Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 2 may — Sputnik. Azərbaycan tarixən tolerant ölkə olub. Tolerantlıq isə bizim üçün əvəzsiz bir dəyər, gələcək nəsillər üçün miras, beynəlxalq aləm üçün nümunədir. Burada hər bir kəs başqa dinlərə, onların ibadət ayinlərinə hörmətlə yanaşıb. Elə Azərbaycanın Şimal-Qərb bölgəsində, o cümlədən Qax rayonunda bu ənənə hər zaman qorunub.
Kəndimiz gürcülərin kompakt yaşadığı Kötüklü kəndi ilə qonşudur. Onların bütün bayramlarında, xeyir-şərində yaxından iştirak edirik, onlar da həmçinin bizim bayramlarımızı bizimlə birlikdə qeyd edirlər.
Sözügedən kənddə yaşayan pravoslav xristianlar Pasxa bayramını qeyd edir. Kənd camaaatı kilsəyə toplaşıb, dini ayinlər icra edir. Qaxda yaşayan pravoslavlar ötən həftəsonu yenidən kilsəyə toplaşıblar.
Bildiyimiz kimi, Sovet qadağalarından biri də dinin təbliği idi. Qadağalar bu kəndə də şamil olunmuşdu. Kəndin mərkəzində yerləşən kilsə digər dini yerlər kimi, kolxozun anbarına çevrilmişdi. Sovet rejimi dağıldıqdan sonra bütün dini obyektər kimi, bu kilsənin də təmirə ehtiyacı var idi.
Yaşlı kənd sakini Vera Berqaşivilinin sözlərinə görə, kilsənin təmiri kənd sakinlərinin köməkliyi ilə həyata keçirilib. Qeyd edək ki, Vera xanım uzun illər bu kənddə alman dili müəllimi olub.
"Kənd camaatı dedi ki, "biz sizin arxanızdayıq". Həmkəndlilərimin təşəbbüsü ilə pul yığıldı. Toplanmış vəsait hesabına kilsəni restavrasiya etdik" — gürcü xanım deyir.
O, dini ayrıseçkiliyin əleyhinə olduğunu bildirdi: "Mən eyni cəmiyyətdə və eyni məkanda dünyaya gələn, yaşayan insanların dini əqidə baxımında bir-birindən uzaqlaşmasını qəbul edə bilmirəm. Hamımız Adəm və Həvvanın övladlarıyıq. Nə sən məndən üstünsən, nə də mən səndən artığam. Səni insan dünyaya gətirib, məni ağacmı dünyaya gətirib?! Mənə elə gəlir ki, dinlərin meydana gəlməsi insanları bir-birindən uzaqlaşdırdı".
Vera xanım sonda ismarıc da ünvanladı: "Elə sizin müqəddəs kitabınız olan "Qurani-Kərim"də deyildiyi kimi, bütün insanların sülh və əminamanlıq şəraitində yaşaması üçün qardaşlığa, bərabərliyə çağırıram!".
Xatırladaq ki, Pasxa bayramı İsa Peyğəmbərin yenidən həyata qayıtmasına həsr edilib. Və bu hadisə xristian dininin başlanğıcı və məzmunudur. Bu gündə insanlar ölümə qalib gəlmələrini, həmçinin dünyanın və qəlblərinin yenilənməsini bayram edir və digərləri ilə bunları bölüşürlər. İsa Məsihin çarmıxa çəkildiyi xaçdan azad edildiyi gün kimi qəbul olunan Pasxa xristianlara günahlardan təmizlənmə vəd edir.