BAKI, 27 iyun — Sputnik. Barmaqla sayılası qədər telekanallarımız var ki, onların da böyük bir qismi quruca binadan qeyri bir şey deyil. Bilmirəm, say çoxaltmaq üçün, yoxsa gəlir mənbəyi kimi bu lazımsız telekanalları urcah ediblər xalqın canına. Hərəsində də bir para boşboğaz…
Biri bayağı şoularla, insan həyatı üzərində oynanılan oyunlarla, mahiyyətcə mərsiyəxandan fərqlənməyən beş-altı nəfərdən teleaparıcı düzəldib, reytinq yığmağa çalışır. O biri toy səviyyəli verilişlərlə, mədhiyyələrlə, pərəstişi fitdən yuxarı olmayan kiçik auditoriya ilə ekranda məzhəkə qurub. Digəri müxtəlif təriqətləri şüuraltına yeritmək üçün hər iki kəlməsindən biri dinə, məzhəbə bağlanan lüğətlə özünün, yaxud havadarlarının ideyalarını təbliğ etməyə çalışır. Bir başqası arada fal-cadu ilə yada düşsə də, o qədər məzmunsuzdur ki, varlığı ilə yoxluğu arasında heç bir fərq yoxdur. Və s. və i. a.
Lakin bu telekanalların içində ANS TV həm peşəkarlıq baxımdan, həm də xalqa təqdim etdiyi keyfiyyətli məhsullarla digərlərindən fərqlənir. Ümumiyyətlə, Azərbaycan Televiziyasından sonra ikinci və sonuncu peşəkar telekanal elə ANS TV-dir. Həm xəbərlərində, həm şoularında, həm sənədli filmlərində, bir sözlə, bütün layihələrində yüksək maarifləndiricilik olan bu telekanal, şəxsən mənə görə, elə öz şuarı kimi, dəqiq, qərəzsiz və vicdanlıdır. Bəs bu qərəzsiz telekanalla Milli Televiziya və Radio Şurasının qərəzi nədir?
Müxtəlif zərərli ideologiyaları təbliğ edən, bayağı şoularla reytinq qazanmağa çalışan, ekranı toy səviyyəsinə endirən telekanallara gücü çatmayan MTR Şurasının ANS-lə nə qərəzi var? Əlbəttə, Şuraya buyruq qulu lazımdır. ANS TV isə özünün indiyəqədərki fəaliyyəti ilə sübut edib ki, buyruq qulu deyil. Bəli, ANS TV Azərbaycan teleməkanında yeganə telekanaldır ki, ən cəsur verilişləri ilə, ən maarifləndirici layihələri ilə yadda qalıb. Bunları saymağa gərək yoxdur. Əgər ANS TV digər telekanallar kimi bayağılığa, ucuz reytinqə qaçsaydı, MTR Şurasnın onunla heç bir qərəzi olmazdı.
Şura istəyir ki, xalqa çal-çağır təqdim olunsun, xalqın başı çalıb-oynamağa qarışsın. ANS TV isə yeganə telekanaldır ki, xalqı elmə, müzakirəyə, mühakiməyə, araşdırmaçılığa, öyrənməyə səsləyir. Necə ki, zamanında Şuşanın işğalından xalqı xəbərdar edən də məhz ANS TV idi. Bəli, Şuraya sərf etməyən budur.
Qətiyyən bu yazıda ANS TV-nin ünvanına tərif yağdırmaq kimi bir niyyətim yoxdur. Müəyyən məqamlarda ANS TV də əmrə tabedir. Buna görə də bəzən xalqın arzu və istəklərinə zidd gedə bilər, bəzən ədalətsiz mövqe də tuta bilər. Axı dünyada idarə olunmayan nə var? Bəs bu "bəzən"lər ANS TV-nin ümumi fəaliyyətinin üzərindən xətt çəkəcək, onu heç sayacaq qədər böyükdürmü? Əsla!
Digər telekanalların az qala hər gün təkrarladığı şablonlar ANS TV-də bir dəfə səslənsə, dərhal insanların etiraz səsi yüksəlir. ANS TV-nin ekranında azca bayağılıq, ucuz reytinqə hesablanmış şoular görəndə xalq əsəbləşir. Bəli, məhz ANS TV-dən küsür xalq. Çünki ANS TV-dən umur. Xalq bilir ki, onun ANS TV-dən başqa "heç kəsi" yoxdur. Umduğu üçün küsür.
Son zaman sözügedən telekanalda baş verən "ələnmə" prosesi müxtəlif söz-söhbətlərə səbəb olub. İllərdir ki, məhz ANS TV sayəsində tanınan aparıcılar bu gün bu telekanalı tərk ediblər deyə, onu pisləyir, arxasınca deyinirlər. Axı bu adamlar həmin telekanalda çalışdığı müddətdə "dəqiq, qərəzsiz, vicdanlı ANS" şüarını dəfələrlə təkrarlayan adamlardır. Bəs indi hansı üzlə ANS TV-nı qərəzli olmaqda, vicdansızlıqda ittiham edirlər? Yoxsa "bağda ərik var idi…" məsəli, daha bu adamlara ANS "ərik" verməyəcək deyə, pismi oldu? Qərəzlimi oldu? Vicdansızmı oldu?
Küsəcəyimiz bir yerin olması umacağımız bir yerin olmasıdır. Umacağımız bir yerin olması da bütün xoşbəxtliklər üçün bir ümid işığıdır. Azərbaycan Televiziya məkanında həmin ümid işığı məhz ANS TV-dir. İstər xalq, istər ANS-in eks-əməkdaşları, bu telekanalın qədrini bilməlidir.