Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Eyni ayda vəfat edən ana və oğlu - iki musiqi nəhəngi

© Photo : From the personal archive of Shafiga AkhundovaŞəfiqə Axundova
Şəfiqə Axundova - Sputnik Azərbaycan
Abunə olmaq
Onun nəhayətsiz istedadının tək bəhrəsi bu mahnılar deyildi. Oğlu Taleh Hacıyev də Şəfiqə Axundova dühasının canlı bəhrəsi idi.

BAKI, 26 iyul — Sputnik. 2008-ci ilin iyul ayı və 2013-cü ilin iyul ayının 26-sı — Azərbaycan musiqi tarixində iki nəhəng şəxsiyyətin vəfat tarixi… Biri Şərqin ilk opera yazan qadın bəstəkarı, operetta, süita, mahnı və romansların müəllifi Şəfiqə xanım Axundova, digəri onun oğlu, istedadlı pianoçu və bəstəkar Taleh Hacıyev…

Yəqin ki, hamımız "Lay-lay"ı əzbərə bilirik. Nənəmizdən, anamızdan ilk eşitdiyimiz nəğmə elə "Lay-lay" olub. Həmin nəğmə ki, onu Şəfiqə xanım Axundova öz oğlu Taleh Hacıyev üçün bəstələmişdi. "Lay-lay"dan sonra Şəfiqə xanım "Nədən oldu", "Həsrətindən", "Gözlərimin işığı sənsən", "Mehriban olaq", "İntizar", "Neyçün gəlməz" kimi məşhur mahnıları yazır. Amma onun nəhayətsiz istedadının tək bəhrəsi bu mahnılar deyildi. Oğlu Taleh Hacıyev də Şəfiqə Axundova dühasının canlı bəhrəsi idi.

Əfsus ki, yaşadığı müddətdə Taleh Hacıyev çox böyük bir kütlə tərəfindən tanınmırdı. İndinin özündə də çox az insan Taleh Hacıyev yaradıcılığı ilə tanışdır. Amma onun 18-20 yaşlarında bəstələdiyi "Belə qəmli dayanma" adlı məşhur mahnısını tanımayan, dinləməyən və çox güman ki, sevməyən olmaz. Lakin Taleh Hacıyev daha çox pianoçu kimi tanınmışdı.

Flora xanım Kərimova Taleh Hacıyev haqqında danışanda onu "insan orkestr" adlandırırdı. Bu o deməkdir ki, Taleh Hacıyevin bir tək piano ifası böyük bir orkestri əvəz edə bilirmiş. Flora xanımın bu sözündəki həqiqətin şahidi olmaq çətin deyil. Maraqlanan hər kəs sadə bir axtarışla Taleh Hacıyevin piano ifasında Şəfiqə Axundovanın "Həsrətindən" mahnısını dinləyə bilər.

Şərqin qadın bəstəkarı tərəfindən yazılan ilk operanın kosnertmeysteri də Taleh Hacıyev olmuşdur. Opera və Balet teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası səhnləşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayət etmişdir.

Böyük istedadlar heç vaxt sıradan həyat yaşamayıblar. Eyni ilə Şəfiqə Axundova və onun oğlu Taleh Hacıyev kimi. Şəfiqə xanım çox qısa müddət ailəli olmuş, bu evlilikdən onun cəmi bir övladı olmuşdu. Daha sonra 89 yaşına qədər tək-tənha yaşamışdır.

Bütün ümidlərini bağladığı Taleh Hacıyev isə gənc yaşlarında ruhi xəstəliyə tutulur. Uzun müddət bu xəstəliklə mübarizə aparsa da, 2008-ci ilin iyul ayında Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edir.

Taleh Hacıyevin ölümü Şəfiqə xanımdan uzun müddət gizlədilir. Hətta qırx mərasimi keçdikdən sonra Şəfiqə xanım oğlu Talehin vəfat etdiyini öyrənir. Talehsiz beş il yaşayır. Bəlkə kiçik bir təsadüf, bəlkə də mistik bir hadisədir, amma Şəfiqə xanım da 2013-cü ilin iyul ayında vəfat edir. Şöhrəti sərhədlər aşan böyük mahnıların bəstəkarı, elə öz təbirimcə desəm, Şərqin nəğməli qızı 2-ci Fəxri Xiyabanda dəfn olunur.

Həmin gün teatra getmək üçün dayanacaqda marşurut gözləyirdim. Teatrdan bir yoldaş zəng edib Şəfiqə xanımın vəfat etdiyini dedi. Elə həmin an taksiyə minib Şəfiqə xanımın vəfat etdiyi xəstəxanaya yollandım. Yolboyu radioda "Nədən oldu" səslənirdi. Əfsus ki, mən xəstəxanaya çatanda xanım bəstəkarın nəşi evinə aparılmışdı.

Amma ertəsi gün Rəşid Behbudov adına Mahnı teatrında Şəfiqə Axundova ilə izdihamlı vida mərasimi təşkil olundu. "Həyat sən nə şirinsən, kim səndən doydu getdi" mahnısının sədaları və gurultulu alqışlarla Şəfiqə xanım son mənzilə yola salındı.

Xəbər lenti
0