Rahim ZAKİROĞLU, Sputnik Azərbaycan
BAKI, 10 mart — Sputnik. Xanlıqlar dövrü Azərbaycan tarixinin mühüm mərhələlərindən birini təşkil edir. Lənkəran xanlığı Şimali Azərbaycanın cənub bölgəsinə nəzarət edib.
1814-cü ildə Lənkəran xanı olan Mirmustafa xan vəfat edir, onun yerinə isə oğlu Mirhəsən xan hakimiyyətə gəlir. 1826-cı ildə Mirhəsən xan vəfat edir. Onun vəfatından sonra isə Lənkəran xanlığı tarixə qovuşur və Çar Rusiyasının əyalətinə çevrilir.
Bu səbəbdən də Mirəhməd Xan Talışinski hakimiyyətdə olmayıb, yəni xan kimi fəaliyyət göstərməyib. O, bu "Xan" titulunu özünə xan nəslindən olduğu üçün götürüb. Mirəhməd Xanın doğum tarixi məlum deyil. Onun XIX əsrin ortalarında dünyaya gəldiyi ehtimal edilir. 1916-cı ildə Fransaya səfərlərinin birində vəfat edib, lakin Lənkəranda dəfn edilib. Burada haqqında söhbət açacağımız binanı isə Mirəhməd Xan 1913-cü ildə həyat yoldaşı Tuğra xanımın şərəfinə tikdirib.
Xan evi haqqında məlumat toplamaq üçün Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin direktor əvəzi Xalid Məmmədova müraciət etdik. Xalid məllimin bildirdiyinə əsasən, binanın layihəsi, adı məlum olmayan fransalı memar tərəfindən hazırlanıb. Bu abidənin tikintisində milli memarlıq elementlərindən bacarıqla istifadə olunub. Onun fasadları əlvan naxışlarla zəngindir.
Bina tikilərkən bir çox inşaat materialları Fransadan və Bakıdan Lənkərana gəmi vasitəsilə gətirilib. Bu üçmərtəbəli bina şəhərin ilk çoxmərtəbəli binası olub. Bəzi məlumatlara əsasən, Lənkəranda ilk dəfə 1908-1910-cu illərdə Mirəhməd xanın evi tikilərkən daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olub. Bunun vasitəsilə quyudan su hamamın çəninə vurularmış. 1910-12-ci illərdə isə elektrik gücü 1-2 kvt. olan sabit cərəyan elektrik qurğusu yaradılıb.
Bildirək ki, binanın şimal və qərb fasadlarına kərpic və yonulmuş ağ daş işlənib. Şərq və cənub fasadları isə yalnız kərpicdən hörülüb. Evin giriş hissəsi şimal fasadında yerləşir və ağ daşdandır. Şimal-qərb fasadının birinci mərtəbəsinin küncündən bir sütun qalxır. Sütunun üstündən ikinci mərtəbə üçün ekker tikilib. Ekker dörd dəmir günbəzlə örtülüb.
Xan evinin tikintisində həm qərb, həm də şərq memarlıq elementlərindən məharətlə istifadə edilib ki, bu da binaya xüsusi orijinallıq və gözəllik verir. Binanın tikintisində qoyun yunu və yumurta sarısından istifadə edilib. Binanın 1-ci mərtəbəsində Mirəhməd xanın qəbul və qonaq otaqları, ikinci mərtəbəsində Tuğra xanımın otaqları, 3-cü mərtəbədə isə keşikçilərin gözləmə otağı və silah anbarı olub.
Qeyd edək ki, Lənkəran Xan Sarayının dünyada analoqu yoxdur. Mirəhməd xanın bu binanı xanımı Tuğra xanımın şərəfinə tikdirdiyini bildirmişdik. Buna səbəb isə Tuğra xanımın 1912-ci ildə Tiflisdə keçirilən Zaqafqaziya gözəllik müsabiqəsində qalib olmasıdır. 1916-cı ildə xanın vəfatından sonra Sovet hakimiyyəti illərində ev dövlət tərəfindən müsadirə edilir və xanın həyat yoldaşı Tuğra xanım evdən çıxarılır.
Xan sarayı 1991-ci ildən Lənkəran Tarix Diyarsünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Sovet hakimiyyətinin ilk illərində Xan sarayı müxtəlif təyinatlı dövlət obyekti kimi istifadə olunub. Sonradan isə Şəhər Sovetinin binası kimi də istifadə edilib. 1977-ci ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə Lənkəran Ölkəşünaslıq Muzeyinə (əvvəllər elə adlandırılıb —müəll.) Mirzağa Ağali Əziz oğlu Əliyevin adı verilib. Direktor əvəzinin dediyinə əsasən, 1979-cu ildə isə binanın adı dəyişdirilərək Ölkəşünaslıq Muzeyi deyil, Tarix Diyarşünaslıq Muzeyi adlandırılıb.
1977-ci ildə mərhum prezident Heydər Əliyev bu muzeydə olub və rəy kitabına öz ürək sözlərini yazıb. Hal-hazırda həmin kitab muzeydə qorunur.
Xan sarayı 12 otaqdan ibarətdir, ümumi sahəsi isə 811.85 kv. metrdir. Otaqların 3-ü inzibati otaqdır, 1 otağında muzeyin fondu qorunur, 1 otağı isə rəssam və bərpaçılıq otağıdır. Digər otaqlar isə ekspozisiya otaqlarıdır.
Muzeyin 6583 ədəd muzey sərvəti var. Muzeydə 763 ədəd muzey əşyası nümayiş olunur. Bunlardan 333-ü tətbiqi sənət nümunəsi, 148 ədəd etnoqrafiq məişət əşyaları, 154 ədəd numizmatika, 31 ədəd sənədlər, 70 ədəd arxeoloji, 10 ədəd heykəltaraşlıq, 12 ədəd rəssamlıq, 4 ədəd qrafika və 1 ədəd əlavə bölməsinə aid olan əşyalar muzeyə gələnlərin marağına səbəb olur. Muzeydə nümayiş etdirilən eksponatlar bu bölgənin nə qədər tarixi və mədəni isrə sahib olduğunu göstərir.
Qeyd edək ki, ötən il muzeyə 467 ekskursiya təşkil olunub. Ekskursiyada iştirak edənlərin ümumi sayı 10964 nəfər, fərdi gələnlərin sayı 15603 nəfər olub. Ümumilikdə 2015-ci ildə Lənkəran Tarix Diyarşünaslıq Muzeyini ziyarət edənlərin sayı 26567 nəfər təşkil edib. Onu da əlavə edək ki, uzun illər təmir olunmayan Lənkəran Xan Sarayı 2013-cü ildə təmirə bağlanıb və 2014-cü ilin noyabrında bina istifadəyə verilib.