BAKI, 28 iyun — Sputnik. Böyük siyasətdə emosiyalara yer olmur. Siyasətçinin istedadı ondan ibarətdir ki, lazım gələndə geri çəkilə, sözündən dönə, taktikasını dəyişə, bir sözlə manevr edə bilsin.
Türkiyənin sabiq prezidenti Turquq Özal "böyük siyasət küçələrdə həll edilə bilməz" deyirdi. 1990-cı ilin 20 yanvarında Azərbaycana münasibətdə "onlar şiə, biz sünniyik" deyən Özal, 3 ildən sonra Türk Birliyi barədə bəyanat verirdi. Praqmatik siyasətçilər belə edirlər.
Lakin Ərdoğan ritorikası daha sərt idi. Görünən bu idi ki, Türkiyə Prezidenti "təyyarə qalmaqalı"ndan sonra Rusiya ilə bütün "körpüləri" yandırmaq üzrədir. Türkiyə liderinin kəskin bəyanatları ağır artilleriya atəşlərinə bənzəyirdi.
İki ölkə arasında savaşın ola biləcəyindən danışanların da sayı artmışdı. Lakin daha soyuqqanlı müşahidəçi üçün "təyyarə qalmaqalı"nın meydana çıxdığı ilk gündən bəlli idi ki, Ankara — Moskva münasibətləri savaş müstəvisinə qədər irəliləyə bilməz.
Unutmaq lazım deyil ki, son 100 ildə Türkiyə Rusiya ilə qarşıdurmadan çəkinib və bu dəfə də belə olacağına şübhə yox idi. Rusiya ilə Türkiyə arasında yaşananlar, bütün pafos və sərt ritorikaya baxmayaraq, ilk mərhələdə istər Kremlin, istərsə də Ankaranın maraqlarına cavab verirdi. Xarici düşmən amili hər iki hakimiyyətə ölkə daxilində nüfuzlarını artırmağa xidmət edən siyasi texnologiya idi.
Lakin bu, uzun müddət davam edə bilməzdi. Unutmaq olmaz ki, Vaşinqton Suriyada Moskvaya qarşı açıq çıxış etmədi və Ankaranı dəstəkləməklə məhdudlaşdı. Aydın məsələ idi ki, Ankara və Moskva arasındakı savaş da tezliklə bitəcək.
Türkiyə bölgənin mühüm oyunçusudur və odur ki, öz maraqlarına xidmət edən addımlar atacağı gözlənilən idi. Ankaraya Yaxın Şərqdə möhkəmlənmək lazımdır, ona başqa savaşlar lazım deyil. Nə Qafqaz, nə Şərqi Avropaya təsir imkanları Ankara üçün prioritet deyil. Ankara strategiyasında Yaxın Şərqi nəzarətə almaq mühümdür.
Prinsipcə, bu, neoosmanlıçılıq siyasətidir. Eyni zamanda, Rusiya Türkiyə ilə münasibətlərini normallaşdırmaqda maraqlıdır. Odur ki, "təyyarə qalmaqalı"nın uzun sürməyəcəyi ilk gündən bəlli idi. Lakin Ərdoğanın sərt ritorikasının qəfildən bu dərəcədə kəskin dəyişməsi sullar doğurur.
Siyasi hikkəsini, emosionallığını bir kənara atıb, rasional siyasətçiyə çevrilmək Ərdoğanın nəyinə lazım idi? Belə imic onun elektoratı üçün cəlbedici deyil. Kənardan görünən budur ki, Vaşinqton və Avropa İttifaqı ilə ciddi problemlər yaşayan Ərdoğan anlayırdı ki, malik olduğu elektorat parçalana və onun iqtidarı üçün ciddi problemlər yarana bilər.
Vaxtilə Ərdoğan hakimiyyətinin möhkəmlənməsinə xidmət edənlərin çoxu indi onun bədxahlarına çevriliblər, bu isə onun iqtidarı üçün təhlükə yaradır. Kommersiya strukturlarına, orduya, təhlükəsizlik sisteminə, mətbuata birbaşa çıxışı olan Fətullah Gülən, sabiq prezident Abdullah Gül, sabiq baş nazir Əhməd Davudoğlu, sabiq baş nazir müavini Bülənt Arınc vahid təşkilatda birləşə bilsələr, heç şübhəsiz ki, Birləşmiş Ştatların rəğbətini də qazana bilərlər.
Belə gedişat artıq Qərb dairələrini təngə gətirən Ərdoğan üçün əməllicə başağrısına çevrilə bilərdi. Odur ki, Ərdoğan üçün müttəfiq lazım idi. "Davos fatehi" on illər boyunca Ankaranın əsas dayağı olan İsrail ilə düşmənçilik aparırdı. Digər tərəfdən, Vaşinqtona qarşı güc nümayiş etdirən Rusiya ilə münasibətlərdəki gərginlik Ərdoğanı təklənmiş duruma sala bilərdi.
Bir yol qalırdı — sərt ritorikanı "kusura bakmayın" üzrxahlığı ilə əvəzləmək, İsrail və Rusiya ilə dostlaşmaq, Vaşinqtonun ona qarşı ata biləcəyi hər hansı bir addım barədə iki ölkə kəşfiyyatı sayəsində məlumatlanmaq və hakimiyyətini qorumaq.
Beləliklə, Ərdoğan Rusiya və İsrail ilə yaxınlaşır. Lakin qarşıda onu komandasındakı böhran gözləyir. "Rus ruleti" oyunu Ərdoğana baha başa gələ bilər və onu bu qədər qalmaqala səbəb olan "kusura bakmayın" ifadəsi də xilas etməyə bilər…