Hikmət Orhun, Sputnik Azərbaycan
BAKI, 7 iyun — Sputnik. Tarixdən azacıq biliyi olanlara məlumdur ki, Azərbaycan tarixinin ən qədim dövrlərinə aid məlumatlar assur qaynaqlarından götürülüb. Həmin assurların qalıqları Ağstafanın Vurğun qəsəbəsində bu gün də var.
Yerli əhali onları «aysor» adlandırır. Aysorlarla bağlı yazı yazmaq fikrimi bildirəndə Şamon dayıdan bəhs edən məlumatlı adamlar dedi ki, bu barədə ən dolğun məlumat ala biləcəyim yeganə insan odur. Onların sözünü rəhbər tutub, Vurğun qəsəbəsinə yollandım.
Məni onun qızı Leya xanım qarşıladı. Gəlişimin məqsədini söyləyəndən sonra bildirdi ki, atası dörd il bundan qabaq dünyasını dəyişib, anası Lelli xanım xəstədir. Özü isə bu mövzuda danışmaq istəmir.
Təkid edəndə göz yaşları içində bildirdi ki, ömrü boyu zülm, əziyyət görüblər. Atası müharibə iştirakçısı olsa da, ölənə kimi təqaüd ala bilməyib: "Hazırda anam xəstədir, xahiş edirəm, istəmirəm narahat olsun, ona görə də, müsahibə verə bilməyəcəm".
Anasına şəfa diləyib, çox narahat etmədən atası Şamon kişinin qəsəbədə yerləşən xristian qəbiristanlığındakı məzarını ziyarət edib, qəbrinin şəklini çəkib, kənddən ayrıldım. Əvvəllər bu mövzunu araşdırmış qazaxlı şair, eyni zamanda tarix müəllimi olan Bəxtiyar Hidayətlə ordan-burdan danışırdıq ki, söz açıldı. Mövzunu yarıda qoymamaq üçün, həm də daha çox adam bilsin deyə, onunla söhbətləşmək qərarına gəldik.
Ermənilərin zülm elədiyi etnik azlıq
Aysorlar Türkiyənin Rum vilayətinin Bitlis ərazisindən 500 ailə olaraq köçürülüb. 1915-ci ildə 1-ci dünya müharibəsi zamanı köç edəndə onları qarışıq salıb, erməni köçünə qoşublar.
Köç sonra ermənilərdən ayrılıb. Ayrılanda ermənilər onları türk bilib, köçlərinə hücum edib. Sonra isə türklər elə biliblər ki, ermənidirlər, bir də onlar zülm ediblər. İndi qəsəbədəki qəbiristanlıqda sakitcə uyumalarına baxmayın, ermənilərin ucbatından başlarına gəlməyən oyun qalmayıb.
Nəhayət, 30-40 ailə çox çətinliklərdən keçib, Həsənsuya yerləşir. 1905-ci ildə isə bu qəsəbəyə almanlar köçürülmüşdü. Qəsəbənin adını öz dillərində Qrünfüld (Yaşıl bağ) qoymuşdular.
Qəsəbədə almanlarla aysorlar mehriban dolanıblar. 1941-ci ildə "nemis"ləri sürgün edirlər, 1948-ci ildə Ermənistandan bura köç başlayır. Aysorların xaçpərəst olmaları problemlər yaradır.
1949-cu ildə isə onlar özləri də Tomsk vilayətinə sürgün olunurlar. Köç üçün cəmi 15 dəqiqə vaxt qoyulubmuş. Ağsaqqallar hadisə haqqında danışanda dəhşəti ifadə eləmək üçün deyirlər ki, həmin gün yeməkləri ocaqda qalıb.
Xristiandırlar, amma…
İxtisasca tarix müəllimi olan Bəxtiyar deyir ki, onlar xristiandırlar. Xristianlığa qədər Günəşə sitayiş edirmişlər, artıq o dini unudublar. Özlərini ilk xristian sayırlar.
"Onların xristianlıqları tamam fərqlidir. Onlarda da oruc var, namaz var. Orucları tamam fərqlidir, elə namazları da. Gündə iki dəfə namaz qılırlar. Dizlərini yerə qoyub, üzü öz qiblələrinə (günçıxana) sarı dua edirlər", — deyir tarixçi.
B. Hidayətin sözlərinə görə, aysorların orucları ildə iki dəfə olur: "İsanın doğum günündən başlamış (7 yanvar), iyirmi beş gün oruc tuturlar. Bu, bizim dindarların tutduğu oruca bənzəmir, elə bil, iftarda da oruc tuturlar. Həmin ərəfədə ət, yağ, balıq qəbul etmirlər".
Assurların dini terminləri islamla demək olar ki, eynidir. Həmsöhbətimizin təqdim etdiyi siyahını gözdən keçirəndə müəyyən sözlərdəki oxşarlıq adamda belə təəssürat yaradır ki, sən onların dilini bilirsən.
Aşağıdakı sözlərə diqqət:
Şləmolox — salaməleyk
Əlahi — Allah
Niviya — Nəvi (peyğəmbər)
Məlikta — Mələk
Qublət — Qiblə
Qiyuta — yeri su basması (qiyamət)
Prdosa — Firdovs (cənnət)
Qəhənna — Cəhənnəm.
Tovit —Tabut
Kipona — Kəfən
Qobra — Qəbir
Qovrata — Qəbristanlıq
Xrata Dünye — Dünyanın axırı (axirət)
Assurlar özlərini Yusif peyğəmbərin nəslindən sayırlar. Yuxarıda adını çəkdiyimiz Şamon dayının adı da Yusifin böyük qardaşı Şamonun adından götürülüb. Amma həmin hadisələr onlarda bir az fərqlidir: Yusifi Yaqubun deyil, Rahilin övladı sayırlar.
Əlifbaları, dilləri və adları…
Bəxtiyar müəllimin dediyinə görə, onlar əlifbalarının ərəblər tərəfindən mənimsənildiyini iddia edirlər: "Assur əlifbası da 21 hərfdən ibarətdir. Tərkibində 6 sait səs var və nöqtələrlə ifadə olunur. Hərflərin adları da ərəb əlifbasını xarırladır: Ələb, Bes, Gələs, Gəməl və s. Bundan əlavə, assurların iki cür əlifbası olub: birincisi, Stangeri, ikincisi, assurların Ana Əlifbası. Stangeri əlifbasını hal-hazırda oxuya bilən yoxdur. İkinci əlifba ilə yazılan kitablar sağdan sola oxunur".
Dilləri qədim xaldey dilidir. Bu dilin 32 dialekti var. Xırda-xırda qruplarla dünyanın müxtəlif ölkələrinə yayılan assurlar, daha çox Torontoda, İsveçrədə, Avstriyada, Almaniyada, Hollandiyada məskunlaşıblar. Dialektləri bir-birindən o qədər də fərqli deyil. Sadəcə yazı dilləri eyni bizim dilimizdəki kimi danışıq dilindən fərqlənir.
Ərəblər tərəfindən götürülüb, ərəb dilinin lüğət tərkibinə daxil edildiyi iddia olunan sözlərdən bir neçəsi:
Xlula — Toy
Dalabuta — Nişan
Xatna — Bəy
Kəlta — Gəlin
Yemma — Ana
Bəbi — Ata
Axuna — Qardaş
Xəta — Bacı
Xəlta — Xala
Xola — Dayı
Xmyane — Qaynata
Xmata — Qaynana
Biya — Ev
Kəlbə — İt
Varxa — Yol
Bolta — Balta
Şelpa — Bıçaq
Ketton — Kətan
Ləbba — Ürək
Adları da orijinaldır. Qadınlara verilən Şmoye, Şuşana, kişilərə verilən Muşel, Yuqan, Şamon, Amonuel nadir hallarda rast gəlinən adlardır. "Amenuel" sözü hərfi tərcümədə "Allah bizimlədir" anlamına gəlir.
Adət-ənənələri
Elçilik adətləri eyni bizdəki kimidir. Toyları axşam başlayır, səhərə qədər davam edir. Gəlin mütləq lopa işığında aparılmalıdır. Müsahibimiz deyir ki, Yallı, Şeyxana, Köçəri kimi rəqsləri var.
"Əri ölmüş və yaxud ərdən boşanmış qadına "bəxti dəyişmiş" deyirlər. Evdə bir cavan ölərsə, 7 il yas axlayırlar. Ev bütünlüklə tünd göy rəngə boyanır. Bu, onlarda yas rəmzidir. Hətta, saxladıqları qoyunların da beli 7 il tünd göy rəngdə rənglənir. Dəfnləri eyni xristian dəfni kimidir. Araq da olur".