BAKI, 9 avq — Sputnik. Mədəniyyət sahəsində çalışsam da hərdən turizm mövzusunda yazmağım da lazım gəlir. Axı bizdə mədəniyyəti və turizmi birləşdiriblər. Hərçənd, bu iki sahənin bir-birinə nə dəxli var, bilmirəm!? Nə isə…
Hörmətli mədəniyyət nazirimiz mədəniyyət adına heç bir iş görməsə də turizm adına bir sıra işlər görüb. Bunun ən adi sübutu son zamanlar ölkəmizə kütləvi turist axınıdır. Di gəl ki, bu mübarək turistlərə özümüzün gözəlliyi ağılı başdan alan təbiətimizi göstərə bilirikmi? Bilmirəm hansı günümüz üçün, amma bizim təbiətimizin bütün gözəllikləri hündür zirvələrin arxasında gizli saxlanılır. Bunlardan biri də Lerik, Lənkəran, Astara bölgəsindəki fövqəladə gözəllikdir.
Yayın ən qızmar ayının birinci günü dörd dost yoldaş olub yollandıq Lerikə. Həm gözəlliyinə, həm də öz məmləkətim olduğuna görə istirahət üçün Lerikdən daha yaxşı yer adı çəkə bilmərəm. Doğrusu, bu təbiətin gözəlliyinə təcavüz olunur. Dağların qoynundan burula-burula gələn dağ çayına turizm və istirahət mərkəzlərinin tullantıları axıdılır. Çay sahilinin ən gözəl yerlərində otellər, kafelər tikiblər, diskotekalar, atraksionlar qurublar. Bütün bunlara rəğmən təbiət özünün füsünkar görünüşünü hələ də qoruyub saxlamaqdadır.
Bu bölgə təkcə gözəlliyi ilə deyil, həm də torpağının yetirdiyi hər cür naz-nemətlə seçilir. Bir tərəfində üzüm, əncir, tut, gilənar, heyva ağacları, bir tərəfində alma, armud, alça, qoz, fındıq ağacları məhsul verir. Meşələri çiyələk, böyürtkən, əzgil, qaragilə ilə dolu. Çayı, feyxoası, limonu, naringisi də ki, dillər əzbəri. Yeri gəlmişkən, dəmirağacı kimi adı "Qırmızı Kitab"a salınan nadir ağac da bu meşələrdə bitir. Amma bütün bu naz-nemətlər yalnız burada yaşayanlar tərəfindən becərilir. Halbuki, diqqət göstərildiyi halda ölkə iqtisadiyyatı üçün böyük gəlir mənbəyinə çevrilə bilər.
Lerikin uzunömürlülər diyarı adlanması da əbəs deyil. Adı Ginnesin Rekordlar Kitabına düşən və 168 il ömür yaşayan Şirəli Müslümov, 152 il ömür yaşayan Mahmud Eyvazov, 136 il ömür yaşayan Qızıl Quliyeva da məhz Lerikdə dünyaya göz açmış və elə Lerikdə dünyaya gözlərini yummuşlar. Bəs necə olub ki, bu insanlar bu qədər yaşayıblar? Əslində, cavab olduqca sadədir. Meşələri itburnu, kəklikotu, giləmərzə, yarpız, nanə, meşə soğanı, çobanyastığı, gülxətmi kimi müalicəvi bitkilərlə dolu, havası təmiz, suları təbii mineral, dağları meşə balı ilə zəngin bir torpaqda az ömür yaşamağın özü qəbahət olardı yəqin…
Bütün bunlardan belə nəticəyə gəldim ki, təbiətin hər cür nemət bəxş etdiyi bu mehriban, sadə və təmiz insanlar tamahdan çox uzaqdadırlar. Onlar üçün çirkli əskinasların zərrə qədər önəmi yoxdur. Yetər ki, siz onların qapısından narazı qayıtmayasınız.
Əslində, bu mövzuda qalaq-qalaq xatirələr yazmaq mümkündür. Amma nə faydası? Əlimizdə olan bu mükəmməl ötəsi gözəlliyin və zənginliyin qiymətini kifayət qədər bilirikmi? Onu qorumağı, gələcək nəsilllərə ötürməyi, onun naz-nemətlərindən yararlanmağı, onu mədəniyyət üçün mühüm məkana çevirməyi bacararıqmı? Yox! Elə isə bu qədər…