BAKI, 21 iyun — Sputnik. Yəqin ki, xatırlayırsız, 2011-ci ildə Yavər Rzayevin rejissorluğu ilə "İlahi məxluq" adlı bir film çəkilmişdi. Filmdə aktrisa Vəfa Zeynalovanın olduqca kiçik bir erotik səhnəsi vardı. Filmin nümayişindən sonra məlum insanlarımız od püskürdü. "Mentalitet belə gəldi, dəyərlər elə getdi" deyib, bircə Vəfa xanımı daşqalaq etməkləri qaldı. İndi həmin insanlara və eyni düşüncədə olanlara mən bir neçə vacib məsələni izah etmək istəyirəm. Ki, bəlkə anlayalar…
Erotika da, pornoqrafiya da birbaşa sənət növləridir. Bu iki sahəni bir-birindən kiçik bir fərq ayırır. Erotika seksual hisslərin nümayişi olduğu halda, pornoqrafiya birbaşa seksin nümayişidir. Mahiyyət etibarı ilə hər ikisi bəşərin mühüm təbii ehtiyacı olan seks üzərində qurulub. Pornoqrafiya sözü yunancadan götürülmüş "fahişə" və "yazıram" mənalarını ehtiva edən iki sözün birləşməsindən əmələ gəlib. Erotika sözü isə Qədim yunan mifologiyasında eşq, məhəbbət və şəhvət tanrısı olan Erotun adından götürülüb.
Bilirəm ki, bu yazıya görə məlum insanlarımız mənə də od püskürəcəklər. Hər halda, bu, həqiqətin qarşısına sədd çəkə bilməz. Həqiqət isə ondan ibarətdir ki, mühitin münasibəti necə olursa olsun, erotika da, pronoqrafiya da yaradıcılıq növləridir, əsl sənətdir və bu cür bədii əsərlər yazılmalı, kliplər, filmlər çəkilməli, teatr səhnəsində də nümayiş olunmalıdır. Uca Erot özü bizə kömək olsun…
Bu yaxınlarda tanınmış bir aktyorumuzla erotika və pornoqrafiya mövzusunu müzakirə edirdik. İş o yerə çatdı ki, müzakirəmiz mübahisəyə çevrildi. O, ədəbiyyatda bu mövzuların yer almasını nisbətən qəbul etsə də, teatrda, kliplərdə, film və seriallarda yüngülvari erotik səhnələri belə, qəbul etmədiyini dedi. Əgər belədirsə, biz ədəbiyyat və incəsənətə "real həyatın təzahürü" deyəndə bir yekə daş düşməlidir başımıza. Az qala hər gün yaşadığımız seksual hissləri yaradıcılığa gətirəndə əxlaqsızlıq olur, amma başqa şeylər "real həyatın təzahürü".
Sənətinə, istedadına çox hörmət etdiyim həmin aktyorumuz düşünür ki, sənət nümunələrində yer alan bu cür səhnələr gəncləri əxlaqsızlığa sürükləyir. Burdan belə nəticəyə gəlmək olar ki, bütün əxlaqsızlar erotika və porno ilə əxlaqsızlaşıblar. O zaman adi öpüşmə səhnələrinin də yasaq olduğu sovet dönəmindən gələn əxlaqsızları kimin ayağına yazaq? Ucqar kəndlərdən gələn, heç çılpaq insan fotoları da görməyən, amma içində iri bir əxlaqsızlıq olan insanları kimin ayağına yazaq? Ümumiyyətlə, nədir əxlaq? Bir şey ki, erotik və pornoqarfik səhnələrlə pozulacaq qədər zəifdir, o zaman kimə və nəyə lazımdır bu əxlaq?
Necə ki, elmi əsərlər şüura, bədii əsərlər mənəvi duyğulara xitab edir, eləcə də erotik əsərlər seksual hisslərə, pornoqrafik əsərlər isə birbaşa insan bədəninə xitab edir. Bu mükəmməl xitaba müxtəlif qadağalar qoymaqla sənəti, yaradıcılığı çərçivəyə salmağın adı nədir? Sizcə, iki saatlıq bir filmin heç bir dəqiqə çəkməyən yüngülvari erotik səhnəsi niyə minlərlə insanın gözünə girir? Çünki həm erotika, həm də pornoqrafiya yüksək təsir gücünə malikdir. Sənət isə yüksək təsir gücünə malik olan bütün vasitələri sevir.
Gecələrini porno saytların önündə keçirən bu adamlar üçün bir porno film çəksən, səni edam edərlər. Nə qədər iyrənc yanaşmadır. Amerikanın, Avropanın erotik və porno filmlərinə baxırsan, bununla əylənirsən, həzz alırsan, amma sənin öz mühitində belə bir film çəkilsə, üsyan edirsən. Misli görünməyən paradoks. Yepyekə bir məntiqsizlik.
16+, 18+, 21+ etiketləri var. Bunu elm təsdiqləyir və müvafiq mövzular üçün yaş həddini müəyyənləşdirib. Əgər düşünürsünüzsə ki, bu cür mövzularla övladlarınızın əxlaqı korlanacaq, o zaman iki mühüm amili nəzərinizə çatdırmalıyam. Birincisi, övladlarınıza elə zəif əxlaq aşılamayın ki, bir erotik səhnə ilə, bir porno filmlə korlana bilsin.
İkincisi, övladlarınızı elə tərbiyə edin ki, onların yaşına uyğun olmayan əsərləri oxumasınlar, filmlərə, seriallara, teatr tamaşalarına baxmasınlar. Bu iki şərtə əməl etsəniz, problem kökündən həll olunacaq və övladınızın tərbiyəsizliyini, əxlaqsızlığını yazıçıların, rejissorların, aktyorların, aktrisaların üzərinə atmazsınız.
Erotika ilə, pornoqrafiya ilə pozulacaq qədər zəif əxlaqınızla bu mühüm sənət növlərinin qarşısında tikanlı məftil kimi durmayın! Bizdə də Markez de Sadlar, Pier Paulo Passolinilər yetişməlidir.