BAKI, 15 mart — Sputnik. Son zamanlar idman klublarında çökmə müşahidə olunur. Zəif oyun nümayiş etdirən və fanatlarını tez-tez məyus edən klubların arasında "Neftçi"nin də adı hallanır. Klubun rəhbərliyi komandanın zəif çıxışlarını gəncləşdirmə siyasətinin aparılmasında görür.
Sputnik-in əməkdaşı məsələ ilə bağlı tanınmış məşqçilər Ağasəlim Mircavadov, Arif Əsədov və vaxtilə "Neftçi"də çıxış etmiş veteran futbolçu Samir Ələkbərovun fikirlərini öyrənib.
Ağasəlim Mircavadov — məşqçi: "Futbolda gəncləşdirmə sözü olmur. Müqaviləni hər yaşda olan futbolçu ilə bağlayırlar. Və hər fubolçu öz oyununa müqabil maaş alır. Bir peşəkar kimi deyə bilərəm ki, futbolda "gəncləşdirmə siyasəti" deyilən ifadə yoxdur. O ki qaldı komandanın zəif oynamasına, mən daxildə deyiləm, nə baş verdiyini incəliklərinə kimi bilmirəm. Amma hal-hazırda komanda çox zəif oynayır. Etiraf edim ki, klubda yaxşı oyunçular da var. Bu zəifləmiş komandanı yenidən düzəltmək üçün struktur dəyişilməlidir. Elə baş məşqçi olmalıdır ki, komandanı sevsin və düzgün taktika ilə komandanı uğura aparsın. "Neftçi"də imicli məşqçi və oyunçular oynamalıdır. Axı bu klubun tarixi var".
Samir Ələkbərov — futbolçu: "Bu sual mənə çox tez-tez verilir. Nə vaxt baxırsan, "Neftçi" gəncləşdirmə siyasəti aparır. Komanda zəif çıxış edəndə bu sözləri daha çox səsləndirirlər. Tək gənclərlə heç nə etmək olmaz. Dünya futbolunda da bu, sübut edilib ki, tək gənclərlə komanda qurmaq olmaz. Gənclərlə təcrübəli idmançıların sintezini qurmaq lazımdır. Gənclərin komandaya dəvəti gözəldir və tərəfdarıyam, amma gəncləri gətirirlər, bir müddət sonra həmin gənclər yoxa çıxırlar. Bu, "Neftçi" kimi kluba yaraşmır. Gənclərin də dəqiq yaşını bilmək lazımdır. "Lipa"lardan uzaq durmaq lazımdır. Yoxsa "lipalar" gənclərin qarşısını alır. Mirhüseyn Seyidov, Cavid də getdi. Belə idmançılar hanı indi?! Araza çox böyük ümidlər bəslənilirdi, amma hələ də yerində sayır. Bu gün bir azərbaycanlı futbolçu xaricdə oynamır. Onu da qeyd edim ki, indiki futbolçular da öz üzərində işləmir. İndi futbolda uğur qazanmaq üçün şanslar bizim dövrümüzdən qat-qat çoxdur. Amma gənclərimiz əziyyət çəkmək istəmirlər".