BAKI, 12 apr — Sputnik. İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin yüksək səviyyədə olması haqqında uzun müddətdir ki, informasiya və məlumata rast gəlmək mümkün deyil. Belə demək mümkünsə, İranda İslam İnqilabı baş verdikdən sonra münasibətlər bu günə qədər heç zaman normal olmayıb. Təbii ki, ziddiyyət və narazılıqların müxtəlif səbəbləri mövcuddur. Bunlardan ən əsaslarını aşağıdakı kimi sıralamaq olar:
1. İslam dininin müxtəlif təriqətlərinə sitayiş etmək. Bildiyimiz kimi, İran şiə təriqətinə sitayiş edir, Səudiyyə Ərəbistanının rəsmi dövlət dini isə sələfilikdir. Bu iki təriqət barışmaz ideologiyaya sahibdir;
2. İslam inqilabının Səudiyyə Ərəbistanı ərazisində yayılması təhlükəsi bu dövlət rəhbərlərini həmişə İranla məsafə saxlamağa məcbur edir;
3. Səudiyyə Ərəbistanı ərazisində yaşayan və sayı 20 milyona çatan şiə əhalinin İranın təsirinə məruz qalmasından doğan qorxu;
4. İki müqəddəs məkan ətrafında gedən mübahisələr. İran bildirir ki, bu ərazilər bütün İslam dünyasına məxsusdur və bütün müsəlmanlara eyni dərəcədə istifadə etmək üçün şərait yradılmalıdır;
4. Regionda nüfuz dairəsi uğrunda mübarizə. Bu nüvə danışıqları İranın nisbi qələbəsi ilə bitdikdən sonra bu mübarizə daha da güclənib. Səudiyyə Ərəbistanı İsraillə birlikdə ABŞ və digər dövlətləri İranla münasibətlərdən çəkindirməyə çalışırdı. ABŞ — Səudiyyə Ərəbistanı əlaqələri bu fonda hətta qırılmaq dərəcəsinə çatmışdı;
5. Yaxın Şərqdə baş verən müharibələrlə, xüsusilə Suriya hadisələri ilə bağlı fikir ayrılığı.
Siyahını daha da uzatmaq mümkündür. Biz başlıq üçün "əvvəlki məcra" ifadəsini seçərkən, iki ölkə arasında əlaqələrin nisbətən mülayim olduğu dövrü nəzərdə tuturuq. Bildiyimiz kimi ötən ilki həcc zamanı baş verən qarışıqlıqda rəsmi məlumatlara görə 700 yaxın zəvvar həlak olmuşdu və həlak olanlardan 90 nəfəri İrandan olan zəvvarlar idi.
İran hakimiyyət orqanları, xüsusilə Ali Dini Lider Ayətullah Əli Xameneyi Səudiyyə Ərəbistanının rəhbərliyinin bu faciədə birbaşa məsuliyyət daşıdığını bildirmişdi: "Səudiyyə Ərəbistanı dövləti bu faciənin məsuliyyətini üzərinə götürməlidir".
Bu hadisə iki ölkə arasındakı münasibətləri yetərincə gərginləşdirmişdi. Amma sonra Səudiyyə Ərəbistanı hökumətinin şiə din xadimi Nimr ən-Nimrin edam etdirməsi elə təəssürat yaratdı ki, bu iki ölkə bir daha heç vaxt danışıqlar masası arxasına oturmayacaq. Hətta İran zəvvarları üçün həcc ziyarətinin bitməsi haqqında mülahizələr də səslənməyə başlamışdı.
Amma gözlənildiyinin əksinə olaraq, iki dövlət rəhbərliyi hadisələri daha da kəskinləşdirmək kursundan əl çəkmək fikrində olduqlarını bildirirlər. Bu günlər İranın nümayəndə heyəti Həcc hazırlıqları ilə əlaqədar Səudiyyə Ərəbistanına səfər etməyi nəzərdə tutur. Bu barədə İranın Həcc Təşkilatının başçısı Seyid Ohadi məlumat verib. Onun dediyinə görə Sədiyyə hakimiyyəti İran nümayəndə heyətini bu il də sentyabr ayına təsadüf edəcək Həcc mövsümünə hazırlıq işləri ilə əlaqədar aprelin 14-də Ər-Riyada dəvət edib.
İRNA agentliyinə müsahibəsində Ohadi həmçinin bildirib ki, nümayəndə heyəti viza gözləyir. "Bu ilki Həccin taleyi bu görüşdən asılı olacaq".
Təbii ki, iki dövlət arasında mövcud ziddiyyətlərim yaxın gələcəkdə aradan qaldırılması haqda söhbət belə gedə bilməz. Amma Səudiyyə Ərəbistanı tərəfindən Həcc ziyrətinin siyasi alət olması fikrindən qaçmasına çalışması göz qabağındadır. Digər tərəfdən o, İran hakimiyyətinə Sədiyyə Ərəbistanının imicini zədələyəcək daha bir səbəb vermək istəmir.
Hər halda Həcc ziyarəti bütün müsəlmanlar üçün vacib əməldir. İslam adətlərinə görə müsəlmanları bu missiyadan məhrum etmək ən böyük günahdır.