"Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcək. 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox — 3 min hektar sahədə tütün əkiləcək, bu sahədə çalışanların sayı isə ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq", —deyə görüşdə vurğulanıb.
Qeyd olunub ki, bu tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq. Görüşdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla, I növ yaş tütünün bir kiloqramını 25 qəpiyə (2015-ci ildə 1 kq üçün 16 qəpik), II növ yaş tütünün bir kiloqramını isə 15 qəpiyə (2015-ci ildə 1 kq üçün 8 qəpik) qəbul ediləcəyini bildiriblər.
İqtisadçı ekspert Nicat Hacızadənin sözlərinə görə, Azərbaycanda tütün sənayesi perspektivli sahə hesab olunur. O, Sputnik-ə açıqlamasında bildirib ki, tütün sənayesi Azərbaycanda postsovet dövründə belə, əsas inkişaf etmiş sənayelərdən hesab olunurdu: "Müstəqillikdən sonra tütün sənayesi və müəssisələrin bir hissəsi dayanıb. Belə olan halda biz tütünçülük sənayesinin bir qədər durğunlaşması və demək olar ki, sıradan çıxmasının şahidi olduq. Təbii ki, sırf olaraq neft və neft sektorundan gələn gəlirlərin çoxluğu qeyri-neft sektorunun inkişafını ləngitdi".
"Qeyri-neft sektorunun tərkibinə daxil olan əsas predmetlərdən biri də tütünçülük sənayesinin özüdür. Tütünçülük gəlir gətirən sənayelərdən hesab olunur və belə olan halda onun Azərbaycanda həm perspektivi, həm də potensialı var", —ekspert bildirib.
Lakin ekspert tütün sənayesinin 2016-cı ilin sonunadək tam inkişaf edəcəyinə inanmır. Onun sözlərinə görə, bu proses daha çox vaxt aparacaq: "Azərbaycanda tütün məmulatlarının istehsalı çox aşağı səviyyədədir və ölkənin daxili təlabatını ödəmir. Ölkəyə idxal olunan tütünün əksər hissəsi keyfiyyətsiz olduğu üçün Azərbaycanda keyfiyyətli tütün istehsalı mümkündür".
O, hesab etmir ki, bu sahə 2016-cı ilin sonunadək tam inkişaf etsin: "Çünki bunun üçün plan hazırlanmalıdır. Bu plan hazırlansa öz effektini ancaq 2017-ci ilin sonunadək verə bilər. Tütünçülük inkişaf etdirilərsə, 2017-ci ildə ölkədaxili təlabatı tam ödəyə bilər, 2018-ci ildən isə Azərbaycan tütün bazarlarına çıxa bilər".
N. Hacızadənin sözlərinə görə, Azərbaycan tütünü dünya bazarlarına çıxarsa, bu, öz növbəsində xarici valyutanın ölkəyə gətirilməsinə səbəb olacaq: "Lakin bunun üçün əvvəlcə beynəlxaql standartlara cavab vermək və rəqabətə davam gətirmək lazımdır".