BAKI, 23 sen-Sputnik. "Bir neçə gündən sonra Dövlət Ermitajında "İCON II"Şərq numizmatikası üzrə İkinci Beynəlxalq Konfrans keçiriləcək. Konfransın Ermitajın saytında yerləşdirilmiş proqramı ilə tanış olarkən biz, A.Akopyan və P.Petrovun "Şərqi Ermənistan xanlıqlarında (Yerevan, Naxçıvan, Gəncə və Qarabağ) 1747-1827-ci illərdə pul kəsilməsi" adlı məruzəsinə rast gəldik. Biz hələ məruzənin mətni ilə tanış olmadan, onun belə adlandırılmasını və nüfuzlu beynəlxalq elmi forumun proqramına belə qeyri-elmi və təxribat xarakterli məruzənin salınmasını böyük narazılıq hissi ilə qarşıladıq."
Bu sətirləri AMEA Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Elmi Şuranın adından Rusiya Dövlət Ermitajının Direktoru M.B.Piotrovski və "İCON II" Şərq numizmatikası üzrə İkinci Beynəlxalq Konfransın Təşkilat Komitəsinə ünvanlandığı məktubunda qeyd edib.
"Məruzənin adı göstərir ki, A.Akopyan və P.Petrov qəsdən və yaxud da fərqində olmadan tarixi faktları təhrif edirlər. Hansı "Şərqi Ermənistan xanlıqları"ndan söhbət gedə bilər ki, İrəvan (məhz İrəvan, A.Akopyan və P.Petrovun yazdığı kimi Yerevan deyil), Naxçıvan, Gəncə və Qarabağ xanlıqları təkcə Azərbaycan ərazilərində olmayıblar, eyni zamanda türk-müsəlman sülalələr tərəfindən idarə olunublar. Onların necə Ermənistanla əlaqəsi ola bilər ki, bu xanlıqların əhalisinin əksəriyyəti azərbaycanlılar olub?!" — deyə məktubda bildirilir.
Akademikin sözlərinə görə, hər kəsə məlumdur ki, "Şərqi Ermənistan" məfhumu erməni alimləri tərəfindən qondarma Çamçyanov konsepsiyasının davamı kimi elmi dövrəyə buraxılıb və bununla da Azərbaycan torpaqlarına qarşı iddialara haqq qazandırmağa cəhd edilir. Sovet dövründə Yerevanda çap olunmuş "Erməni xalqının tarixi"nin müəllifləri bu psevdotarixi anlayış altında Azərbaycanın Qarabağ, İrəvan, Gəncə, Sünik-Zəngəzur, Naxçıvan kimi ərazilərini nəzərdə tuturdular. Amma bu "Tarix"də xanlıqlardan daha əvvəl mövcud olan Azərbaycan bəylərbəylikləri üzərindən sükutla keçilib. XVI əsrdə Səfəvilər dövlətinin metropoliyası olan Azərbaycan torpaqları dörd bəylərbəyliyə bölünürdü. Onlardan ikisi — Çuxursəəd və Qarabağ, A.Akopyan və P.Petrovun "Şərqi Ermənistan" adlandırdıqları torpaqları da əhatə edirdilər.
"İlkin mənbələr — XVIII-XIX əsrlərin rusiyalı qafqazşünasları, bu dövrdən danışarkən, qondarma "Şərqi Ermənistan xanlıqları" terminindən istifadə etmirlər. Belə ki, Rusiyanın Kaxetiyadakı elçisi S.D.Burnaşev yazırdı ki, şimaldan Azərbaycan torpaqları Gürcüstana, şərqdən Xəzər dənizinə və Gilan əyalətinə, cənubdan İraqa, qərbdən isə Türkiyəyə birləşirlər. Onun bildirdiyinə görə, Təbriz, Marağa, Urmiya və s. şəhərlərlə birgə Bakı, Şamaxı, Şəki, Gəncə, Şuşa və Naxçıvan şəhərləri də Azərbaycana daxildirlər (Описание областей Адребиджанских в Персии и их политического состояния, сделанное… полковником и кавалером Бурнашевым в Тифлисе в 1786 г. Курск, 1793. С.4). Beləliklə, S.D.Burnaşev heç yerdə İrəvan, Naxçıvan, Gəncə və Qarabağ xanlıqlarının uydurma "Şərqi Ermənistan"la hər hansı əlaqəsi barədə söz açmır." — deyə məktubda bildirilir.
