BAKI, 23 fev-Sputnik. Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər "Neftçi" komandasının heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclü futbolçularından hesab edilən Anatoli Banişevskinin doğum günüdür.
Sputnik AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, anadan olmasının 70-ci ildönümündə AFFA-nın və "Neftçi" Peşəkar Futbol Klubunun rəhbərliyi, veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə əklillər və gül dəstələri qoyublar.
AFFA-nın baş katibi Elxan Məmmədov və "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxış edərək Anatoli Banişevskinin Azərbaycan futbolunun inkişafı naminə xidmətlərini xatırladıblar. AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov və Çingiz İsmayılov mərhum futbolçu ilə bağlı xatirələrini bölüşüblər. A.Banişevskinin ailəsi adından həyat yoldaşı çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib.