BAKI, 4 iyun — Sputnik. Almaniya parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi qərar hüquqi tənzimləmə mexanizmi olmayan siyasi qərardır. Bu, hüquqi sənəd deyil, daha çox siyasi mövqedir. Bu, son dövrlər Ərdoğan ilə Merkel arasında Suriya qaçqınları ilə bağlı yaranmış problemə Berlinin verdiyi cavab idi.
Bunu Sputnik-ə açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.
Politoloq bildirib ki, iki ölkə arasında münasibətlərə müəyyən mənada xələl gətirəcək, amma münasibətlərin düşmənçilik həddinə çatacağı güman edilmir. Fransa ilə bağlı da analoji ajiotaj yaranmışdı. Sonradan iki ölkənin siyasi elitası arasında əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğunluğu açıqlandı.
O, deyib: “Ərdoğanın Suriya qaçqınları məsələsində reallıqları nəzərə almaması dünya dövlətlərinin ona qarşı çıxması ilə nəticələndi. Əslində bu, tək Almaniyanın deyil, Avropa İttifaqnın Türkiyəyə deyil, məhz Ərdoğana qarşı sərgilədiyi mövqedir. Türkiyə müstəqil siyasət aparmaq istəyir, ancaq regionda yaranmış geosiyasi reallığı nəzərə ala bilmir. Bu da əks tərəfin təpkisi ilə qarşılaşır. Lakin, bu məsələdə böyük bir ajiotajın qaldırılmasının əleyhinəyəm. Çünki, bir müddətdən sonra emosiyalar səngiyəcək və insanlar əslində siyasi qətnamə ilə qərarın fərqli olduğunu anlayacaqlar. Bir daha vurğulamaq istəyirəm ki, bu, bir qətnamədir və sadəcə olaraq siyasi mövqedir. Heç bir halda bunun tənzimlənməsi yoxdur və münasibətlərə ciddi şəkildə təsir göstərə bilməz”.
Politoloq qeyd edib ki, Almaniyada təxminən 5-7 milyona qədər türk yaşayır. Almaniya bir NATO üzvü olan Türkiyə ilə əməkdaşlıqda maraqlıdır. Odur ki, Almaniyanın əleyhinə isterik bəyanatlar vermək yolverilməzdir. Ərdoğan da, Merkel də hər ikisi bu qətnaməni kifayət qədər emosiyasız və soyuqqanlılıqla qarşıladılar. Güman edirəm ki, yaxın dövrlərdə digər ölkələr də “soyqırımı” ilə bağlı analoji addımlar ata bilərlər. Bu baxımdan Ankara öz diplomatiyasında müəyyən düzəlişlər etmək məcburiyyətindədir”.
Azər Rəşidoğlu yaxın illər ərzində Türkiyənin Avropa İttifaqına üzv olmaq iddiasının gerçəkləşə biləcəyini güman etmir: “Amma bir müddətdən sonra münasibətlər düzələcək”.
Türkiyə-Rusiya münasibətlərinə gəldikdə isə politoloq qeyd edib ki, hər iki ölkə iqtisadi baxımdan ən azından bir-biri ilə əməkdaşlıqda maraqlıdır və yaxın zamanda iki ölkə arasında münasibətlərin normallaşa biləcəyini ehtimal edilir.
Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin həmsədri Mehmet Fatih Öztarsu Sputnik-ə açıqlamasında deyib ki, Almaniyanın qaçqınlar məsələsində Türkiyəyə ehtiyac duyduğu bir zamanda belə bir qərarın qəbul edilməsi anlaşılan deyil: “Fəqət erməni lobbisinin uzun və səssiz fəaliyyəti nəticəsində bunu əldə etdiklərini söyləmək olar. Burada Yerevan ve diaspor işbirliyinin təşəbbüsü olduğu açıqdır”.
Ekspert deyib ki, ötən həftə Yerevanın mərkəzində sabiq faşist əlaltısı erməni əsilli Qaregin Njdenin heykəlinin açılması və bu həftə Almanyada belə bir qərarın verilməsi maraqlıdır.
Mehmet Fatih Öztarsu bildirib ki, Türkiyə məqbul addımlar atmalıdır: “Rusiya ilə münasibətlərin pozulduğu bir vaxtda Almaniya ilə də “atışmaq” lazımsızdır. Daha sakit hərəkət edərək cavab vermək lazımdır. Almaniyanın da Türkiyəyə ehtiyacı olduğu çox önəmli problemləri var. Lazım gələrsə, bu problemlər üzərindən də mesaj vermək olar. Çünki, indiyədək aparılan siyasətin və verilən cavabların heç bir işə yaramadığını çox yaxşı bilirik”.