hökumətdən hər hansı tələbdə bulanmağa ehtiyac görmür.

Sürətlə gələn böyük lavanın qabağından qaçmağa çalışan insanlar halındayıq. Ya da ani vulkan püskürməsindən qaçıb qurtulmağın mümkünsüzlüyünü qəbul edib özümüzü ölümə tərk etmişik. Harda qırılar, qırılar…

İnsanımız bir ümidsizlik sindromu içərisindədir. Heç bir halda qəbul edilməyən bu ümidsizlik cəmiyyəti sürətlə təslimiyyətə və həyat uğrunda mübarizədən əl çəkməyə aparır. Yaşam üçün stimul, sabaha inam və daha gözəl həyat naminə savaşmaq vərdişlərini itiririk. Ən böyük bəla da budur.

Kasıblıq, səfalət və cəmiyyətin sosial problemlər burulğanında boğulması arzuolunmazdır. Lakin qəbahət və son deyil. Qəbahət bu aciz durumla barışmaq, son isə övladlarına da bu qəbahəti aşılamaqdır.

Hər zaman hər çıxılmazdan, ən azı bir çıxış yolu var. Bunun axtarışında olmaq, düşünmək, düşündürmək, əzmkarlıq nümayiş etdirmək və cəmiyyətin diri qalmasına çalışmaq lazımdır. İdarə edənlər də, idarə olunanlar da bu çıxılmazdan çıxmağın mümkün olmadığı düşüncəsinə, bir an olsun belə, qapılmamalıdırlar.

Bakının Nizami küçəsi - Sputnik Azərbaycan
TƏHLİL
Ən pis variant

Normal şərtlərdə hər kəs üzərinə düşə yerinə yetirsə, kifayətdir. Bir şeylərin yolunda getmədiyi müddətdə isə hüquqlar da, vəzifələr də dəyişə bilər. Tək amal uğuruna bütün kəsimlərin fikri dinlənilməli, tövsiyyəsi nəzərə alınmalı, ümumi işə fayda verəcək əməklər birləşdirilməlidir.

Hökumət daha dərin büdcə böhranı yaşanmasın deyə, lüzumsuz məsrəflərdən qaçınmalı olduğu kimi, varlı da kasıbın acından ölməməsi üçün daha az qazanmağı gözə almalıdır. Daha dollar 0.20 faiz bahalaş-bahalaşmaz, qaçıb qiymətləri 20 faiz qaldırmağı deyil…

Müəssisə rəhbəri normal şərtlər altında əldə etdiyi aylıq 10 min manatı, böhran dövründə də sabit saxlamaq üçün, işçisinin maaşını 500 manatdan 250-yə endirməməlidir. O, aylıq gəlirinin 50 faizini itirsə, zərbə alar, amma ölümcül deyil. Bahalaşmadan öncə 500 manatla birtəhər girələnən işçi isə, bu şəraitdə 250 manatla ölmüş ümidlərin üzərində uzanıb ölümünü gözləyər.

Bu gün cəmiyyətimizdəki intiharların, kriminalların, stresin kökündə də məhz, yuxarıda qeyd etdiyimiz ümidsizlik və aşağıda qeyd etdiyimiz ədalətsizlik dayanır. Və bir də, mərhəmətsizlik var — hamımızın içərisində olduğumuz canlı orqanizmin (cəmiyyətin) ölümünü kənardan seyr etmək kimi. Gəlin, bir balaca ümidli, ədalətli və mərhəmətli olaq…

Xəbər lenti
0