BAKI, 20 sen — Sputnik. Doğrusu, onları ilk dəfə görəndə tipik azərbaycanlı kimi düşündüm. Düşündüm ki, öz vətəndaşlarımız heç adicə qarson işi tapıb işləyə bilmədiyi halda, bu zəncilər əməlli-başlı sahibkarlıqla məşğuldurlar. Daha sonra düşündüklərimə, sözün əsl mənasında peşman oldum, onları yaxından tanımaq, hansı məqsədlə Azərbaycana gəldiklərini öyrənmək istədim.
Bakının mərkəzindəki çay evlərindən birində beş-altı nəfər zənci gördüm. Əvvəlcə, onların ölkəmizdə turist olduğunu, gəzmək üçün gəldiklərini düşünsəm də, onlardan biri bizim masaya yaxınlaşıb yarımçıq azərbaycancası ilə sifariş götürmək istəyəndə zənnimdə yanıldığımı bildim. Çay sifariş etdik. Çay gəldikdə isə təklif etdim ki, masaya otursun və birtəhər də olsa, dil tapıb onunla söhbət edim.
Adı Fernando idi. Yamaykadan gəldiyini, ölkəmizdə təhsil aldığını dedi. Latın Amerikasının qayda-qanunlarından, adət-ənənələrindən, təbiətindən danışdıq. Tez-tez qaradərili-ağdərili söhbətini müzakirə mövzusu etməyindən hiss olunurdu ki, qaradərili olduğuna görə sıxıntılarla üzləşir.
Təbii ki, bu sıxıntılar maddi yox, mənəvi ola bilərdi. Bəlkə təhsil aldığı universitetdə, yaxud küçədə gəzərkən rastlaşdığı rişxəndləri nəzərdə tuturdu, bəlkə də Amerikada uzun əsrlərdən gələn qorxunc savaşın psixoloji təsirləri altında idi… Kim bilir!?
Fernando onu da dedi ki, azərbaycanlı bir qızla sevgilidir. Tezliklə evlənəcəklər. Yəni ki, yamaykalı bir kürəkənimiz də olacaq. Bu, Marat Haqverdiyevin "Amerikalı kürəkən"indən deyil, həqiqi amerikalı kürəkənimizdir. Xoşbəxtlik arzu edək…
Bu mövzuya yamaykalı dostlarımızın şəxsi həyatını müzakirə etmək üçün toxunmadım. Mənə maraqlı gələn o oldu ki, indiyə qədər azərbaycanlıların işlətdiyi heç bir məkanda yamaykalı dostlarımızın səliqə-səhmanına, nəzakətinə, mədəniyyətinə, məkanın dekorativ işləyişinə qədər incəliklərə rast gəlməmişik.
Hər fürsətdə müştərilərə hesabda kələk gəlməyə çalışan, bəzi məqamda qeyri-etik, bəzən lap ədəbsiz rəftar edən azərbaycanlı qarsonlardan fərqli olaraq, bu məkanda sizə həqiqi gülərüz personal xidmət edir və menyu şəhərin mərkəzindəki digər məkanlardan qat-qat ucuzdur. Elə buna görə də başlanğıcda düşündüklərim üçün peşmanlıq hissi duydum. Nə yaxşı ki, yamaykalı dostlarımız bizim mühitə sahibkarlıq mədəniyyətini, xidmət mədəniyyətini, müştəri ilə rəftar mədəniyyətini və digər mədəniyyətləri öyrədir.
Başqa sahələrində durğunluq, hətta geriləmə olsa da, turizmi inkişaf edən ölkəmizdə əcnəbi sahibkarlar artdıqca bu cür mədəniyyətlərin yerli sahibkarlara sirayət olunması da ümidverici ehtimaldır. Əlbəttə, bu əcnəbilər amerikalı, avropalıdırlarsa.
Bir müsbət məqam da vardı ki, Fernando bizim təhsil ocaqlarının diplomunun Yamaykada keçərli olduğunu və bizim ölkəmizdə təhsil almaq istəyən yamaykalıların çox olduğunu dedi. Təbii ki, Yamayka Amerika ştatı, yaxud Avropa ölkəsi deyil ki, bu hala ürəkdən sevinə bilək. Amma dünyanın o biri üzündə kiçik bir ölkənin bizim ölkəni tanıması sevindirici haldır. Az da olsa, belə məqamlarla təsəlli tapmaq mümkündür.