Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 19 sen — Sputnik. Tarix və diyarşünaslıq muzeyləri xalqımızın qədimlərdən üzü bəri formalaşan tarixi mədəniyyətinin qorunduğu, mühafizə edildiyi, təbliğ olunduğu məkanlardır. Azərbaycanın elə bölgəsi yoxdur ki, orada tariximizin izlərini yaşadan maddi-mənəvi, tarixi-mədəni abidələrimizin qorunduğu tarix və diyarşünaslıq muzeyləri olmasın. Bu muzeylərdə həmin bəlgələrə xas olan mədəniyyət elementləri qorunub saxlanılır.
Qədim insan yaşayış məskəni olan Azərbaycan torpağında çox zəngin bir mədəniyyət də formalaşıb. Biz tariximizin bir sıra açılmayan qatlarına arxeoloji qazıntılar zamanı üzə çıxarılan maddi sərvətlər vasitəsilə bələd oluruq. Belə sərvətlərin qorunduğu məkanlardan biri də Lerik Tarix-Diyarşünaslıq Muzeyidir.
Lerik rayonu Bakıdan 323 km uzaqlıqda, Talış dağlarının əhatəsində yerləşir. Lerik rayonu 1930-cu ildə yaradılıb, lakin 1938-ci ilə kimi rayonun adı Zuvand olub. 1938-ci ildən isə Lerik adı ilə xəritəyə düşüb.
Lerikin ərazisində 200-dən çox təbiət və tarixi abidə mövcuddur. Burada XI-XII əsrlərə aid tarixi abidələri olan "Oğlan qala" və "Qız" qalaları və sair qədim yaşayış məskənləri var.
Lerik Tarix-Diyarşünaslıq Muzeyi 1983-cü ildə yaradılıb. Muzeydə 5000 ədəd eksponat qorunub saxlanılır. Əvvəllər Lerikin Uzunömürlülər Muzeyi Lerik Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi fəaliyyət göstərib, sonradan isə rayonun ərazisində bina tikilib və ora köçürülüb.
Tarix-Diyarşünaslıq Muzeyinin 6 eksponat zalı var və bu zallarda e.ə 2-1-ci minilliklərə aid, tunc dövrünə aid eksponatlar qorunur. Muzeyin fond müdiri Cabbar Zülfiyevin dediyinə əsasən, qədim əşyalar rayon ərazisində olan qədim yaşayış məskənlərində aşkarlanıb.
"Rayonumuzun ərazisində 80-90 min il yaşı olan Büzeyir mağarası və yaşı 120 min il olan Zuvandçay mağarası var. 1890-95-ci illərdə fransalı arxeoloq, Luvr Muzeyinin əməkdaşı olan Jak və qardaşı Henri Morqan Azərbaycana səfərləri zamanı Lerikdə olub və Büzeyr mağarasında tədqiqatlar aparıblar. Morqan qardaşları Büzeyir mağarasında arxeoloji qazıntıları zamanı, daş dövrünə aid 200-ə yaxın qədim əşya, 80 kq qızıl və 40 kq gümüşdən hazırlanan müxtəlif növ əşyaları Luvr, Senjermen və Brüssel muzeylərinə aparıblar", — C. Zülfiyev Sputnik əməkdaşı ilə söhbətində qeyd etdi.
Fond müdirinin sözlərinə görə, Morqan qardaşları Lerikə səfərlərini özlərinin yazdıqları kitablarda da qeyd ediblər: "Jan və Henri qardaşları bu zonaya səfərləri barədə "İrana elmi səfər" və "Sirli Şərq" kitablarında məlumat veriblər. Bundan əlavə, muzeyimizdə ən məşhur eksponatlardan biri — dünyanın ilk uzunömürlü sakini kimi bilinən, 150 ildən çox ömür sürmüş Mahmud Eyvazovun "Dayandoldurum" tüfəngidir. Eləcə də Tunc dövrünə aid döyüş paltarları, bəzək əşyaları, əntiq məişət əşyaları və Daş dövrünə aid alətlər də bizim muzeydə qorunur".
Həmsöhbətimiz Lerik Tarix-Diyarşünaslıq Muzeyində, Azərbaycan tarixində mühüm rol oynayan bir eksponatın olduğunu da vurğuladı: "Muzeydə çox maraqlı və xüsusi əhəmiyyətə malik olan bir eksponat var — rusiyalı coğrafiyaşünaslar tərəfindən tərtib edilən XVIII əsrə aid Azərbaycan xəritəsi. Xəritədə İrəvan xanlığı və Qarabağın Azərbaycanın tərkibində olduğu göstərilib. Bununla da rus coğrafiyaşünaslar indiki Yerevanda XVIII əsrdə İrəvan xanlığının olduğunu və Qarabağın Azərbaycan ərazisi olmasını sübut edirlər".
Məlumat üçün bildirək ki, uzun illər boyunca Morqan qardaşlarının Lerikdə tapdıqları və Fransa muzeylərində saxlanılan tapıntılar İran mədəniyyətinin nümunələri kimi təqdim edilib. 2011-ci ildə Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərinin dəvəti ilə Fransanın Rennes Universiteti və Senjermen Muzeyinin mütəxəssisləri ölkəmizə gəliblər. Jak De Morqan işinin araşdırılması və bu yanlışı düzəltmək yönündə işlər aparılması üçün fransız mütəxəssislərlə Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları arasında saziş imzalanıb.
Fransalı elm adamları Lerikin Çayrud, Hiveri, Blaband və digər kəndlərindəki tarixi abidələri ziyarət edib, həmçinin Tarix-Diyarşünaslıq Muzeyində olublar. Aparılan bütün araşdırmalardan sonra qeyd edilən səhvin düzəldilməsi yönündə bir çox işlər görülüb.