BAKI, 11 iyul — Sputnik. Bu gün "Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour"un blits turnirində son 9 turun partiyaları oynanılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov startda fransalı Maksim Vaşye-Laqrav ilə görüşəcək. Sonrakı qarşılaşmalarda rusiyalı Yan Nepomnyaşi, niderlandlı Jorden Van Forest, Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk, polşalı Yan-Kşıştof Duda, eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov, ukraynalı Anton Korobov, daha bir keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək təmsilçimiz günün son görüşünü niderlandlı Aniş Giriyə qarşı keçirəcək.
Şahmatçımız ötən 9 turun nəticəsinə görə, 4 xal toplayıb.
Qeyd edək ki, bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticələrə görə Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb. Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.
Xatırladaq ki, ötən gün Xorvatiyanın paytaxtı Zaqrebdə Grand Chess Tour-un blits turniri çərçivəsində Şəhriyar Məmmədyarov ilk görüşdə fransalı Maksim Vaşye-Laqrava məğlub olub. Daha sonra rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib.
Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda 13-cü dünya çempionu, Rusiyanı təmsil edən bakılı Harri Kasparov üzərində cəmi yeddi gedişə qələbə qazanıb.
Məmmədyarovun aktivində 7,5 xal var və rusiyalı Aleksandr Qrişukla 6-7-ci yerləri bölüşür. Yarım xal yığan Kasparov sonuncu yerdədir. Faransalı Maksim Vaşye-Laqrav 9,5 xalla birincidir.
Həmçinin oxuyun:
* Şəhriyar Məmmədyarov: "Kasparov dahi şahmatçıdır, biz isə tarixin bir parçası"