BAKI, 20 dek — Sputnik. Bakıda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində dollar qıtlığı yaşanmağa başlayıb. Fins.az-ın verdiyi xəbərə görə, valyutadəyişmə məntəqələri ABŞ valyutasının satışını məhdudlaşdırıblar.
Məntəqələrin qiymət siyahısında isə dolların manata nisbəti, adi günlərlə müqayisədə 1 qəpik artıq göstərilir. Yəni, alış qiyməti 1,06 manat, satış qiyməti isə 1,07 manat. Eyni vəziyyət ölkənin üçüncü böyük şəhəri olan Sumqayıtda yaranıb. Burada bəzi valyutadəyişmə məntəqələrində dolların satış qiyməti hətta 1,08 manat göstərilir.
“2016-cı ildə Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini kəskin artırması məzənnənin tənzimlənməsi ilə əlaqədar FES-in siyasərtinə istiqamətlənmiş Azərbaycan üçün qəbuledilməzdir”. Bunu Trend-ə “Saxo Bank”ın Strategiyalar şöbəsinin müdiri Con Hardi deyib.
“FES-in faiz dərəcələrini artırmasının Azərbaycan manatına təsiri ilk növbədə faiz dərəcələrinin artım tempindən və neftin qiymətlərindən asılı olacaq. Manat artıq hazırda növbəti devalvasiya təhlükəsi altındadır, çünki ötən devalvasiyadan sonra neftin qiymətləri xeyli azalıb. Bu təzyiq neftin qiymətləri artsa, zəifləyə bilər, lakin 2016-cı ildə faiz dərəcələrinin artımı çox güman ki, Azərbaycan üçün qəbuledilməz olacaq”, deyə Hardi bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2016-cı ildə milli valyutanın daha böyük devalvasiyasına hazırlaşmalıdır: “Yəqin ki, bu devalvasiya 2014-cü ilin sonu 2015-ci ilin əvvəlindəki miqyasda olmayacaq, çünki neftin qiymətləri 2016-cı ilin əvvəlində özünün minimum səviyyəsinədək düşəcək”.
Qeyd edək ki, dekabrın 16-da ABŞ Federal Ehtiyat Sistemi (FRS) dolların baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırdı.