Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Turşumuş çaxır qoxusu da bundan yaxşıdır

Abunə olmaq
Cüzi istisnalarla, biz son dönəm Azərbaycan teatrında hansı yeniliyin şahidi olmuşuq? Hansı Avropa ölkələrinin səhnəsində Azərbaycan teatrının kollektivi tamaşa nümayiş edib?

BAKI, 9 iyun — Sputnik. Bu yaxınlarda Nuranə Dadaşovanın "Teatrdan turşumuş çaxır qoxusu gələrsə" sərlövhəli yazısı yayımlandı. Daha sonra teatrşünas Anar Bürcəliyev də bu yazıya cavab olaraq uzun bir yazı yayımladı. Uzunçuluq olmasın, amma hər iki yazıda teatr haqqında bir-birinə zidd fikirlər yürüdüldüyü üçün istəyirəm ki, bu məsələdə ortaq məxrəcə gələk. Hərçənd, ortaq məxrəcə gəlmək mümkünmü?

Loja və teatr səhnəsi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Teatrdan çaxır qoxusu gələrsə...

Afaq Məsudun "Qatarın altına atılan qadın" əsərində (Akamedik Milli Dram Teatrında Mehriban Ələkbərzadənin rejissoruluğu ilə səhnələşdirilib) Gültəkin Sarabskaya (obrazı Kəmalə Müzəffər ifa edir) belə deyir: "İndi teatr deyəndə adamın burnuna turşumuş çaxır iyi gəlir!".

Nuranə xanım Dadaşova da bunun səbəblərini belə yazır: "Repertuar kasadlığı, tamaşaçı qıtlığı, intellektli rejissor çatışmazlığı, aktyor yarıtmazlığı və sair kimi hallar, fikrimcə, teatrı bir istehsal müəssisəsi kimi işlənməz hala gətirən məqamlardan sayılmalıdır. Bu müəssisələrə birbaşa və ya bilavasitə cavabdeh olan şəxslərin səriştəsizliyini və bu sənətə dırnaqarası baxmalarını da nəzərə alsaq, teatrımızın bugünkü durumu ilə bağlı problemlərin kökündə nələrin dayandığını daha açıq şəkildə bəyan etmiş olarıq".

Bəs teatrımızn problemləri bununla bitirmi? Əslində, Nuranə Dadaşova öz yazısında problemlərin kiçik bir qismini misal çəkir. O, teatrların repertuarının məmur yazıçıların əsərlərindən ibarət olmasını, bununla da teatrı sənət ocağına yox, məmurlara yarınmaq üçün vasitəyə çevirməyi, teatr direktorlarının və baş rejissorların, eləcə də, yaşlı aktyor və aktrisaların teatrda hegemonluq etməsini, ölkəmizin dörd yanında cərəyan edən qohumluq prinsiplərinin teatr səhnəsinə daşınmasını, sifarişlə tamaşaların səhnələşdirilməsini, azacıq səsini çıxaran, etiraz edən aktyorların böhtanla, yalanla teatrdan uzaqlaşdırılmasını, teatr hegemonlarının gənclərə, yeniliyə, müasirliyə qənim kəsilməsini, teatrda çalışan gənclərin də yaşlılar kimi kölələşdirilməsini yazmır. Belə olan halda bügunkü teatrın qoxusunun yanında turşumuş çaxır iyi ənbər ətrinə bənzəyir!

Teatrşünas Anar Bürcəliyev isə bügunkü teatrımızın inkişaf etdiyini düşünür. O, yazır: "Azərbaycan teatrının repertuarı bu gün daha da genişlənib və zənginləşib… Son vaxtlar bu ocağa diqqət teatr sənətimizin inkişafında mühüm rol oynayır… Azərbaycan teatrının çağdaş mənzərəsi xeyli rəngarəng və zəngin görünür… Tək paytaxt Bakıda fəaliyyət göstərən teatrlarımız deyil, həmçinin regionlarda fəaliyyət göstərən Dövlət Dram teatrları da bu gün özünəməxsus rəngarəngliyi və zənginliyi qoruya bilir… Bu gün ən maraqlısı və qiymətli olanı isə budur ki, bu teatrların hamısında coşqun yaradıcılıq işi gedir. Onların hər biri yeniləşməyə, təkmilləşməyə, böyük sənət uğurları və tamaşaçı məhəbbəti qazanmağa çalışırlar".

Anar Bürcəliyev bu yazısı ilə lətifəni şifahi xalq ədəbiyyatından çıxarıb, yazılı ədəbiyyata gətirir. Zarafat bir yana, hörmətli teatrşünas bu yazdıqlarını haçan və harada görüb? Bu əttökən pafos nəyə və kimə lazımdır? Həqiqəti hamımız bilirik. Bəs Anar Bürcəliyev kimlərə yarınmaq üçün teatrımızın hal-hazırda zəngin, rəngarəng olduğunu, uğurlar qazandığını iddia edir? Hansı uğurdur o? Cüzi istisnalarla, biz son dönəm Azərbaycan teatrında hansı yeniliyin şahidi olmuşuq? İldə neçə festivalda birincilik qazanmışıq? Hansı Avropa ölkələrinin səhnəsində Azərbaycan teatrının kollektivi tamaşa nümayiş edib? Müasir Azərbaycan və dünya dramatuqlarının neçə əsəri var bizim teatrlarımızda? Müəllif bu suallara konkret sübutlarla cavab verə bilərmi?

Anar Bürcəliyev öz yazısında bir sıra rejissorların adını çəkir və iddia edir ki, müasir Azərbaycan teatrı bu rejissorlar sayəsində yaşayır. Ya xəbəri yoxdur, ya da özünü bilməməzliyə vurur ki, sadaladığı rejissorların böyük qismi müasir Azərbaycan teatrını məhvə sürükləyən, onu gözdən salan, onu turşudan adamlardır.

999-cu gecə tamaşası - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Şəhrizadın erotik nağılları

Biri, Hüseyn Ərəblinski həyatından hazırladığı tamaşa ilə Azərbaycanın həm tarixinə, həm də müasir teatrına zərbə vuran xanım rejissor, o biri, heç bir yaradıcılıq qabiliyyəti olmayan, bütün tamaşalarında aktyor və aktrisaların arxasında gizlənən rejissor, digəri Nargilə kimi məsum qızcığazı gözdən salan, İsgəndər kimi gənci qocaldan rejissor… Bunlardırmı müasir teatrı yaşadanlar?

Gördüyünüz kimi, Nuranə Dadaşovanın yazdığı həqiqətlə Anar Bürcəliyevin yazdığı cəfəngiyyat arasında bir ortaq məxrəcə gəlmək mümkün deyil. Ona görə ki, həqiqət heç bir cəfəngiyyatla ortaqlığı qəbul etmir! Həqiqət də ondan ibarətdir ki, müasir Azərbaycan teatrından turşumuş çaxır iyi gəlsə, yenə yaxşı olardı. Turşumuş çaxır da insanı qismən məst edir. Amma burdan elə çürük üfunət iyi gəlir ki, adamın ürəyi bulanır!

Xəbər lenti
0