CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtlərə rüşvət verilən şəhər

CC0 / Pixabay / dogQuduz it. Arxiv şəkli
Quduz it. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnkişaf etmiş ölkələrdə sahibsiz heyvanlar üçün sığınacaq var. Onlar hər cür qida və müalicə ilə təmin olunur. Üstəlik, vətəndaşlar bu heyvanlara sahiblənə bilərlər.

BAKI, 15 sen — Sputnik. Bakının az qala hər qəsəbəsində, kəndində, məhəlləsində küçə itləri var. Bu heyvanlar həm əhali üçün təhlükə, həm də ətraf mühit üçün zərərlidir. Sakinləri ürküdən, qapan, uşaqların canına qorxu salan, zibillikləri bütün ətrafa yayan, xəstəlik daşıyan bu küçə heyvanlarına sahib çıxmalı olan səlahiyyətli dövlət idarəsi var.

Lerik rayonu - Sputnik Azərbaycan
Qonağa ibadət edən adamlar

Bəs görəsən, adı fəaliyyətindən minlərlə dəfə uzun olan Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi bu vaxtacan heç olmasa bir dəfə bu işlə məşğul olubmu?

Bu dövlət idarəsinə müraciət etməyin özü də bir ayrı dərddir. Deməli, küçə itlərinin və başqa sahibsiz heyvanların saxlanılması üçün sığınacaq yaratmaq əvəzinə, sözügedən qurum çıxış yolunu bu canlıları güllələməkdə görür. Bu səbəbdən də əhali quruma şikayət etmək istəmir.

Bu yaxınlarda küçə itləri ilə dolu qəsəbələrin birində idim. Qəsəbənin mərkəzindən lazım olan ünvana bir neçə yol gedirdi. Bu yolların hər birində 10-15 küçə iti hürüşürdü. Axırda məcbur olub lazım olan ünvana taksi ilə getdim. Məhəllə marketindən məlum vəziyyətlə maraqlandım. Dedilər ki, sakinlər itlərdən qorxmasa da, qəsəbəyə gələn qonaqlar ya taksi ilə getməli, ya da sakinlər tərəfindən qarşılanmalı olurlar.

Bu itlər bir neçə dəfə insanlara hücum edib, həyətlərə girərək insanların mülkünə zərər verib. Üstəlik, bütün günü zibilliyi eşələyib, qəsəbəni üfunətə bürüyürlər.

Soruşdum ki, bununla bağlı niyə müvafiq qurumlara şikayət etmirlər. Cavab isə belə oldu ki, bir neçə dəfə şikayət ediblər, amma maraqlanan olmayıb. Son şikayətə isə cavab gəlib ki, "itlər öldürülməlidir". Sakinlər də "öldürmək lazım olsaydı, özümüz öldürərdik" deyiblər.

Hətta, bəzi adamlar bu yollardan keçmək üçün itlərə "rüşvət" verməli olur. Market sahibinin dediyinə görə, onların evinə gələn qonaqlardan biri hər dəfə özü ilə bir kiloqram ət gətirir. İtlər onun üstünə cummaq istəyəndə əti atıb, yolu keçir.

Bəxt üzüyü filmindən stop kadr - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Taksi sürən, al-ver edən, suvaq vuran ziyalılar

Şəxsən mənim yaşadığım qəsəbədə də vəziyyət bundan geri qalmır. Bakının əksər qəsəbələri, kəndləri də oxşar vəziyyətdədir. Bəs səlahiyyətli qurum çıxış yolunu niyə öldürməkdə görür? Çünki bu canlıların öldürülməsi üçün dövlət büdcəsindən pul ayrılır. Yəni itlərin öldürülməsi qurum işçilərinin gəlir mənbəyidir. Əgər bu canlılar üçün sığınacaq yaradılsa, onlar qida və müalicə ilə təmin olunsa, bu, qurum işçilərinə sərf etməyəcək. Nə etməli, kimin çörəyi daşdan çıxır, kiminin çörəyi undan. Onların çörəyi də it öldürməkdən…

İnkişaf etmiş ölkələrdə sahibsiz heyvanlar üçün sığınacaq var. Onlar hər cür qida və müalicə ilə təmin olunur. Üstəlik, vətəndaşlar bu heyvanlara sahiblənə bilərlər. Bunun üçün müvafiq orqanlar bütün işləri görür.

Əlbəttə, bilirəm, çox yersiz müqayisə oldu. Bizdə insanlar özünü dolandıra bilmir, hansısa heyvanı necə dolandırsınlar?

Ümid edək ki, bütün dövlət qurumları səlahiyyətində olan canlılarla maraqlanacaq. Sonda isə elə itlərlə bağlı bir hekayəmin bu abzası yerinə düşər:

Heyvanlar arasında taleyi insan taleyinə ən çox bənzəyən itlərdir. Onların bəziləri varlı adamlar kimi dəbdəbəli malikanələrin kreslolarında xumarlanır, bəziləri həbsxanada olan adamlar kimi kiçik yuvalarda zəncirlənir, bəziləri kürsüdə oturanlar kimi pozğun və tamahkardır, bəziləri də küçə adamları kimi küçə itləridir.

Xəbər lenti
0