BAKI, 24 iyun — Sputnik. Sputnik Azərbaycan xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bir turnir çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşacaq.
Belə ki, "Grand Chess Tour" seriyasının təşkilatçıları iyulun 5-dən 12-nə kimi Zaqrebdə (Xorvatiya) keçiriləcək üçüncü turnirin iştirakçılarının siyahısını açıqlayıb. Turnir iştirakçıları arasında həm Şəhriyar Məmmədyarov, həm də digər yarış iştirakçıları ilə eyni şərtlər altında oynayacaq keçmiş dünya çempionu Harri Kasparovun adı var.
Qeyd edək ki, bu, Məmmədyarovun Azərbaycan şahmat məktəbinin yetirməsi olan Harri Kasparovla şahmat lövhəsi qarşısında ilk qarşılaşması olacaq. İndiyə kimi Azərbaycanlı şahmatçılardan yalnız Teymur Rəcəbov 13-cü dünya çempionu ilə oynayıb və müsbət xal toplayıb. Rəcəbov Kasparov üzərində yeganə və əfsanəvi qələbəsini 2003-cü ildə Linaresdə (İspaniya) keçirilən superturnir çərçivəsində qazanıb. Həmin vaxt şahmatçımızın cəmi 15 yaşı var idi.
Xorvatiyada keçiriləcək turnirə qayıtsaq, qeyd etmək lazımdır ki, bu şahmat yarışında Maksim Vaşe-Laqrav (Fransa), Yan Nepomnyaşi, Aleksandr Qrişuk (hər ikisi Rusiyanı təmsil edir), Aniş Qiri, Yorden Van Forest (hər ikisi Hollandiyanı təmsil edir), Vişvanatan Anand (Hindistan), İvan Sariç (Xorvatiya), Anton Korobov (Ukrayna) və Yan Kşiştof Duda (Polşa) iştirak edir.
Xatırladaq ki, Məmmədyarov "Grand Chess Tour" seriyasından ilk turnirin – Buxarestdə keçirilən "Supеrbet Chess Classic"-in qalibi olub. Turnir çərçivəsində şahmatçımız Konstantin Lupulesku (Rumınya), Levon Aronyan (Ermənistan) və Fabiano Karuanaya (ABŞ) qalib gəlib.