BAKI, 19 may — Sputnik. Həcc ziyarətinin başlanmasına bir neçə ay qalmasına baxmayaraq İran və Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları bu ilki Həcc ziyarəti ilə əlaqədar razılığa gələ bilmir. İki dövlət arasında baş verən siyasi qarşidurma İran zəvvarları üçün həcc ziyarətini təhlükə altına atıb.
Hər il 78 ölkədən 2 milyona yaxın zəvvar eyni vaxtda Həcc ziyarəti ilə əlaqədar Səudiyyə Ərəbistanına səfər edir. Həcc mərasiminin başlanmasına bir neçə ay qalmış zəvvar göndərən ölkələrin nümayəndələri Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları ilə göndəriləcək zəvvarların sayını, qalacaqları şəraiti, viza və sair məsəlləri müzakirə edir və razılaşma imzalayır.
Müsəlman əhalisinin sayına görə hər ölkə üçün kvota ayrılır. İran ən çox kvota ayrılan ölkələr sırasındadır. Ona ayrılan kvotanın miqdarı 60-70 min zəvvar arasında dəyişir. Bu miqdar İran tərəfini heç vaxt qane etmir və hər il onlar kvotanın artırılması haqqında müzakirələr aparırlar. Həqiqətdə də İranda sıradan bir vətəndaşın həcc ziyarətinə getməsi üçün illərlə növbə gözləməsi lazım gəlir ki, bu da təbiidir. 80 milyon əhalinin milyonlarla potensial zəvvarının olması gözləniləndir.
2016-cı il Həcc mərasimi sentyabr ayına təsadüf edir və ziyarətin başlanmasına 3 aydan artıq bir vaxt qalıb. Tərəflər danışıqlar masası arxasında oturub və siyasi iddiaları bir kənara qoyub ziyarətlə bağlı münaqişəni həll etmək əvəzinə, hələ də bir-birini günahlandırmaqla məşğuldur.
Səudiyyə ərəbistanının Həcc naziri İranın iddialarının əksinə olaraq onları siyasi oyunlar oynamaqda günahlandırır və Həcc ziyarətinin qarşısının alınmasında özlərinin heç bir günahının olmadığını bəyan edir: "İranın Həcc üzrə nümayəndəsi bizim yetkililərlə bütün ölkələrlə imzalanan standart müqaviləni imzalamaqdan imtina edib və yerinə yetirilməsi qeyri-mümkün olan güzəştlər irəli sürüb. Bu tələblərin içində zəvvarlar üçün vizaların İranda verilməsi və İranla Səudiyyə Ərəbistanı təyyarələrinin zəvvarların daşınmasında bərabər iştirak etməsi şərtləri var".
Bu tələblər də Sədiyyə Ərəbistanı tərəfindən yerinə yetirilə bilmir. Belə ki, 2016-cı iln yanvar ayında Səudiyyə Ərəbistanında şiə lider Əl-Nimrin edam edilməsi iki ölkə arasında diplomatik əlaqələrə zərbə vurub. Edama etiraz olaraq bu ölkənin Tehrandakı səfirliyinə nümayişçilər tərəfindən hücüm olunduqdan sonra əlaqələr daha pisləşib və hadisədən sonra İran vətəndaşları üçün viza məsələləri Dubaydakı diplomatik nümayəndəlik tərəfindən həyata keçirilir.
Vizaların İranda verilməsinin təşkili təbii ki, qısa müddətdə mümkün deyil. Digər tərəfdən Səudiyyə Ərəbistanı zəvvarların hamısının öz hava yolu şirkətləri tərəfindən daşınmasında təkid edir və bunu İranın təyyarə arsenalının köhnəlməsi ilə əlaqələndirir.
Bu iki problem aysberqin suyun uzərində görünən hissəsidir. Əsas səbəb isə hər iki tərəfin və üstəlik beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmayan siyasi məsələlərdir. Bu, İranın Suriyada və İraqda fəaliyyəti, Yəməndə gedən müharibədə iştirakı və nəhayət Yaxın Şərqdə nüfuz uğrunda mübarizənin nəticəsidir.
Ötən ilki Həcc mərasimi zamanı baş verən basabas və bunun nəticəsində iki min zəvvarın və o cümldən, 474 iranlının faciəli şəkildə dünyasını dəyişməsi İran rəhbərliyinin qarşı tərəfə istiqamətləndirdiyi iddialar içərisindədir. İranın mədəniyyət naziri Əli Cənnəti 12 mayda Qum şəhərində informasiya agentlikləri üçün verdiyi müsahibədə bildirib ki, Səudiyyə Ərəbistanı Krallığı iranlı zəvvarların Həccdə iştirak etməməsi üçün bütün vasitələrdən istifadə edir: "Son üç ayda biz dəfələrlə problem həll etməyə cəhd etmişik. Amma hər dəfə nümayəndə heyətinin göndərilməsi üçün vizaların alınmasına iki ay vaxt sərf olunur".
Onun dediyinə görə, İranın Həcc nümayəndələri il ərzində dörd dəfə səudiyyəlilərlə görüşüblər: "Onların davranışları olduqca soyuqdur və problemi həll etməyə meylli deyillər. İran tərəfi Həcc ziyarətinin baş tutması üçün əlindən gələni edəcək, təbii ki, Səudiyyə Ərəbistanı "sabotajdan" əl çəksə".
İranın nüfuzlu dini xadimi Ayətullah Məkarem Şirazi İran Xarici İşlər Nazirliyini Səudiyyə Ərəbistanı Krallığına qarşı ciddi addımlar atmamaqda günahlandırır. O deyir: "Səudiyyə Ərəbistanı Krallığının hakim dairələri özlərini iki müqəddəs məkanın hakimi hesab edirlər və Yəmən, Suriya və İraqda üzləşdikləri məğlubiyyətin əvəzini Həcc ziyarəti prosesində çıxarmaq istəyirlər".
İstənilən halda, Həcc ziyarəti ilə bağlı problemin qısa müddətdə həll olunmaması hər iki dövlətin imicinə cidd zərbə vuracaq və gərginliyi daha da artıracaq. Səudiyyə Ərəbistanı Krallığı İran və onun region üzrə müttəfiqləri tərəfindən Həcc ziyarətini monopoliyaya almaqda günahlandırılacaq və bu iki müqəddəs şəhərin dünya müsəlmanları tərəfindən idarə olunması məsələsini gündəmə gətirəcək. İran da öz növbəsində illərlə səbirsizliklə Həcc ziyarəti növbəsi gözləyən on minlərlə potensial zəvvarlar qarşısında cavab verməli olacaq.
İki ölkə 1987-ci ildən bəri ilk dəfədir ki Həcc ziyarəti ilə bağlı bu qədər ciddi problemlə üzləşirlər. O vaxt Səudiyyə Ərəbistanının polis qüvvələri ilə iranlı nümayişçilərin toqquşması İianlı zəvvarlar üçün Həccin yolunu 1991-ci ilədək bağlamışdı.