BAKI, 2 sen — Sputnik. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən möhtəşəm Yay Olimpiya Oyunları sona çatdı. Qarşıda bizi 7-18 sentyabr tarixlərində Rio-2016 Paralimpiya Oyunları gözləyir.
Azərbaycan 27 idmançı ilə Paralimpiya Oyunlarında təmsil olunacaq. Sputnik-in əməkdaşı, paralimpiya oyunlarına marağın olimpiya oyunlarında olduğu kimi olub-olmayacağına dair jurnalistlər arasında kiçik sorğu keçirib.
Elnur Elturk — Azərbaycan Kikboks Federasiyasının mətbuat xidmətinin rəhbəri: "Hesab edirəm ki, idmana marağı olanlar Olimpiyanı necə maraqla izləyirdilərsə, paralimpiya yarışlarını da belə qarşılayacaqlar. Ola bilər ki, hansısa idman növünə daha çox maraq olsun. Amma əsas odur ki, insanlar tərəfindən idmana böyük maraq olub və bundan sonra da olacaq. Bizim paralimpiyadada iştirak edən idmançılarımızdan qələbələr gözləyirik. Çünki onların idman potensialları böyükdür və dünyada titullu idmançılar sayılırlar. Qələbə qazanmaqla xalqımızı sevindirəcəklər".
Kənan Məstəliyev — rekord.az saytının baş redaktoru: "Nə qədər hörmətlə yanaşsaq da, paralimpiyaçıların çıxışı böyük maraq doğurmur. Bu da təbiidir. Məncə, paralimpiya oyunları idmandan çox insanların mübarizliyi, əzmkarlığı, döyüşkənliyinin ortaya qoyulduğu bir yarışlar toplusudur. Hər birimiz onlara həsəd aparır, bütün çətinliklərə sinə gərərək idmanla məşğul olmalarını alqışlayırıq. Ancaq sırf idman baxımından bu, o qədər də böyük əhəmiyyət kəsb etmir. Çünki ortaya qoyulan nəticələr çox da yüksək deyil. O ki qaldı millimizin çxışına, idmançılarımıza uğurlar arzulayır, qələbələrlə geri dönəcəklərinə inanıram".
Elsevər Məmmədov — qafqazinfo.az saytının idman müxbiri: "Hər Olimpiadadan sonra paralimpiya oyunları keçirilir. Bu yarışlara müəyyən qədər maraq olur. Amm təbii ki, bu, Olimpiya oyunları səviyyəsində deyil. Bu il də eyni olacaq. Amma bəzən xüsusi idmançılar olur ki, onlara maraq çox yüksək olur. Məsələn, İlham Zəkiyev kimi. Bu idmançıya maraq daha çoxdur. Qaldı ki, nəticəyə, düşünürəm ki, yarışdan komandamız uğurla dönə biləcək. Fikrimcə, ən yaxşı halda 3 medalla yarışı bitirə bilərik".
Zəki Feyzullayev — azerisport.com saytının əməkdaşı: "Məncə, Paralimpiya oyunları maraqlı olacaq. Məni maraqandıran sual isə odur ki, İlham Zəkiyev paralimpiyada üçüncü qızıl medalını qazana biləcəkmi? Hər yarışın öz tamaşaçı kütləsi var. Əlbəttə Olimpiya və Paralimpiya Oyunları arasında fərq böyükdür. Bir neçə idman növündə medal qazanmaq üçün yaxşı imkanlarımız var. Həm də paralimpiyaçılar üçün bu yarış yeni stimul yaradacaq".
Əli Zülfüqaroğlu — baymedia.az informasiya agentliyinin əməkdaşı: "Təbii ki, paralimpiya olimpiya oyunları ilə müqayisədə dünya ictimaiyyəti üçün o qədər də maraqlı deyil. Amma bütövlükdə paralimpiya da önəmlidir və Azərbaycanın burada iştirakı vacibdir. Azərbaycan paralimpiyaçılarınıın çıxışı əksər hallarda uğurlu alınıb. Burada xüsusilə İlham Zəkiyevi qeyd edə bilərik. Onun uğurlu çıxışı ölkəmizin dünyada tanınması üçün mühüm əhəmiyyət daşıyır. Mən bütün paralimpiyaçılarımıza uğurlar arzu edirəm".