Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məmur əyləndirən təlxəklər

Abunə olmaq
Sovet dönəmində bu yaltaqlar sayılmayacaq qədər çox idi. Onlar sovet ideyalarını təbliğ və tərənnüm etməkdən, əhəmiyyətli əsər yaratmaq bir yana, xalq üçün qəhrəman da ola bilmədilər.

BAKI, 28 apr — Sputnik. Başlıqdan da göründüyü kimi, o qədər böyük mövzudur ki, bu mövzuda qalaq-qalaq kitablar yazsan, yenə də bitməz. Çünki ədəbiyyatımız və incəsənətimiz yaltaqlarla, yaltaqlanmaq üçün yazılan əsərlərlə doludur. Bu, əsl təlxəklikdir. Yeri gəlmişkən, deyim ki, təlxəklik də öz dönəmində ciddi bir peşə sayılırdı. Bu peşəni güclü aktyorluq istedadına sahib aktyorlar icra edirdi. Odur ki, təlxək sözünü təhqir kimi qəbul etməyin.

Orxan Bahadırsoy, köşə yazarı - Sputnik Azərbaycan
Ələbaxan yazıçının, şairin günü...

Əslində, bu ənənənin əsasını Nizami Gəncəvi qoymuşdu. Nizaminin yazdığı əsərlərdə məzmun və ideyadan çox onun poeziyası daha uğurlu alınırdı. Əgər Nizaminin əsərlərində onun fəlsəfi fikirləri, aforizmə çevrilmiş deyimləri olmasaydı, məzmun və ideya baxımdan o əsərlər heç bir əhəmiyyət kəsb etməzdi. Səbəb sadədir: Nizami Gəncəvi bu əsərləri öz rahat yaşayışını təmin etmək üçün yazırdı, onları yazmaq, Bukovskinin təbiri ilə desəm, Nizaminin içindən gəlmirdi. Buna rəğmən, Nizami tarixdə qaldı. Səbəb əsərlərinin uğurunda deyildi, bütün ömrünü ədəbiyyata sərf edib məhsuldar bir yaradıcılıq dövrü keçirən ilk azərbaycanlı ədiblərdən biri olmasında idi.

Əbəs deyil ki, Nizami sarayda yaşamadığı halda saray şairi hesab edilir. Yenə də əbəs deyil ki, "Leyli və Məcnun"u Nizamidən sonra yazdığı halda Füzulinin əsəri daha uğurludur. "İsgəndərnamə"yə gəlincə, tarixçilər yaxşı bilir, bu əsərin bir hissəsi yox, başdan ayağa utopiyadır. Tarixin bu qədər təhrif olunduğu, yalana qarışıdırıldığı, bəşər üçün süni şəkildə ideallaşdırılmış qəhrəmanlarla dolu ikinci bir əsər yoxdur.

Sovet dönəmində bu yaltaqlar sayılmayacaq qədər çox idi. Onlar sovet ideyalarını təbliğ və tərənnüm etməkdən, əhəmiyyətli əsər yaratmaq bir yana, xalq üçün qəhrəman da ola bilmədilər. Deməyim odur ki, hakimləri tərifləyib yaltağa çevrilməkdənsə, etiraz dolu bir-iki cümlə yazıb sürgün olunsaydılar, bu gün qəhrəmana susamış Azərbaycan xalqı onlar üçün saysız-hesabsız sevgi heykəlləri ucaldardı. Eyni ilə Əhməd Cavad, Almas İldırım kimi.

20-ci əsrin 50-ci illərindən 21-ci əsrin ilkin illərinə qədər yaradan ədiblərimiz isə lap avara qaldılar. Yazıqlar bilmədilər ki, kimə tərif yağdırsınlar. Hətta, onların arasında ən cəsur hesab edilən Bəxtiyar Vahabzadə də özünün "İki dost" adlı poemasında Stalini "Ellər atası" adlandırmışdı. Zəlimxan Yaqub isə yaradıcılığının əvvəlində gül-çiçəkdən, göldən, şəlalədən yazsa da, son illərində "Əbədiyyət dastanı"ndan başqa bir şey yaratmadı. Yazıq, böyrəyini müalicə etdirib bir az da çox yaşamaq üçün mədhiyyə dalıyca mədhiyyə yazırdı. Təbi də ki, göz dəyməsin, hamıya aşkar…

Ədəbiyyatdan başlayan bu yaltaqlıq sindromu sonralar kinoya, teatra, musiqiyə də yoluxdu. Çoxları üçün ciddi rejissor hesab edilən, son dönəmlərdə, sadəcə, bir "televizyonşik" olan Vaqif Mustafayev yaradıcılığı boyu mərhum prezident Heydər Əliyevə 11 ədəd film çəkib. Birini, lap ikisini başa düşmək olar. Daha 11 ədəd kimə və nəyə lazım idi ki?

Teatrlarda bu sindromun şahidi olmaq üçün repertuara baxmağınız kifayət edər. Akademik Milli Dram Teatrında bir dönəm baş nazirimizin müavini Elçin Əfəndiyevin "Teleskop", "Qatil", "Şekspir", "Sənətkarın taleyi" adlı dörd dram əsəri vardı. Cəfər Cabbarlı kimi nəhəng dramaturqun isə bir əsəri belə, oynanılmırdı. Əslində, o əsərlərin heç biri Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərindəki bu cümlələr qədər əhəmiyyətli deyil: "Səfil хalq, nə bağırırsan? Səndə sənətkar bir qadın yoх, varsansa yarat, yaratmırsansa sus, uzan, öl!".

Rəqəmli qələmlər - Sputnik Azərbaycan
TƏHLİL
Şeirə, şeiriyyata hörmət xatirinə...

Ümumiyyətlə, Akademik Milli Dram Teatrı sənət ocağından çox məmur əyləndirən təlxək məclisinə çevrilib. Millət Vəkili Hüseynbala Mirələmovun iki əsəri ("Gəncə qapıları", "Xəcalət"), baş nazir müavininin atası İlyas Əfəndiyevin üç əsərinin ("Boy çiçəyi", "Mənim günahım", "Qarabağnamə") Akademik Milli Dram Teatrında oynanılması ilə yanaşı, mədəniyyət nazirinin müavini Ədalət Vəliyevin həyat yoldaşı Tamara Vəliyevanın, eləcə də, Kamal Abdullanın, Əli Əmirlinin və başqa məmur-ədiblərin bir sıra əsərləri də Musiqili teatrda və Gənc Tamaşaçılar teatrında oynanılır. Əlbəttə, eyni müəllifin bu qədər əsərinin oynanılması əsl sənətə yox, məhz, məmur könlünü əyləndirməyə, vəzifə, pul qazanmağa, məmurdan tərif eşitməyə yönəlib.

Eyni sindromu musiqimizdə də görmək üçün nümunələr gətirməyimə ehtiyac yoxdur. Musiqi daha çox kütləyə nüfuz etdiyi üçün xalq hər şeyi görür və bilir! Sənətə yox, məmura xidmət edən sənət adamlarının dərsini isə tarix verəcək! Əminəm ki, çox ağır dərs olacaq. Təxmini, primadonnamızın aqibəti kimi…

Xəbər lenti
0