Müəllif həmçinin yazıb ki, sözügedən dövrün hadisələrini təsvir edən və bu xanlıqların "Şərqi Ermənistan"a heç bir aidiyyatı olmadığını sübut edən rus tarixçi və elçilərinin çoxlu sayda digər əsərlərindən də misallar gətirmək olar, lakin bu material onlarla səhifə həcmində olar: "Biz A.Akopyan, P.Petrov, həmçinin qərəzli adı olan məruzəni proqrama daxil edən beynəlxalq konfransın təşkilat komitəsinin üzvlərinə Qafqaz Arxeoqrafik Komissiyasının topladığı Aktlarla, P.Butkov, V.Potto, N.Dubrovin və digər müəlliflərin əsərlərini diqqətlə oxumağı məsləhət görürük. Bu əsərlərdə heç bir yerdə "xanlıq" və "Şərqi Ermənistan" məfhumlarının identikliyinə kiçicik bir işarə yoxdur."
Vəlixanlı onu da xatırladıb ki, Rusiya imperiyası XIX əsrin əvvəllərində Azərbaycanın hazırkı ərazisini ilhaq edəndə, onunla mübarizə aparanlar müsəlman sülalələri tərəfindən idarə olunan xanlıqlar idi:
"Düzdür, Rusiyanın tərkibinə sülh yolu ilə daxil olan xanlıqlar da var idi. Belə ki, Qarabağ xanlığı Rusiya ilə 1805-ci ildə Kürəkçay müaviləsini imzaladı. Lakin, maraqlıdır ki, müqavilənin mətninin altında erməni hökmdarının adı yoxdur, orada Qarabağ hökmdarı, azərbaycanlı Cavanşir soyundan olan İbrahimxəlil xanın adı var. Ortaya məntiqi sual çıxır: niyə Qafqazdakı rus komandanlığı müqaviləni azərbaycanlı xanla imzalayırdı, axı A.Akopyan və P.Petrova görə Qarabağ "Şərqi Ermənistan xanlığı" idi?"
Müəllifin fikrincə, İrəvan, Naxçıvan, Qarabağ və Gəncə xanlıqlarının qondarma "Şərqi Ermənistan"a aid edilməsinin tamamilə məntiqsizliyi həmçinin bu bölgələrdə Rusiya ilhaqından həm əvvəl, həm də sonrakı etnodemoqrafik vəziyyət barədə statistik məlumatlarda da öz əksini tapır: "Məşhur rus müəlliflərindən olan N.Dubrovin öz fundamental əsərində xanlıqlarda rus qoşunlarının gəlməsi ərəfəsindəki vəziyyəti təsvir edib: "Tatarlar [azərbaycanlılar — qeyd] bütün xanlıqlarda çoxluq təşkil edən əhalidir, ermənilər isə, yalnız indi, keçmiş Erməni vilayətində [1828-ci ildə Rusiya İrəvan və Naxçıvan xanlılqlarını ələ keçirdikdən sonra yaradılmış və Türkmənçay və Ədirnə sülh müqavilələri imzalandıqdan sonra kütləvi surətdə ermənilərin köçürüldüyü vilayət]" (Дубровин Н. История войны и владычества русских на Кавказе. Т.I, кн.II, СПб, 1871, с. 328) çoxluqdurlar. Bu torpaqların Rusiyanın tərkibinə keçməsindən sonraya aid edilən statistik məlumatlar da xanlıqların "Şərqi Ermənistan"a aid olmadığına dəlalət edir."
