Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Müsəlman dünyasında böyük silahlanma: hədəfdə kimdir?

© zerohedge.comSəudiyyə əsgərləri
Səudiyyə əsgərləri - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanı hərbi xərclərin həcminə görə, dünyada artıq üçüncü yerə çıxıb. Hədəfsə dəyişilməyib: tarixi rəqib olan İran

Müsəlman dünyasında böyük silahlanma: hədəfdə kimdir?
BAKI, 11 apr — Sputnik. Səudiyyə Ərəbistanı hərbi xərclərin həcminə görə, dünya üzrə üçüncü yeri tutub. Stokholm Beynəlxalq dünya problemlərinin araşdırması İnstitutunun hesabatına görə, 2015-ci ildə ər-Riyad müdafiəyə 87 milyard dollardan artıq pul sərf edib.
Məhəmməd Zərif - Sputnik Azərbaycan
SİYASƏT
XİN: İran raket potensialını artıracaq

Bu göstəricini yalnız ABŞ və Çin üstələyib. Bu ölkədə əhalinin cəmi 30 milyon nəfər olduğunu nəzərə alanda görünür ki, ölkə ən çox hərbiləşdirilmiş monarxiyaya çevrilib.

Neft səltənətinin nəyə görə və ən əsası kimə qarşı silahlandığı aydın məsələdir. İlk növbədə bu, tarixi rəqib olan İrandır. Hər iki tərəf artıq Suriya, İraq və Yəməndə bir-birinə qarşı vasitəçi müharibə aparır. Sanksiyaların aradan qaldırılmasından sonra isə Tehranın regiondakı mövqeləri güclənir və ər-Riyad bununla bağlı öz narahatçılığını gizlətmir.

Politoloq Tofiq Abbasov Sputnik-ə açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı bölgədə liderlik uğrunda mübarizə aparır: "Səudiyyə Ərəbistanı Yaxın Şərq bölgəsinin siyasətində öz rolunu, fəallığını artırmaqla məşğuldur. Bəllidir ki, Yaxın Şərq və İslam dünyasında birincilik uğrunda gərgin mübarizə gedir. Burada Türkiyə, İran, Pakistan və Səudiyyə Ərəbistanı kimi ölkələr liderlik uğrunda strateji planlarını qurub onları həyata keçirirlər".

"Bu baxımdan Səudiyyə Ərəbistanı zəngin dövlət olduğuna görə, silah gücünə öz müdafiə potensialını artırmaq istəyir ki, onun beynəlxalq aləmdə və İslam dünyasında dediyi sözlər və sərgilədiyi mövqe bərqərar olsun", —deyə siyasi şərhçi bildirib.

Maraqlıdır ki, Səudiyyə Ərəbistanının ünvanına, Tehranın digər düşməni olan "İslam Dövləti" terror qruplaşması da təhdidlər ünvanlayır. Terrorçuların məqsədi Məkkə və Mədinəni ələ keçirərək Səudiyyə monarxiyasına son qoymaqdır.

Lakin ekspertlər hesab edirlər ki, Səudiyyə Ərəbistanı İŞİD-ə qarşı açıq mübarizəyə daxil olmayacaq. Ər-Riyadın buna gücünün yetmədiyini düşünən araşdırmaçılar, kral qoşunlarının zəif olduğunu hesab edirlər. Keyfiyyətli silahlanmaya baxmayaraq, onlar son münaqişələrin heç birində təsirli nəticələr nümayiş etdirə bilməyib.

Eyni zamanda Krallığın ərazisində narazılıq müşahidə olunur. Neftin qiymətinin kəskin enməsi və sosial xərclərin azaldılması etiraz əhval-ruhiyyəsini qaçılmaz edir. Sərhəddəki təhlükə isə bu narazılığı daha da artırır. Belə olan halda ər-Riyad düşünür ki, güclü orduya malik olmaq labüddür.

Saudiyyə Ərəbistanına aid F-15 döyüş təyyarələri. Arxiv şəkli - Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanının döyüş təyyarələri Türkiyəyə gətirilib

Yəqin ki, Səudiyyə Ərəbistanının planı bu potensial təhdidləri neytrallaşdırmaq və nəinki Yaxın Şərqdə, ümumiyyətlə bütün İslam dünyasında aparıcı mövqe tutmaqdır. Bu planların isə müvafiq güc təminatına ehtiyacı var. Ər-Riyadın himayəsi altında müsəlman ölkələrinin anti-terror koalisiyasının yaradılması da ölkənin regional lider roluna iddialı olduğunu göstərir. Bu isə öz növbəsində Türkiyəyə bir mesajdır.

Tofiq Abbasovun sözlərinə görə, atılan addımlara baxmayaraq, İslam dünyasında Səudiyyə Ərəbistanını üstələyən dövlətlər var: "Səudiyyə Ərəbistanı öz nüfuzuna görə İslam dünyasında öndə gedən ölkələrdən, Ərəb dünyasının liderlərindən biridir. Lakin İslam icmasında, hər halda Pakistan, İran və Türkiyə bu ölkəni üstələyir. İndi ola bilər ki, rəsmi ər-Riyadın öz baxışı var bu vəziyyətə və bəzi hazırlıqlara görə öz rəqiblərini üstələmək istəyir".

"İndiki vəziyyətdə Suriya ətrafında gedən proseslər, İraqın şimalında olan gərginlik və Livanda olan situasiya Türkiyə ilə Səudiyyə Ərəbistanını bir cərgədə olmağa sövq edir. Amma bu müttəfiqliyin nə dərəcədə uzunmüddətli və keyfiyyətli olacağını zaman göstərəcək", —deyə politoloq vurğulayıb.

Regionda xüsusi mövqeyə iddia edən digər ölkələri də xatırlamaq olar: Səddam Hüseyn dövründəki İraq və Müəmmər Qəddafi dövründəki Liviya. Orada indi də xeyli sayda silah var, lakin tək silahla məsələ bitmir. Ər-Riyad yəqin ki bunu anlayır və fərqli yol ilə gedir. Amma haraya?…

Xəbər lenti
0