BAKI, 28 yan — Sputnik. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərtac-a müsahibə verib. Sputnik müsahibəni ixtisarlarla təqdim edir:
- Əli müəllim, 2015-ci ilin ikinci yarısından dünya bazarında enerji resurslarının qiyməti sürətlə aşağı enməyə başladı və uzun müddətdir dünyada davam edən beynəlxalq siyasi və iqtisadi böhranı daha da dərinləşdirdi. Bu məsələdə ekspertlərin rəyləri haçalanır: bir qrup bunun təbii, digərləri isə süni şəkildə stimullaşdırlan proses olduğunu bildirilər. Bu barədə siz necə fikirləşirsiniz?
— Neftin qiymətinin kəskin enməsindən əvvəl də bəzi ekspertlər ümumdünya iqtisadi böhranının ikinci mərhələsinin başlanacağını bildirirdilər. Dünyanın əsas iqtisadi mərkəzlərindən biri olan Çinin Dövlət Statistika İdarəsinin yanvarın 20-də açıqladığı məlumata əsasən, 2015-ci ildə bu ölkənin iqtisadiyyatı 6.8% artıb ki, bu da 1990-cı ildən sonrakı dövrdə ən aşağı göstəricidir. Yanvarın 18-də isə Fransa prezidenti Fransua Oland ölkəsini "fövqəladə iqtisadi vəziyyətdən" çıxarmaq üçün tədbirlər planını elan etdi. Bunlar dünyanın aparıcı iqtisadiyyatlarında da vəziyyətin ürəkaçan olmadığını təsdiq edən göstəricilərdir. Ən zəngin ölkələrdən biri olan Səudiyyə Ərəbistanında iqtisadi sahədə sabitliyi təmin etmək üçün ciddi tədbirlər görülür. Postsovet məkanında milli valyutalar "üzən məzənnəyə" keçdikdən sonra öz dəyərlərini əsaslı şəkildə itirməyə başladılar. Rusiya rublunun dəyəri artıq bir neçə dəfə aşağı düşüb. Bir çox ölkələr neft sektorundan daxilolmalardan asılılığı azaltmaq üçün vergi və gömrük sistemində müvafiq dəyişikliklər edirlər. Böyüklüyündən, iqtisadi potensialından asılı olmayaraq hazırkı vəziyyət bu və ya digər səviyyədə bütün dövlətlərə toxunub. Təbii olaraq bu təsirə məruz qalmış hər bir ölkə də böhranın mənfi nəticələrini minimuma endirmək üçün öz potensialını səfərbər edir. Hansı ölkənin bu problemlərin öhdəsindən daha effektli şəkildə gələcəyi isə, artıq mövcud iqtisadi potensial və düzgün idarəetmədən asılı olacaq.
- Azərbaycanda manatın devalvasiyası və "üzən məzənnəyə" keçid hansı zərurətdən irəli gəldi?
— Tamamilə doğru qeyd etdiniz, bu bir zərurət idi. Çünki bütün dünyada uzun müddətdir davam edən dərin iqtisadi böhran şəraitində Azərbaycan milli manatın kursunu sabit saxlamağa, makroiqtisadi sabitliyi təmin etməyə müvəffəq oldu. Bu, cənab Prezidentin sosial sferaya, insanların rifah halının daim yüksəldilməsi məsələsinə verdiyi böyük önəmin təzahürüydü. Ancaq nəinki Azərbaycan, dünyanın heç bir ölkəsi, heç bir ciddi maliyyə-iqtisadi qurum enerji resurslarının qiymətinin bu dərəcədə aşağı enəcəyini proqnozlaşdırmırdı. Azərbaycan neft ixrac edən ölkədir və təbii ki, dövlətin maliyyə sisteminin əhəmiyyətli hissəsi enerji resurslarının ixracatından əldə olunan gəlirlər hesabına formalaşır. Neftin qiymətinin 4 dəfə aşağı düşdüyü bir vəziyyətdə ölkəyə maliyyə axını kəskin azaldı və artıq manatın kursunu ehtiyatlar hesabına sabit saxlamaq lazım gəlirdi. Bu vəziyyət nə qədər davam edə bilərdi? Azərbaycan hökuməti maliyyə ehtiyatlarının tam bitməsinə yol verə bilərdimi? Digər tərəfdən, Azərbaycanın əsas ticarət tərəfdaşı olan region ölkələrində az qala bir il bundan əvvəl milli valyutanın devalvasiyası və "üzən məzənnəyə" keçid baş vermişdi. Bu da Azərbaycanın xarici ticarət əlaqələrində disbalansın yaranmasına, ölkə iqtisadiyyatına investisiya axınına çox mənfi təsir göstərirdi. Üstəlik, Azərbaycan manatı dollar və avroya nisbətdə həddən artıq möhkəmlənmişdi ki, bu da müsbət hal deyildi. Hətta avronun dollara nisbətdə məzənnəsini itirdiyi bir durumda milli manatın kursunu stabil saxlamaq mümkün deyildi. Buna görə də devalvasiya və manatın "üzən məzənnəyə" keçidi barədə qərar qəbul olundu. İndiki kurs isə ədalətlidir və bundan sonra manatın ucuzlaşması bir o qədər də inandırıcı görünmür.
- Yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və yanvarın 18-də keçirilmiş müşavirədə Prezident İlham Əliyev ölkədə ümumi vəziyyətə qiymət verdi, hazırkı və qarşıdan gələn dövr üçün yeni vəzifələr müəyyənləşdiridi. Əsas tələblər nədən ibarətdir və onların icrası ilə bağlı hansı tədbirlər görülür?
— Yanvarın 10-da Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev əks-böhran tədbirlərini ehtiva edən yeni iqtisadi siyasət konsepsiyasının başlıca istiqamətlərini açıqladı. Cənab Prezident həm devalvasiyadan sonra yaranmış mənfi təzahürlərin qısa zamanda aradan qaldırılması ilə bağlı qanunvericilik və praktiki sahədə operativ şəkildə görüləcək işləri diqqətə çatdırdı, həm də mövcud reallıq nəzərə alınaraq uzunmüddətli perspektiv üçün ölkə iqtisadiyyatının inkişaf konturlarını təqdim etdi.
Qeyd edim ki, istər Nazirlər Kabinetinin iclasında, istərsə də yanvarın 18-də keçirilmiş müşavirədə cənab Prezident 7 istiqamət üzrə tədbirlərin keçiriləcəyini bəyan etdi. Bunlar qanunvericilik təşəbbüslərinin reallaşdırılmasını, dinamik iqtisadi inkişafın təmin edilməsini, bank-maliyyə sektorunun sağlamlaşdırılmasını, sosial təminat sahəsində tədbirlərin həyata keçirilməsini, dövlət orqanlarında struktur islahatlarını, korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ halların minimuma endirilməsi və süni bahalaşmaya qarşı mübarizə tədbirlərini nəzərdə tutur. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda isə cənab Prezident regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyəti və görüləcək işləri bir daha dərindən təhlil etdi və yeni vəzifələr müəyyənləşdirdi.
Qısamüddətli perspektivdə iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, maliyyə bazarında tarazlıq yaratmaqla "dollarlaşma" prosesinin dayandırılması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, vətəndaşların maddi təminatının yüksəldilməsi və süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçiriləcəyi bəyan olundu. Uzunmüddətli perspektivdə reallaşdırılacaq strategiya isə mövcud bazaya əsaslanmaqla, beynəlxalq təcrübə nəzərə alınmaqla və cəmiyyət həyatının bütün sahələri əhatə olunmaqla Azərbaycanın yeni inkişaf mərhələsinə yüksəldilməsini nəzərdə tutur.
- Yenidən devalvasiyadan dərhal sonra yaranmış vəziyyətə qayıtmaq istərdim. Yanvarın 12-dən başlayaraq ölkənin müxtəlif rayonlarında etiraz aksiyaları keçirildi. Bu, nə ilə əlaqədardır — sosial etiraz idi, yoxsa başqa səbəblərlə izah oluna bilər?
— Bundan əvvəlki illərdə də hansısa hadisədən istifadə etməklə lokal etirazlar yaratmaq və daha sonra belə aksiyaları bütün ölkəyə keçirmək cəhdləri olmuşdur. Politololoji dillə ifadə etsək, bunu müəyyən qüvvələrin "cəmiyyətin nəbzini yoxlaması" kimi də xarakterizə etmək olar. Budəfəki prosesin təşkilatçıları da, iştirakçıları da məlumdur. Bəllidir ki, bəzi müxalifət partiyalarının yerlərdəki fəalları həmin rayonlarda etiraz aksiyaları təşkil etməyə çalışıblar. Özü də bu məsələnin elə təqdim olunmasına cəhd edilib ki, guya "xalq hakimiyyətin siyasətindən narazıdır" və buna görə də öz "etirazını bildirir".
Əslində isə həmin "aksiyalarda" azsaylı insanlar iştirak edib və çoxu da müxalifət partiyalarının üzvləri və fəalları olub. İstisna deyil ki, bu "aksiyalara" devalvasiyanın psixoloji təsirinə məruz qalmış bəzi sadə insanlar da qoşulublar. Ancaq bunu xalqın "narazılığı", "etirazı" kimi qələmə vermək yanlış və çox qüsurlu yanaşmadır. Çünki devalvasiyanın mənfi təzahürlərinin aradan qaldırılması üçün hökumətin dərhal həyata keçirdiyi genişmiqyaslı qabaqlayıcı tədbirlər geniş narahatlığa səbəb ola biləcək bütün ssenariləri istisna etdi.
- Cənab Prezident son çıxışlarında ictimai nəzarət, cəmiyyətin quruculuq prosesində iştirakı, sosial məsuliyyət və digər bu kimi məsələlərə xüsusi toxunub. O da qeyd edilib ki, devalvasiyadan dərhal sonra Azərbaycanda müşahidə olunan ajiotaj eyni problemlə üzləşmiş digər ölkələrdə müşahidə olunmayıb. Sizcə bunun səbəbi nədir?
— Uzun illərdir Azərbaycan xalqı sabitlik, əmin-amanlıq içində yaşayır, cəmiyyətdə heç bir kataklizm, kəskin neqativ dəyişiklik baş verməyib və bunun üçün zəmin də mövcud deyil. Düşünürəm ki, insanlar ilk günlərdə neftin qiymətinin aşağı düşməsini və devalvasiyanı hansısa neqativ prosesin başlanğıcı kimi qəbul etdi və daha çox psixoloji amillərin təsiri altına düşdülər. Belə hallarda bir qayda olaraq kütlə psixologiyası üzə çıxır. Cəmiyyət başqa ölkələrdə baş verən ağrılı siyasi, iqtisadi və sosial proseslərin Azərbaycanda təkrar olunmasını istəmir. Üstəlik, daxildən və xaricdən bəzi qüvvələr bədbin ssenarilər cızmağa və bunu ictimai rəyə təlqin etməyə çalışdılar. Lakin bir tərəfdən hakimiyyətin çevik reaksiyası, digər tərəfdən də sağlam medianın fəallığı, aparılan təbliğat işi öz təsirini göstərdi. Hazırda cəmiyyətdə heç bir gərginlik və pessimist əhval-ruhiyyə müşahidə olunmur.
Burada məsuliyyət məsələsini də diqqətdən qaçırmamalıyıq. Qeyd edim ki, münaqişə zonasında baş vermiş insidentlərdən tutmuş hər hansı lokal bir hadisəyə kimi Azərbaycanda hər bir kiçik məsələ ilə bağlı xüsusilə internet mediada müxtəlif şayiələr, qeyri-obyektiv, hətta təxribatçı materiallar yayılır. Bunun əsas mənbəyi kimi də sosial şəbəkələr çıxış edir. Təəssüf ki, bir çox hallarda internet media sosial şəbəkələrdə yayılan bu tipli fərdi məlumatları yoxlamadan tirajlamağa başlayır və ictimai rəyi çaşdırır. Bununla yanaşı, bəzi internet saytları ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə, xüsusi həssaslıq tələb edən hallarda sanki düşmən mövqeyi tuturlar. Uzağa getmək lazım deyil, elə devalvasiyadan sonra bəzi saytlar Azərbaycanda "xalq etirazının" başlandığını, xarici "ekspertlərə" istinadən Azərbaycanın bu vəziyyətdən çıxa bilməyəcəyini iddia etdilər. Bir sıra hallarda isə dolların kursunun astronomik səviyyəyə qalxacağını, xarici şirkətlərin Azərbaycanı artıq tərk etdiyi, investisiya siyasətinin iflasa uğradığı və s. bu kimi əsassız fikirlərlə çıxış etdilər. Bu, dövlətə və xalqa qarşı açıq düşmənçilik mövqeyidir və yolverilməz haldır. Ola bilər ki, belə hallara yol verilməməsi üçün həm qanunvericilik qaydasında, həm də praktiki sahədə bir sıra addımlar atılsın.