Azərbaycanda mədəniyyət sahəsi 90-cı illərin ard-arda baş verən qanlı hadisələrindən sonra tənəzzülə uğramağa başladı. Keyfiyyətli filmlər çəkilmədi, başı öz dərdinə qarışan xalq teatra getmədi, kinoteatrlar tamam unuduldu.
Amma 2006-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilib, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradılanda bu tənəzzülə uğrama prosesi öz zirvəsinə çatdı. Hələ ki, bu nazirliyin başına mədəniyyət sahəsinə heç bir dəxli olmayan Əbülfəs Qarayev gətirildikdə, mədəniyyətin yenidən tərəqqiyə uğraması yalnız xəyala çevrildi.
Ümumiyyətlə, mədəniyyət sahəsinin turizm sahəsi ilə birləşdirilməsinə nə gərək vardı, bilmirəm?! Görünür ki, mədəniyyət ayrılıqda elə də lazımlı sahə hesab olunmadı. Amma onu turizmlə birləşdirib varlığını göstərərək, yoxluğunu hiss etdirmək əzabvericidir. Ölkədə mədəniyyətin çöküşü və mədəniyyət adamlarının bərbad gün-güzəranı da burdan başladı.
Yaxşı yadımdadır ki, Maqbet Bünyadov Akademik Milli Dram Teatrının direktoru olanda xalq artisti Amaliya Pənahova belə bir söz demişdi: "O, sirk direktorudur. Bəlkə də sirkdən yaxşı anlayır. Amma teatra və teatr adamlarına rəhbər ola bilməz!" Elə buna görə də Maqbet Bünyadov öz vəzifəsindən azad ediləndə müsahibə verib demişdi ki: "Məni teatrdan alqışlarla yola saldılar!" Görün, teatrın kollektivi Maqbet Bünyadovun gedişinə nə qədər sevinmişdi!?
Bu misalı əbəs yerə çəkmədim. Bizim mədəniyyət nazirimiz Əbülfəs Qarayev də xarici dillər üzrə təhsil alıb və orta məktəbdə ingilis dili müəllimi işləyib. Mümkündür ki, nazirin bu təhsili və bu işi onun turizm sahəsində uğurlarına yol açsın. Amma mədəniyyət sahəsində nazirin bu peşəsi heç bir işə yaramazdı və yaramadı da!
Xarici dil müəllimi olan mədəniyyət nazirimizin öz ana dilini yaxşı bilmədiyi də hamıya məlumdur. Məsələn, 2013-cü ildə, Azərbaycan teatrının yaranmasının 140 illik yubileyində Əbülfəs Qarayev çıxış edirdi. Tədbir Akademik Milli Dram Teatrında keçirilirdi. Mədəniyyət naziri mədəniyyət ocağında və mədəniyyətimizin ən önəmli sütunu olan teatrın yaranmasının yubileyində sərbəst çıxış edə bilmədiyi üçün əlindəki kağızdan mətn oxuyurdu. Teatr haqqında iki cümlə qurub sərbəst çıxış edə bilməyən nazir teatra nə fayda verə bilər ki?
Mərhum xalq artisti İlhamə Quliyeva ilə vida mərasimində də İlhamə xanımı şəhid adlandırması hamının yadındadır yəqin. Bu hadisə də nazirin dilimizi yaxşı bilməməsinə görə baş vermişdi. Bəlkə də nazir İlhamə Quliyevanı mədəniyyət şəhidi, yəni, sənət fədaisi adlandırmaq istəyirmiş. Amma belə olan halda, yenə nazir səhv edirdi. Çünki zinət əşyalarına, bahalı paltarlara bürünmüş, istənilən telekanal rəhbərliyinə öz çıxışının uzadılması üçün əmr edə bilən, bütün sənət adamlarına kraliça kürsüsündən baxan mərhum primaddonamız sənət fədaisi ola bilməzdi.
Bu ölkənin sənət fədailəri evsiz-eşiksiz və kimsəsiz ölən Nuriyyə Əhmədova, uzun illər sağalması üçün imdad dilənib heç kəsdən mərhəmət görməyən Xanım Qafarova, teatr rəhbərliyinin haqsızlıqlarına dözməyib infarkt keçirən İlham Əsgərov və bu aqibəti yaşayan neçə-neçə aktyorlarımız, aktrisalarımızdır. Onlar nazir Əbülfəs Qarayevə dəfələrlə müraciət etdilər. Müraciət etdilər ki, onların maddi imkanlarını yaxşılaşdırsın, onları ədalətsiz rəhbərlərin əsarətində saxlamasın. Amma nazir onların köməyinə gəlmədi. Çünki bir ingilis dili müəllimi heç vaxt bir aktyoru, aktrisanı anlaya bilməzdi.
Bir məsələ var ki, Əbülfəs Qarayev Qara Qarayev kimi mədəniyyət nəhənginin qardaşı oğludur. Heç olmasa öz əmisinin əziz xatirəsi naminə mədəniyyətə qayğısı olaydı. Əfsus ki, olmadı!
İndi mədəniyyətimizin tərəqqəsi üçün atılmalı olan ilk addım mədəniyyətin turizm sahəsindən ayrılması və onun rəhbərliyinə mədəniyyəti anlayan bir insanın gətirilməsidir. Bunun üçün kifayət qədər yaxşı namizədlər var və onlar ingilis dili müəllimlərinin içində yox, teatrlarımızda, kinolarımızdadır!
Qeyd: Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.