Azərbaycanlılar (az.) və ermənilərin (er.) nisbətinin XIX əsrdə dəyişdirilməsi (%-lə)
Regionlar |
1823-cü il. |
1832-35-cü illər. |
1886-cı il. |
1897-ci il. |
||||
Az. |
Er. |
Az. |
Er. |
Az. |
Er. |
Az. |
Er. |
|
Qarabağ əyaləti (Şuşa qəzasından sonra) |
91,0 |
8,4 |
64,8 |
34,8 |
41,9 |
57,9 |
45,3 |
53,3 |
Naxçıvan xanlığı (eyniadlı qəzadan sonra) |
86,5 |
13,5 |
50,6 |
49,4 |
56,9 |
42,2 |
63,7 |
34,4 |
Erməni vilayəti (keçmiş İrəvan və Naxçıvan xanlığı, İrəvan quberniyasından sonra) |
76,0 |
24,0 |
46,2 |
53,8 |
37,4 |
56,0 |
37,7 |
53,2 |
Cədvəl bu mənbə və ədəbiyyatın əsasında tərtib edilib: Описание Карабахской провинции 1823 года, составленное по распоряжению… Ермолова. Тифлис, 1866; Обозрение российских владений за Кавказом. Ч. III. СПб., 1836. Табл. В; Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. СПб., 1852, с. 639; Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Тифлис, 1893; Первая всеобщая перепись населения Российской империи 1897 г. Вып. 7. Б/м., 1905. С. 31, 33.
Müəllif həmçinin qeyd edib ki, M.B.Piotrovski və Təşkilat Komitəsinin üzvlərinə peşəkar tarixçilər kimi yaxşı məlumdur ki, dövlətçiliyin tarixi üzrə daha qiymətli mənbələrdən biri onun atributlarıdır, bura dövlət simvolları və pul basılması da daxildir. "Hər iki atributu İrəvan, Naxçıvan, Qarabağ və Gəncə xanlıqlarına nəzərən gözdən keçirsək, onların Ermənistan və ermənilərlə bağlılığı yoxdur, onlar Azərbaycan və müsəlman dövlətlərinin ənənələri ilə bağlıdırlar." — deyə Vəlixanlı bildirib.
O qeyd edib ki, xanlıqlar dövründə Azərbaycanda pul dövriyyəsi (XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəlləri), dövrümüzə qədər gələn nümunələrə əsasən, xanlığın gümüş və qismən Qacarlar və Osmanlıların gümüş pullarından ibarət idi. Xanlıqlara məxsus olan və A.Akopyan və P.Petrov tərəfindən "Şərqi Ermənistan"a aid edilən sikkələr müsəlman dövlətlərinin ənənəvi zərb olunma ənənəsinin məhsulları idilər. Üz tərəfdə zərb olunmanın yeri və tarixi göstərilirdi. Tarix adətən türk ənənəsinə uyğun 12 illik "heyvani tsikl"ə uyğun olurdu. Əks tərəfdə müvafiq heyvanın və ya əfsanənin şəkli ərəb və ya fars sözləri ilə müşayiət olunurdu. İrəvan xanlığında müxtəlif qiymətdə mis pullar zərb olunurdu. Onları mütəmadi olaraq kəsirdilər və Azərbaycan Milli Tarix Muzeyinin Numizmatika Fondunda saxlanılan 20-yə yaxın yaxşı qorunmuş fuluslara əsasən mis sikkələr İrəvan zərbxanasında 1825-ci ilə qədər kəsilib. Onların tipologiyası XVIII əsr — XIX əsrin əvvəllərindəki digər Azərbaycan şəhərlərindəki mis sikkələrin kəsilməsi tipologiyasından fərqlənmir. Üst tərəfində bürclərdəki heyvanların — şir, tovuzquşu, dovşan, balıq, at və sairənin şəkilləri idi. 1817-ci ilə aid pullarda isə qədim türk simvolu olan "Şir və Günəş" öz əksini tapıb.
