BAKI, 13 iyul — Sputnik. Sputnik-in keçirdiyi növbəti sorğuda mövzu teatr oldu. Xalqa "Azərbaycanlılar niyə teatra maraq göstərmirlər?" sualı ünvanlandı. Sorğuda iştirak edənlərdən 28.1 faizi səbəbi maddi imkansızlıqda gördü. 21.1 faiz teatrımızın ümumi səviyyəsinə qane olmadığını, 21.1 faiz texnologiyanın teatra marağı öldürdüyünü, 17.5 faiz insanların özlərində teatra meylin olmadığını, 12.3 faiz isə tamaşaların gündəmlə səsləşmədiyini düşündü.
Bilmirəm, kim belə bir cəfəngiyyat uydurub ki, xalqın gözü tərəzidir. Əgər tərəzidirsə, ölçüsü xarabdır demək. Axı bayağı şou müğənnilərini öz şadlıqlarında min manatlar müqabilində oynadan bu xalq, hansı üzlə maddi imkansızlıqdan teatra getmədiyini deyir?
Olimpiya oyunlarına, "Formula 1" yarışlarına ev sahibliyi edən, Enrikenin, Kris Braunun konsertlərində əylənən xalqın, biletləri 5-10 manat arası dəyişən teatra getməyə maddi imkanı çatmırmı? Lap Cəfər Cabbarlının "Aslan və Fərhad" hekayəsindən bu sözlər yadıma düşdü: "Xəyanət! Özü də ikiüzlü xəyanət!".
Dəbdəbəli şadlıq saraylarında toy, nişan, ad günü keçirib ən məşhur müğənnilərin yarım saatına yüzlüklər, minliklər ödəyən, rəqqasələrin başından aşağı pul səpən, döşlərinin arasına pul sıxan adamların teatra getməyə 5 manat tapmaması xəyanət deyilmi? Həm də ikiüzlü xəyanətdir. Bu xəyanəti insan həm özünə edir, həm də yaşadığı toplumun mədəniyyətinə.
Teatrımızın ümumi səviyyəsinə qane olmayan adamlar isə mənə heç inandırıcı gəlmədi. O adamlardan ən son hansı tamaşaya getdiklərini soruşsan, gözlərini döyəcəklər. Öz avamlığına bəhanə gəzən bu əzbərçilər bilmədən, öyrənmədən danışmağı sevirlər. Ona görə teatrımızın ümumi səviyyəsinə qane olmadıqlarını deyirlər. Adama deyərlər, məgər bu cür düşünən kəsim o qədər ali səviyyəlidir ki, onun teatrından da ali səviyyə umursan?
Texnolgiyanın teatra marağı öldürdüyünü deyənlər qismən haqlı ola bilərlər. Lakin bir şərtlə ki, yalnız Şərqin acgöz toplumlarında texnologiya teatra marağı öldürə bilər. Axı hamımız çox yaxşı bilirik ki, texnologiyası bizdən qat-qat artıq inkişaf etmiş Avropa, Amerika ölkələrində teatra maraq heç vaxt axsamır. Deməli, bu, toplumun mədəniyyətə biganələyindən qaynaqlanır, texnologiyanın məsələyə heç bir dəxli yoxdur.
Ən səmimi olanlar 17.5 faizdir. Etiraf ediblər ki, insanların özündə teatra maraq yoxdur. Onlar bu cavabı verməklə səmimi şəkildə bildiriblər ki, sözdə ziyalısı teatrı "şeytan yuvası" adlandıran cəmiyyətdə mədəniyyət abidəsinə hansı meyl ola bilər? Bilməyənlər üçün lap açıq deyim, Əsəd Cahangir adlı bir adam vardı — bilmirəm indi yaşayır, yoxsa vəfat edib — teatrı "şeytan yuvası" adlandırmışdı.
Bəli, o şəxs ki, özünü xalqa tənqidçi, ədəbiyyat adamı, postinsan kimi sırımağa çalışırdı. Bir qrup tələbəsi də ona yarınmaq üçün fikrini təsdiqlədi. Özü yuxarılara yarınmağa çalışan adamın tələbələri bundan artıq ola bilməzdi ki…!
Tamaşaların gündəmlə səsləşmədiyini deyən 12.3 faiz də qismən haqlıdır. Bu barədə çox uzun danışmaq olar. Amma danışmaqla kifayətlənmək olarmı? Bəs xalqın buna etirazı hanı? Niyə bu xalq ayağa qalxıb soruşmur ki, bəs deyilmi İlyas Əfəndiyevi, Elçin Əfəndiyevi təkrar-təkrar göstərdiniz bizə? Bu 9 milyonun içindən bir gənc dramaturq çıxmadı ki, 2016-cı ilin problemlərindən əsər yazsın, biz də gəlib izləyək!?
Axı nə qədər olar ki, Azər Paşa Nemət Nargilədən kişi düzəldib, İsgəndəri qocaldıb aldadacaq bu camaatı? Teatrın repertuarında bir-iki fərli-başlı tamaşa vardısa, onları da repertuardan çıxardı. Bir para ağzıgöyçək tələbəsi də oturub-durub tərifləyəcək onu. Gedənə rəhmət oxutdurmaq bu olsa gərək…
Sorğunun ən acınacaqlı tərəfi odur ki, çoxluq əzbərçidir, yalan danışır, səmimi deyil. Az bir qisim haqlıdır, onlar da susur. Sual isə öz həqiqi cavabını hələ də tapmadan xalqa açıq qalır: Azərbaycanlılar teatra niyə maraq göstərmirlər?