BAKI, 2 may-Sputnik. Bundestaqın deputatları "Ermənilərə qarşı genosid" haqqında qətnaməni qəbul edib. Qətnamədə 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr "ermənilərə qarşı cinayət" kimi qiymətləndirilib.
Qətnamə deputatların əksəriyyətinin səsini qazanıb. Alman deputatlardan sadəcə biri qətnamənin "əleyhinə" səs verib, bir nəfər isə səsvermədən imtina edib.
"1915-1916-cı illərdə Osmanlı imperiyasında ermənilərin və digər xristian azlıqların soyqırımının anılması" adlanan sənəd Bundestaqın hakim çoxluğunun və "Yaşıllar" partiyasının təşəbbüsü ilə müzakirəyə çıxarılıb.
"Birinci dünya müharibəsi zamanı Osmanlı imperiyasında ermənilərin məhv edilməsi erməni xalqının minillik tarixində böyük faciəvi nəticələrə səbəb olan fəlakət idi. Deportasiya və kütləvi qırğın qeyri-rəsmi rəqəmlərə görə 1 milyondan artıq erməninin həyatı bahasına başa gəlib. Müstəqil tarixçilərin, parlament və beynəlxalq təşkilatların nümayəndələri bu hadisələri ermənilərin təqibi və soyqırımı hesab edirlər." — deyə sənəddə bildirilir.
Daha əvvəl Türkiyə bəyan etmişdi ki, əgər Almaniya "soyqırım"la bağlı qətnaməni qəbul etsə, iki ölkə arasında münasibətlər zədələnəcək.
Almaniyanın Tagesspiegel qəzeti məlumat yayıb ki, Ankara öz səfirini Berlindən geri çağıra bilər.
Ermənilər 1915-1922-ci illərdə Osmanlı imperiyasında guya 1,5 milyon erməninin kütləvi şəkildə məhv edildiyini iddia edirlər. Onların iddiaları əsasında bir sıra ölkələr qondarma soyqırımı qəbul ediblər. Bu istiqamətdə ilk addımı 1965-ci ildə Uruqvay atıb. Ondan sonra 28 ölkə, o cümlədən, Rusiya, Fransa, Belçika, Niderland, Argentina, Polşa, Kanada, İtaliya, Braziliya və Vatikan da qondarma soyqırımı tanıyıb. Bu saxta qərarı Avropa Parlamenti və Ümumdünya Kilsələr Şurası, həmçinin ABŞ-ın 50 ştatından 44-ü verib.
Türkiyə isə ermənilərin soyqırımla bağlı saxta iddialarını rədd edir. Qeyd olunur ki, 1915-ci il hadisələrinin qurbanları daha çox türklər olublar, nəinki ermənilər.
Ermənistan isə israrla Osmanlı imperiyasına qarşı qətnamələrin qəbuluna nail olmaqdadır.