Bu simvol, 13-cü əsrdə (1237-1246) Kiçik Asiyada hökmdar olmuş Səlcuqi II Keyxosrovun dirhəmlərində də olub. Həmçinin Naxçıvan xanlığının zərbxanasına aid edilən gümüş sikkələr — yüksək keyfiyyətli abbasılar və miss fuluslar məlumdur. Göründüyü kimi, sadalanan faktların qondarma "Şərqi Ermənistan"ın numizmatikasına və tarixinə heç bir aidiyyatı yoxdur. Gəncəyə gəldikdə isə bu xanlıq, digərlərindən əvvəl öz pullarının kəsilməsinə başlayıb. Gəncə zərbxanası Osmanlı işğalı və Əfşarlar dövründə də fasiləsiz olaraq işləyib. Nadir şahın adından abbasıların kəsilməsi onun ölümündən sonra da, yəni xanlıqlar dövründə də davam etdirildi. Gəncə xanlığının bütün pullarının üzərində Məhəmməd peyğəmbərə və şiə imamlarına həsr olunmuş misralar və məsəllər olurdu. Qarabağ xanlığına gəldikdə isə, burada ümumiyyətlə Pənahabad (sonradan Şuşa) şəhər qalasının şərəfinə adlandırılmış Pənahabadi və ya Panabadi orjinal gümüş pul kəsilirdi. Azərbaycan tarixində ilk dəfə olaraq yerli pul kəsildiyi şəhərin adına idi.
"Mətni əldə etmək mümkün olmadığından bizim üçün A.Akopyan və P.Petrovun öz məruzələrində "Şərqi Ermənistan"a aid etdikləri Azərbaycan xanlıqlarında pul kəsilməsi tarixindən bəhs edərkən nədən yazdıqları barədə danışmaq çətindir. Lakin bizim üçün şübhə doğurmur ki, əgər onlar "Şərqi Ermənistan xanlıqları" kimi elmə dəxli olmayan tezisi ortaya atıblarsa, mətnin əsas məzmunu da eyni ruhdadır. Hesab edirik ki, A.Akopyan və P.Petrovun "Şərqi Ermənistan xanlıqlarında (Yerevan, Naxçıvan, Gəncə və Qarabağ) 1747-1827-ci illərdə pul kəsilməsi" mərizəsi aşkar antielmi təxribat xarakterlidir və Azərbaycanın tarixinə və torpaqlarına qarşı olan əsassız iddiaları siyasi müstəvidən elmi müstəviyə keçirmək üçün növbəti cəhddir. Biz artıq dəfələrlə ötən əsrin əsrin 80-ci illərinin sonlarında onlar Dağlıq Qarabağ ətrafında münaqişəni alovlandırarkən erməni alimlərinin və siyasətçilərinin bu cür iddialarının şahidi olmuşuq. Bu gün, 28 il sonra hər iki xalq bu iddiaların acı nəticələri ilə üz-üzədir." — deyə müəllif yazıb.
O, həmçinin qeyd edib ki, bu cür təxribatçı mövzunun konfrans təşkilatçılarının hansı şəkildə proqrama salınmaq üçün qane etdiyinə yumşaq mənada təəccüblənirlər: "Artıq adından absurdluğu və məntiqsizliyi ilə diqqəti cəlb etməli olan bu məruzə hansı şəkildə müsbət rəy ala bilərdi?"
Məktubun sonunda Təşkilat Komitəsinin səhvinin təsadüf ucbatından baş verdiyinə ümid edilib və sözügedən məruzənin konfransın proqramından çıxarılması xahişi yer alıb: "Biz qətiyyətli şəkildə sizdən məktubumuzu nəzərə almağı və A.Akopyan və P.Petrovun təxribatının qarşısını almağı rica edirik. Sizdən Azərbaycan tarixinin təhrif olunması üzrə məsuliyyətsiz cəhdlərə rəvac verməmək üçün məruzəni konfrans proqramından çıxarmağı xahiş edirik."
Müraciət Elmi Şuranın 2016-cı il sentyabrın 22-də keçirilən iclasında qəbul edilib.