BAKI, 22 dek — Sputnik. "Tütün və alkoqolda lisenziyalı fəaliyyət növünün ləğv olunması qiymət artımına qarşı hesablanmış bir addımdır". Bunu Sputnik-ə müsahibəsində, iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, prezidentin son fərmanı, bahalaşmanın qarşısını almağa hesablanıb.
"Lisenziyaların alınması üçün müəyyən rüsumlar ödənilməli idi, indi o ləğv olunur. Ona görə ki, qiymət artımı çox olmasın. Həmçinin satışın daha da sadələşdirilməsinə qərar verilir.
Natiq Cəfərli spirtli içki və tütün məmulatlarının ölkədə istehlak səviyyəsinin olduqca yüksək olduğunu yada salaraq, "prezident əhalinin tütün və alkoqol həssaslığını nəzərə aldı" deyib.
"Unutmaq olmaz ki, tütün və alkoqol olduqca həssas nöqtədir. Bunlar ölkədə gündəlik tələbat halını alıb. Həmçinin, bayram qabağıdır. Nəzərə almaq lazımdır ki, tələb daha da çoxalacaq".
Ekspert, bu sahələrdə sahibkarlığın daha da inkişaf edə biləcəyini vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmanı ilə bir çox məhsulların istehsalı, idxalı və satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.
Azərbaycanda tütün məmulatının, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin) istehsalı, idxalı və satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.