Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Zombilərə qarşı savaş

© AP Photo / AP PhotoİŞİD-in edamı
İŞİD-in edamı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu məsələdə demokratiya oyunu oynamağa ehtiyac yoxdur. Onlara qarşı qanunun ən sərt üzünü göstərməyin zamanı çatıb.

BAKI, 12 iyul — Sputnik. İstanbulda Atatürk hava limanında terror aktı törədən İŞİD, dünya mətbuatında yenidən gündəmə gəlib. Türkiyə kəşfiyyat orqanlarının əldə etdiyi məlumata görə, İŞİD-in Türkiyə və Avopa ölkələrində terror aktı törədəcəyi barədə önəmli xəbərlər ortaya çıxıb.

İŞİD terrorçuları - Sputnik Azərbaycan
İŞİD Azərbaycanda terror aktları planlaşdırıb - Türkiyədən xəbərdarlıq

Məlumatlarda, həmçinin vurğulanır ki, İŞİD Azərbaycan, Kipr və Gürcüstanda terrora başlaya bilər. Yayılan məlumatlardan aydın olur ki, Avropa ölkələrinə kamikadzelərini İŞİD Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərə bilər. Türkiyə polisi yerli idarələrinə azərbaycanlı və Qafqaz mənşəli İŞİD-çilərlə bağlı xəbərdarlıq məktubu göndərib. Azərbaycanlı və Cənubi Qafqazdan olan terrorçuların Türkiyə və Azərbaycanda terror aktları törədə biləcəyini xəbər verən "Milliyyet" qəzeti yazır ki, İŞİD Azərbaycandakı hücumlarını polislərə və onların ailə üzvlərinə qarşı həyata keçirmək istəyir.

Adıçəkilən məlumatların həqiqətə nə dərəcədə uyğun olduğunu söyləmək çətindir. Lakin İraq, Suriya və Türkiyədə terror aktları həyata keçirən, bütün dünyanı vahimə altında saxlayan İŞİD-lə bağlı yayılan məlumatlara xüsusi həssaslıqla yanaşmaq lazım gəlir. Ən azı, ona görə ki, bu terror təşkilatının bayrağı altında vuruşan soydaşlarımız da az deyil.

Rəsmi məlumatlara görə, Yaxın Şərqdə savaş başlayandan sonra, əsasən Sumqayıt, Zaqatala, Balakən, Qusar və Qaxdan olan xeyli sayda Azərbaycan vətəndaşı bu ölkələrə döyüşmək üçün gedib. Yaxın Şərqdəki savaşlarda ən müxtəlif qruplaşmalarda vuruşan, əsasən də İŞİD bayrağı altında cəm olan Azərbaycan vətəndaşlarının sayının 400 civarında olduğu bildirilir.

Heç şübhəsiz ki, onların Azərbaycanda da tərəfdarları var. Ölkədə dini maariflənmə zəif aparıldığından, radikal və təkfirçi qrupların revanş götürə biləcəyi ehtimalı da yaranır. Yad bir ölkədə, yad ideyalar naminə savaşanlar öz vətənlərində də döyüşə bilərdilər. Söhbət savaşçıdan da getmir, beyinləri yuyulan insanların törədə biləcəyi fəsadlar narahatçılıq doğurur.

Zombiləşmiş, az qala hamını inkar edən dini qrupların məqsədləri heç də vətəni azad etmək deyil. Təkfirçi qruplar azad etdikləri ərazilərdə şəriət dövləti yaratmaq məqsədlərini gizlətmirlər. Qanunsuz hərbi birləşmələrdə iştirakına görə uzun müddət həbsdə olan bir təkfirçi bu sətirlərin müəllifi ilə söhbətində bunu açıq etiraf etmişdi: "Biz Qarabağda savaşmağa hazırıq. Lakin əmin olmalıyıq ki, azad edəcəyimiz ərazilərdə spirtli içki satılmayacaq və yalnız şəriət qanunları işləyəcək".

Burada artıq şərhə ehtiyac da yoxdur. Bu gün Yaxın Şərqdə vuruşan və İŞİD kimi radikal, təkfirçi qrupların təsirində olan gənclər oralarda təcrübə yığdıqdan sonra Azərbaycana dönə bilərlər. Vətənə döndükdən sonra onların hamısını nəzarətdə saxlamaq mümkün olacaqmı? Başlıca sual budur.

Ümumiyyətlə, dini sahə olduqca həssasdır və hər hansı bir radikallıq arzuolunmazdır. Kiçik, lakin radikal bir silahlı qrup vətənə dönüb, hədəf kimi ziyarətgahları, onlar kimi düşünməyən məzhəbləri, xüsusilə də nifrət etdikləri şiələri hədəf seçəcəklərsə, onların malını, qadınını və qanını halal hesab edəcəklərsə, bu, gerçək bir təhlükənin xəbərçisidir.

İŞİD-in edamı - Sputnik Azərbaycan
TƏHLİL
Onların ən çox nifrət etdikləri şüar - Öncə Vətən!

Azərbaycanda əksər dini icmalar yetərincə maarifçilik prosesində iştirak edə bilmir. "Allahu Əkbər" şüarı ilə baş kəsən təkfirçilər kimlər üçünsə bir qəhrəmana çevrilib. Dini savadı olmayan bəzi gənclər üçün bu, bir əyləncədir. Lakin belə "əyləncələr" olduqca böyük fəsadlar törədə bilər.

Milli-demokratik müxalifətin zəif olduğu və dini maarifin yoxa çıxdığı bir ölkədə İŞİD kimi radikal, zombi ordusunun peyda olması ehtimalı elə də kiçik deyil. Yaxın Şərqdəki savaşda 400 nəfər vətəndaşımızın döyüşməsi barədəki məlumatlar da son deyil. Bəzi iddialara görə, bu rəqəm daha yüksəkdir. Onların Azərbaycandakı tərəfdarlarının sayı isə minlərlə ölçülür.

Baş verənlər artıq tolerantlıq çərçivəsinə də sığmır. Bu, bir milli təhlükəsizlik məsələsidir. Düzdür, qadağalarla da uzağa getmək olmaz. Unutmaq lazım deyil ki, Azərbaycan əhalisinin 99 faizi müsəlmandır, burada ən önəmli vəzifə maarif işinin düzgün qurulmasıdır.

Bu gün İŞİD və bu kimi radikal təşkilatların "Allahu Əkbər" hayqırtıları kimlərəsə xoş gələ bilər. Lakin tarixi təcrübə göstərir ki, belə qurumlar adətən Qərb xüsusi xidmət orqanları ilə bağlı olur. İŞİD-in bu qədər geniş əlaqələrə malik olmasında da ABŞ maraqlı idi. Bu, idarə olunan xaos nəzəriyyəsinə uyğun görünür. Diktatorları yıxan ərəb ölkələri Yaxın Şərqdə demokratik təsisatlar yaratmaq barədə düşünməyə başlamışdılar.

İŞİD kimi radikal qrupların sayəsində isə on illər boyunca davam edəcək vətəndaş müharibələrinin əsası qoyuldu. Belə durum yenidən enerji daşıyıcılarına sahib olmaq istəyən Qərbə sərf edir. Anti-Qərb ritorikasına və ərəb millətçiliyi pərdəsinə baxmayaraq, İŞİD elə islam dininə zərbə vurmaq üçün yaradılan bir qurumdur.

Sabah bu qurum Azərbaycanda da savaşa başlaya bilər. Bu məsələdə demokratiya oyunu oynamağa ehtiyac yoxdur. Bir qrup başkəsən zombinin isə nə dinə, nə də ki insanlığa bir dəxli var. Onlara qarşı qanunun ən sərt üzünü göstərməyin zamanı çatıb…

Xəbər lenti
0