BAKI, 5 yan-Sputnik. "2016-cı ildə neftin qiymətində bahalaşma gözləmirəm, əksinə ucuzlaşma olacağını düşünürəm. Çünki, ABŞ da nəhayət ki, öz neftini dünya bazarına çıxardı. İran da neftini dünya bazarına çıxardır".
Bu fikirləri Sputnik-ə açıqlamasında millət vəkili Vahid Əhmədov səsləndirib. Deputatın fikrincə, son günlərdə Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan siyasi böhran da neftin qiymətinə önəmli təsir göstərməyəcək.
Milli valyutamızın dəyəri ilə bağlı məsələyə gəldikdə, V.Əhmədov bildirdi ki, artıq 2015-ci ildə iki dəfə devalvasiya baş verib və üçüncü devalvasiya birbaşa neftdən asılıdır: "Yəni neftin qiymətində enmələr baş verərsə, devalvasiya mümkündür. Yox əgər neftin qiymətində azalmalar olmasa, artmalar olarsa, ola bilər devalvasiya olmasın".
Sputnik-ə açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramlı isə deyib ki, neftin bazar qiyməti birbaşa dünya bazarına çıxarılan neftin həcmindən asılıdır: "Nəzərə alsaq ki, gündəlik istehlak 94 milyon bareldir, amma dünya bazarına hər gün 97 milyon bareldən artıq neft çıxarılır. Neft 40 dollardan aşağı olduqda Maliyyə Nazirliyinin hazırladığı pessimist ssenari üzrə hökumət öz fəaliyyətini qurmalıdır".
Ekspertin sözlərinə görə, 2016-cı ildə dünya bazarında neftin qiyməti 40 dollar və daha az olarsa, bu, tədiyyə balansına təsir göstərəcək: "Bu, Mərkəzi Bankın yenidən 2016-cı ildə devalvasiyaya gedəcəyindən xəbər verir. Çünki, Mərkəzi Bankın rezervləri də artıq 1 milyard dollara qədər azalıb. Amma hansı hallarda Mərkəzi Bank, bütövlükdə hökumət devalvasiyadan yayına bilər? Nəzərə alsaq ki, ölkənin xarici borcu hazırda 7,6 milyard dollardır, bu, ümumi daxili məhsulun 20 faizi deməkdir. Bu baxımdan hazırda mövcud borc sistemini nəzərə alsaq, Azərbaycan hökumətinin əlavə 10 milyard dollar borc alma imkanları var".
V.Bayramlı hesab edir ki, bu addım imkan verəcək ki, cari tələbi xarici borclar hesabına ödəmək mümkün olsun: "Hansı ki, bir sıra inkişaf etməkdə olan ölkələr bu praktikadan istifadə ediblər. Eyni zamanda, xarici borclar cari tələbi ödəyəcək. Bu da imkan verəcək ki, devalvasiyadan qaçmaq mümkün olsun və ölkədə olan valyutanın həcmini artırmaq mümkün olsun. Eyni zamanda, xüsusən xarici ticarət daxil olmaqla, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması ilə nəticələnən geniş islahatların aparılmasına ehtiyac var. Çünki, islahatlar strateji baxımdan ölkəyə valyutanın daxil olmasına imkan yaradacaq. Xüsusən monopoliyanın aradan qaldırılması imkan verəcək ki, ölkəyə daxil olan idxal məhsullarının qiymətlərində azalmalar olsun. Qiymətlər aşağı düşsün. Bu həm də kiçik və orta sahibkarlığın inkişafını stimmullaşdıracaq".
Qeyd edək ki, 2015-ci il dekabrın 21-dən Mərkəzi Bank üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bu qərardan sonra dolların manata qarşı rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşıb.